Gün ləkələrini necə aparmaq olar?
Yaz və yay aylarında günəşdən qorunmadıqda dəridə ləkələr əmələ gəlir. Bəs gün ləkələrini necə aparmaq olar? Bunun üçün bir sıra kosmetoloji prosedurlar və ev şəraitində edilən maskalar mövcuddur. Gəlin onlarla tanış olaq.
Gün ləkələrini necə aparmaq olar – Kimyəvi pilinq
Dəriyə AHA turşuları, C vitamini, retinol və antioksidantlardan ibarət qarışıq çəkilir. Turşular ləkə sahəsində dərinin buynuz qatını qopararaq, yeni hüceyrələrin yaranmasını stimulə edirlər.
Prosedurun üstünlüklərinə uzunmüddətli effekt, münasib qiymət və ləkə ilə birgə çapıqların da itməsi aiddir. Kimyəvi pilinqin çatışmazlığı prosesin 2 aya qədər uzun vaxt tələb etməsidir.
Gün ləkələrini mezoterapiya ilə necə aparmaq olar?
Mezoterapiyanın klassik (iynə ilə) və qeyri-invaziv (aparatla) formaları vardır. Prosedurun mahiyyəti dermaya vitamin, turşu və antioksidant kokteylinin yeridilməsindən ibarətdir. Bu qarışıq dərinin regenerasiyasına, melanin sintezinin normaya düşməsinə səbəb olur.
Gün ləkələrini necə aparmaq olar – Lazerlə cilalanma
Piqment ləkələri aradan qaldıran ən effektiv prosedurdur. Lazer piqmenti dağıdır, nəticədə ləkə sahəsi ağarır və 1 ay ərzində dərinin təbii rəngini alır. Adətən 1-3 seans tələb olunur. Nəticə ömürlükdür.
Gün ləkələrini necə aparmaq olar – Fototerapiya
Fototerapiyanın prinsipi lazerlə cilalanmada olduğu kimidir. İşıq şüası hiperpiqmentasiya zonasında udulur, piqment dağılır və defekt olan hissə ağarır. Prosedur ağrısız keçir. Ləkələrin tam itməsi üçün 5-10 seans lazım gəlir.
Gün ləkələrini ev şəraitində necə aparmaq olar?
Kosmetoloji prosedurlara imkanı olmayanlar evdə xalq təbabəti üsullarına əl atırlar. Onlar arasında aşağıdakı reseptlər daha məşhurdur:
- Cəfəri maskası. Göyərti şirəsini bal və limon suyu ilə qarışdırıb, ləkələrin üzərinə çəkin. 20 dəqiqə gözlədikdən sonra yuyun. Maskanı səhər və günorta saatlarında edib, küçəyə çıxmaq olmaz. Belə ki, cəfəri fotohəssaslığı artırdığından günəş şüalarının təsirindən çillər yaranır.
- Xiyar suyu. Bu tərəvəz piqment ləkələrini ağardır, məsamələri daraldır, tonuslandırıcı təsir göstərir.
- Sitrus meyvəsinin şirəsi. Limon və laymın tərkibindəki meyvə turşuları salonlardakı kimyəvi pilinq kimi təsir edir. Onlar buynuzlaşmış hüceyrələri qoparır, dəri tonunu bərabərləşdirir, məsamələri daraldır. Bunun üçün limon və ya laym dilimini 15 dəqiqə müddətində ləkənin üzərinə qoyun. Vaxt bitdikdə dərinizi su ilə yuyun.
- Qatıq maskası. Süd turşusu dərini qidalandırır, nəmləndirir və ən əsası ləkələrlə mübarizə aparır. Maskaya bal əlavə etdikdə təsiri daha da güclənir. Qarışığı üzdə 20 dəqiqə saxladıqdan sonra yuyun və dərinizə nəmləndirici krem çəkin.
Ev şəraitində edilən maskalar ucuz başa gəlsə də onların təsiri zəif olur. Ən düzgün çıxış yolu həkim-kosmetoloqun müayinəsindən keçib, onun məsləhətlərinə əməl etməkdir.