Sızanaq

27 Noyabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 4489
Sızanaq foto
5/5 - (1 səs)

Sızanaq xəstəliyi və ya akne əksərən cavanlarda rast gəlinir. Çirkli ekologiya, tez hazırlanan qidalar (fastfood), şirniyyatlar, hormonal pozğunluq və digər faktorlar piy vəzilərinin aktivliyini artırır. Nəticədə sızanaq yaranır. Səpkilər əsasən üz nahiyəsində əmələ gəlir. Bəzən onlara bədəndə də təsadüf edilir.

Sızanaq niyə yaranır?

Sızanaq əksərən hormonal fonun yenidən qurulması zamanı müşahidə olunur. Bura yeniyetməlik dövrünü misal gətirmək olar. İnsan həyatının bu mərhələsində hormonlar xeyli aktivləşir. Həmçinin qadınlarda hamiləlik zamanı və aybaşı tsiklinin müəyyən fazalarında da üzdə sızanaq səpkiləri formalaşır. Bunlar fizioloji amillər sayılır.

Patoloji səbəblər isə xarici və daxili faktorlarla əlaqəlidir. Belə ki, şəxsi gigiyenanın pozulması, keyfiyyətsiz kosmetik vasitələrin istifadəsi, stress halları sızanaqların yaranmasına təkan verir. Daxili amillərə isə endokrin pozğunluqları, bağırsaq problemləri aiddir.

Sızanaq foto 1

Sızanağın hansı formaları vardır?

Mütəxəssislər sızanağın komedon, papula, pustula, düyünlü-kistoz, ildırımsürətli formalarını ayırd edirlər.

Komedon

Sızanağın ilkin formasıdır. Ağ rəngli komedon dəri məsaməsini bağlayan piy tıxacıdır. Ona el arasında qara nöqtələr deyilir. Komedon növbəti mərhələlərdə yaranan iltihabın əsas səbəbidir. Qara rəng komedonun səthindəki dəri piyinin oksidləşməsinin əlamətidir.

Tıxac məsamənin yuxarı hissəsində əmələ gəldikdə açıq komedon adlanır. Sızanağın bu forması maye dolu qabarcıq şəklində təzahür edir və asanlıqla aradan qalxır. Bağlı komedon məsamənin dərin qatlarında yerləşir. Dəridə kürəşəkilli, sərt konsistensiyalı, ağ rəngli sızanaq şəklində özünü büruzə verir. Onun infeksiyalaşması papula ilə nəticələnir.

Papula

Artıq formalaşmış sızanaqdır. Papula iltihablaşdıqda əllə toxunuş ağrılı olur. Onun rəngi qırmızıdan göyümtül çalara qədər dəyişir. Üzərindən basdıqda ağarır, daha sonra yenidən qanla dolduğundan qızarır.

Sızanaq foto 2

Pustula

Onun birincili, eləcə də papuladan əmələ gələn ikincili formaları mövcuddur. Papuladan daxili möhtəviyyatının irinli olması ilə fərqlənir. Sızanağın səthində görünən ağ rəngli nöqtə məhz irindir. Papula və pustula məişətdə “qırmızı sızanaq” adlanır.

Düyünlü-kistoz sızanaq

Pustulanın ağır forması olub, dermanın dərin qatlarına nüfuz edir. Onlara tək-tək deyil, çox sayda rast gəlinir. Sızanaqlar fistul axacaqları vasitəsilə öz aralarında birləşirlər. Onlar həddindən artıq ağrı ilə müşayiət olunurlar. Belə vəziyyətlərdə ciddi sistem müalicəsi gərəkdir.

İldırımsürətli sızanaq

Xəstəliyin ən ağır formasıdır. Səpkilər dərinin böyük bir hissəsini əhatə edir. Pasiyentlərdə yanaşı olaraq, əzələ və sümük ağrıları, qızdırma, qanın leykositar formulunun dəyişməsi qeydə alınır. Bu forma təxirəsalınmaz tibbi yardım tələb edir.

Sızanaq foto 3

Sızanağın inkişaf mərhələləri

Səpkilərin formasından asılı olaraq, xəstəliyin inkişafı 4 mərhələyə bölünür:

1-ci mərhələ. Üzün bir hissəsi (məsələn, alın və ya çənə) zədələnir. Adətən komedon səpkisi, nadir hallarda isə papula və ya pustulalar aşkarlanır.

2-ci mərhələ. 1-ci mərhələdən səpkilərin sayına görə fərqlənir. Üzün daha çox hissəsi, bəzən bədən də sızanaqlarla örtülür. Səpkilər 1-ci mərhələdə olduğu kimi komedonlar, tək-tək papula və pustulalardan ibarət olur.

3-cü mərhələ. Komedonlarla yanaşı papula və pustulalar da çoxluq təşkil edir. İltihabi proses parlaq şəkil alır. Dərinin qaşınması və qızartı mümkündür.

4-cü mərhələ. Ən ağır dövr sayılır. İri ölçülü (5 mm-dən böyük), göyümtül-qırmızı rəngli sızanaqlar dermanın dərinliklərinə sirayət edir. Dəridə çuxura bənzəyən çapıqlar (izlər) buraxırlar.

Sızanaq xəstəliyinin müalicəsi

Dermatoloqhəkim kosmetoloqlar sızanaqları ev şəraitində sıxmağı qadağan edirlər. Həkimə getmək imkanınız olmadıqda anti akne vasitələrdən, sızanaqlar üçünqara nöqtələr üçün üz maskalarından istifadə edə bilərsiniz.

Lakin sızanaqlardan tamamən azad olmaq üçün təbii ki, mütəxəssisə müraciət etməlisiniz. Həkim xəstəni müayinə etdikdən sonra müvafiq antiseptik və antibakterial mazlar, suspenziyalar, kremlər məsləhət görür. Bununla yanaşı vəziyyətdən asılı olaraq, evdə hazırlanılan və ya hazır şəkildə satılan səpkilər üçün üz maskaları tövsiyə edir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir