Plazmalifting

29 Noyabr 2019 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 52305
Plazmalifting foto
4.4/5 - (41 səs)

Plazmalifting – orqanizmin təbii yolla cavanlaşmasına yönəldilmiş kosmetoloji prosedurdur. Onun digər adı PRP terapiyadır. Bu prosedur dəridaxili aparılır.

Plazmalifting haqqında

Yaş artdıqca toxumaların regenerasiyası zəifləyir, dəridə müxtəlif dəyişikliklər baş verir. İlk dəfə 70-ci illərdə regenerasiya prosesini sürətləndirmək məqsədilə yüksək miqdarda trombositdən ibarət plazmadan istifadə olunmuşdur. Plazmanın dərinin vəziyyətinə, tük follikullarına, sümüklərə və oynaqlara müsbət təsiri dəfələrlə sübut edilmişdir. Onun effekti trombositlər tərəfindən hüceyrələrin aktiv şəkildə bölünməsini stimulə edən xüsusi maddələr sintez etməsi ilə bağlıdır.

Plazmalifting necə icra olunur?

Prosedur pasiyentin öz qanından istifadə olunmaqla həyata keçirilir. Bu məqsədlə götürülən 45-60ml venoz qan sentrifuqaya göndərilir. Trombositlə zəngin plazma ayrılır və dəriyə yeridilir. Nəticədə qırışlar aradan qalxır, dəri tonuslanır, onun parlaqlığı, təravəti geri qayıdır. Həmçinin aknepiqment ləkələr azalır.

Prosedur ağrısız olduğundan anesteziyaya ehtiyac qalmır. Orta hesabla 1 saat davam edir. Effektin uzunmüddətli olması üçün müalicə kurs şəklində aparılır. Orta hesabla 7-10 günlük intervalla 3-5 prosedur tələb olunur. Ümumiyyətlə, prosedurların sayı fərdi qaydada təyin edilir.

Plazmalifting foto 1

Plazmolifting proseduruna göstərişlər

  • dəri problemləri;
  • üzün solğun görünüşü;
  • kiçik qırışlar, piqment və durğunluq ləkələri;
  • keçəllik.

Keçəllik zamanı 1-2 həftə fasilə verməklə, prosedur 3-4 dəfə təkrarlanır. Nəticədə tük follikulları stimulə olunur, saçların tökülməsi azalır, yeniləri çıxır.

Plazmalifting prosedurunun növləri

Adətən iynələr aşağıdakı hissələrə vurulur:

  • üz – dərini cavanlaşdırır, qüsurları örtür. Dərinin dartılması üçün yalnız gözətrafına plazma yeritmək olar.
  • boyun – qırışlar azalır, dəri nəmlənir, üz ovalı aydın nəzərə çarpır.
  • dekolte zonası – dərinin tonusunu artırır, parlaqlıq verir. Eritemaya bənzər səpkiləri aradan qaldırır.
  • baş dərisi – saçların vəziyyətini yaxşılaşdırır, keçəlləşmə ilə mübarizə aparır.

Plazmalifting foto 2

Plazmalifting inyeksiyalarının nəticəsi

Prosedurdan dərhal sonra nəticə hiss olunur. Bu liftinq proseduru olmasa da, inyeksiyalar sayəsində dərinin tonusu artır. Trixologiyada tətbiq edildikdə 3 aylıq kursdan sonra saçların tökülməsi dayanır, uzanması bərpa olunur.

Trombositar plazmanın aktiv hissəcikləri regenerasiya prosesini sürətləndirir, kollegenin aktivliyini yüksəldir. Prosedurun effektivliyini artırmaq üçün plazmanı vitaminlər, biopeptidlərlə zənginləşdirmək olar.

Plazmalifting proseduruna əks-göstərişlər

Prosedurdan öncə həkim konsultasiyası vacib sayılır. İynədən qorxursunuzsa, cavanlaşmaq üçün digər üsullardan istifadə edə bilərsiniz. 18 yaşdan kiçik, eləcə də hamilə və süd verən qadınlara Plazmalifting qadağandır.

Aşağıdakı hallarda proseduru təxirə salmaq məsləhətdir:

  • xroniki xəstəliklərin kəskinləşməsi;
  • irinli səpkilər;
  • qanın laxtalanmasının pozulması;
  • ağır formalı qaraciyər və böyrək xəstəlikləri.

Plazmaliftingin əlavə təsirləri

Bəzən pasiyentlərdə allergik reaksiyalar, inyeksiya nahiyəsində yüngül ödem, qızartı, herpesəbənzər səpkilər müşahidə oluna bilər.

Əgər xroniki xəstəliyiniz və ya mütəmadi şəkildə qəbul etdiyiniz hər hansı dərman vasitəsi varsa, bu barədə mütləq həkimi məlumatlandırın.

Plazmalifting foto 3

Plazmalifting prosedurundan əvvəl və sonra nələrə riayət edilməlidir?

  • prosedurdan 4 saat əvvəl qida qəbul etməyin;
  • 1 gün öncə yağlı yeməklər və alkoqoldan istifadə etməyin;
  • prosedura 2 saat qalmış 2 stəkan su və ya şirin çay için;
  • prosedur olunacaq gün səhər saatlarında 0,5-1 qram C vitamini qəbul edin;
  • inyeksiyadan sonra 12 saat ərzində makiyaj etməyin;
  • prosedurdan sonra 1 həftə ərzində sauna, hovuz, çimərlik və solyariyə getməyin.

Plazmalifting qiyməti

1 prosedurun qiyməti 50-100 AZN arasında dəyişir. Qiymət inyeksiyanın yeridildiyi nahiyədən, prosedurların sayından və digər faktorlardan asılıdır.

Xülasə

Plazmalifting istənilən dəri tipinə uyğundur. Prosedur tam steril şəraitdə aparılır. Pasiyentin öz qanından istifadə edildiyindən hər hansı xəstəliyə yoluxma riski olmur. Bu səbəbdən haqqında danışılan kosmetoloji prosedur təhlükəsiz sayılır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.4/5 - (41 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir