Həkim kosmetoloq
Həkim kosmetoloq – tibbi kosmetologiya sahəsində çalışan mütəxəssisdir. O, pasiyentin üz və bədən hissəsindəki estetik qüsurların korreksiyası ilə məşğul olur. Bir çox estetik və kosmetoloji prosedurları yerinə yetirir.
Həkim kosmetoloq kimdir?
Kosmetologiya – insanın estetik problemlərini öyrənən və onların həlli yollarını araşdıran elmdir. Həkim kosmetoloqlar estetik qüsurları korreksiya etməklə yanaşı, bu problemləri yaradan səbəbləri də aydınlaşdırır.
Həkim kosmetoloq aşağıdakı patologiyaları diaqnostika və korreksiya edir:
- Sızanaq xəstəliyi, akne, komedon, lipodistrofiya (sellülit);
- Üzdə gənə, göbələk xəstəliyi;
- Ziyil, papilloma, xallar;
- Döyənəklər, çapıqlar;
- Artıq çəki, dəri çatları (striyalar);
- Dəridə xoşxassəli törəmələr;
- Dərinin patoloji dəyişikliyi;
- Saç tökülməsinin müalicəsi;
- Dərinin yaşla bağlı dəyişiklikləri.
Həkim kosmetoloq peşəsinin əsas xüsusiyyətləri
Kosmetoloqlar şərti olaraq, aşağıdakı qruplara bölünür:
- Kosmetoloq–estetistlər. Masaj, pilinq, bürünmələr, depilyasiya, saç, dırnaq və dəriyə qulluq prosedurlarını yerinə yetirir. Bu zaman dəri örtüyünün bütövlüyünü pozmayan vasitələrdən istifadə edir.
- Kosmetoloq-vizajist. Estetistlər kimi fəaliyyət göstərməklə yanaşı, müştərilərə makiyaj da edirlər.
- Həkim kosmetoloq (dermatoloq-kosmetoloq). Kompleks tibbi manipulyasiyaların icrası, pasiyentin dəri qüsurlarının diaqnostikası, laborator analizlərin təhlili, dərman preparatlarının təyini ilə məşğuldur. Həkim kosmetoloq yuxarıdakı 2 qrupdan fərqli olaraq, mütləq ali tibbi təhsili almalıdır. O, həmçinin dermatit və dermatozları müalicə edə bilir. Dəri örtüyünün tamlığını pozan prosedurları yerinə yetirmə səlahiyyəti vardır. Bunlara üz dolğusu, burun dolğusu, dodaq dolğusu, gözaltı işıq dolğusu, yanaq dolğusu, mezoterapiya, botoks, biorevitalizasiya, lazerlə bir çox estetik müdaxilələr, saç əkilməsi, PRP terapiya, plazmolifting, regenlab prp aiddir.
- Plastik, estetik cərrah (cərrah-kosmetoloq). Mürəkkəb cərrahi müdaxilələri yerinə yetirməyi bacaran ali tibb təhsilli mütəxəssisdir. Burun formasının, anadangəlmə qüsur sayılan dovşandodaqlığın korreksiyası, üz gərmə, mammoplastika və s. kimi əməliyyatları icra edir.
Bu təsnifatı Sizi maarifləndirmək, həkim-kosmetoloqla adi kosmetoloqun fərqini anlamağınız üçün qeyd etdik.
Həkim-kosmetoloqun üzərinə düşən öhdəliklər
Bu mütəxəssis daim öz üzərində işləməli, yeni kosmetik məhsullardan xəbərdar olmalıdır. Hər bir müştəriyə uyğun prosedur seçməyi və onu yüksək dəqiqliklə icra etməyi bacarmalıdır. Bu peşə yüksək məsuliyyət və bacarıq tələb edir.
Xülasə
Kosmetoloq-estetist, kosmetoloq-vizajistlərin ali tibbi təhsili olmaya bilər. Lakin həkim kosmetoloqun, cərrah kosmetoloqun ali tibbi təhsilli olması zəruridir.