Dərinin qaşınması
Qaşınma dəri ilə bağlı ən çox rast gəlinən şikayətlərdəndir. Bu subyektiv hissiyyat fizioloji və patoloji olur. Fizioloji forma adekvat qıcıqlandırıcılara, məsələn, ağcaqanad dişləməsinə cavab olaraq, yaranır. Patoloji qaşınma isə sinir sisteminin reaktivliyinin artması nəticəsində baş verir.
Dərinin patoloji qaşınması adətən qida və ya dərman allergenlərinə qarşı həssaslığın yüksəlməsi ilə bağlıdır. Həmçinin xroniki patoloji qaşınma qaraciyər, mədə-bağırsaq traktı, maddələr mübadiləsinin müxtəlif xəstəlikləri fonunda meydana çıxa bilər. Bir sıra hallarda dərinin qaşınması dermatozların (övrə, atopik dermatit və s.) əlaməti sayılır.
Dərinin qaşınması və onun növləri
Yayılma dərəcəsinə görə qaşınma lokalizəolunmuş (məhdud sahədə yaranan) və diffuz (generalizəolunmuş) formalara bölünür. Axırıncı forma differensiasiya baxımından çətinlik törədir. Onun əsasında dərinin quruluğu kimi sadə səbəblər və ya gizli limfoma, endokrin pozğunluqlar qismində ciddi amillər dayana bilər. Belə hallarda dermatoloqa, yəni dəri həkiminə müraciət etməklə, düzgün müalicə almaq lazımdır.
Dərinin qaşınması nə ilə bağlıdır?
Qaraciyər və öd yolları xəstəlikləri
70-90% hallarda dərinin qaşınması xolestaz (öd durğunluğu), öd daşı xəstəliyində müşahidə edilir. Həmçinin qaraciyər sirrozu, xroniki hepatiti olan xəstələrin 10-40%-i qaşınmadan əziyyət çəkir.
Böyrək problemləri
Böyrək çatışmazlığı diaqnozu qoyulmuş, xüsusilə hemodializə ehtiyac duyan şəxslərin 77%-də dərinin qaşınması qeydə alınır.
Qalxanvari vəzin xəstəlikləri
Diffuz toksiki zobun müalicə prosesində xəstələrin əksəriyyəti dərinin qaşınması ilə qarşılaşdıqlarını bildirirlər.
Şəkərli diabet
Cinsi orqanlardakı qaşınmanın səbəbi qanda qlukozanın səviyyəsinin artması fonunda yaranan kandidoz, yəni göbələk xəstəliyidir. Başda dərinin qaşınması isə diabetik neyropatiyada müşahidə oluna bilər.
Qan xəstəlikləri
Həqiqi polisitemiya diaqnozu qoyulan pasiyentlərin 50%-i dəri qaşınmasından əziyyət çəkir. Limfaqranulomatoz hallarının 30%-i aşağı ətraflarda dərinin qaşınması ilə müşayiət olunur. Həmçinin qaşınma dəmir defisitli anemiya, limfoleykoz, paraproteinemiya, mastositoz zamanı yarana bilər.
Psoriaz
Psoriaz xəstəliyinin sürətli gedişində dərinin qaşınması və pulcuqlanma müəyyən edilir. Xəstəlik dəridə gec sağalan, quru ləkələrlə xarakterizə olunur.
Ekzema
Ekzemanın bir çox formalarında dərinin müxtəlif mənşəli qaşınmaları meydana çıxır. Məsələn, seboreyalı ekzemada göbələk, atopik formada isə allergik mənşəli qaşınma baş verir.
Helmintoz
Helmintoz – parazit qurdlar tərəfindən törədilir. Xəstələr adətən məişət yolu ilə yoluxur. Enterobioz üçün anal nahiyədə dərinin qaşınması xarakterik olduğu halda, askaridozda qurdun ifraz etdiyi toksin nəticəsində ümumi allergik reaksiya şəklində dəri qaşınması yarana bilər.
Qoturluq
Qoturluq gənəsi dərinin qaşınması və səpməsinə səbəb olur. Dəridə ikincili irinciklər də aşkarlana bilər.
Demodekoz
Üzdə gənə xəstəliyi, demodekoz mikroskopik ölçülü parazit gənə tərəfindən törədilir. Bu xəstəliyin əsas əlamətlərindən biri dərinin qaşınmasıdır.
Pedikulyoz
Bit mənşəli xəstəlikdir. Parazitin dişlədiyi yerdə dəri qaşınması və irinciklər əmələ gəlir.
Streptodermiya
Streptokokk impetiqosu – stafilokokk və streptokokk bakteriyaları tərəfindən yaranır. Bakteriya epidermisdəki zədədən dəri örtüyünə daxil olur, iltihab, dərinin qaşınması və səpkilərlə nəticələnir.
Herpes
Virusla yoluxma dəridə və selikli qişada səpki şəklində təzahür edir. Onun adi, genital, kəmərləyici dəmrov, çiçək xəstəliyi kimi növləri vardır. Əksər formalar üçün qaşınma səciyyəvidir.
Allergiya və övrə
Müxtəlif allergenlərə qarşı fərdi reaksiya özünü dəridə qaşınma və səpkilərlə biruzə verir.
Quru dəri
Dərinin kifayət qədər nəmləndirilməməsi pulcuqlar və qaşınma ilə sonlana bilər.
Vitamin və mineral çatışmazlığı
A, B, C, D vitaminləri, həmçinin dəmir və sink defisitinin əlamətləri sırasına dərinin qaşınması və qabıqlanması daxildir. Belə vəziyyətlərdə adətən sızanaqlar formalaşır.
Sadalanan amillərlə yanaşı psixogen mənşəli, həmçinin hamiləlik və klimaks dövründə dəridə qaşınma yarana bilər.
Dərinin qaşınması nə zaman peşəkar yardım tələb edir?
Aşağıdakı hallarda həkimə getmək zəruridir:
- dərinin qaşınması 14 gündən çox sürdükdə;
- yuxusuzluq və diskomfort müşahidə edildikdə;
- qaşınma bütün bədənə yayıldıqda;
- digər simptomlar: kəskin arıqlama, zəiflik, nəcis və sidiyin formasının dəyişməsi izlənildikdə.
Mütəxəssislər profilaktik məqsədlə aşağıdakıları tövsiyə edirlər:
- ildə ən azı 1 dəfə zəruri müayinələrdən keçin;
- dəri, infeksion, göbələk və daxili xəstəliklərinizi vaxtında müalicə edin;
- allergiyanız varsa imkan daxilində qıcıqlandırıcılarla təmasdan çəkinin;
- şəxsi gigiyena qaydalarına riayət edin;
- sağlam və balanslaşdırılmış qida rejiminə əməl edin;
- mütəmadi şəkildə dərini nəmləndirin;
- gün ərzində kifayət miqdarda su için.
Xülasə
Göründüyü kimi dəridə qaşınma müxtəlif səbəblərdən qaynaqlanır. Problemi kökündən həll etmək üçün mütləq həkim qəbuluna yazılın. Yalnız peşəkar mütəxəssis qaşınmanın səbəbini üzə çıxara və müvafiq müalicə təyin edə bilər.