Dəmirov

05 Dekabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 53107
Dəmirov foto
4.3/5 - (45 səs)

Dəmirov – dəri xəstəliyi olub, adətən virus və ya göbələklər tərəfindən törədilir. Bəzi formaların etiologiyasını aşkar etmək mümkün olmur. Uşaqlar, eləcə də xroniki xəstəliklərdən əziyyət çəkən, zəif immunitetə malik böyüklər risk qrupuna daxildir.

Dəmirov hansı əlamətlərlə təzahür edir?

Patologiyanın klinik şəkli törədicinin tipindən asılıdır. Ümumilikdə, xəstəlik üz nahiyəsində və bədəndə kiçik ölçülü düyünlər, həmçinin ləkələrlə xarakterizə edilir. Bəzi dəmirov növlərində kəpəklənən səpkilər meydana çıxır. Dəri elementləri qaşınma ilə müşayiət olunur. İnkubasiya dövrü xəstəliyin formasına uyğun olaraq, bir neçə gün və ya həftələrlə davam edir.

Dəmirovun formaları

Saçqıran dəmirov

Göbələk mənşəlidir. Ona uşaqlar arasında daha çox təsadüf edilir. İnfeksiyaya təmas yolu ilə yoluxmaq mümkündür. Dəmrovun bu növü üçün çəhrayı və ya qırmızı rəngli dairəvi ləkələr səciyyəvidir. Ləkələr (səpkilər) üz, boyun, əllər, çiyin və başın tüklü hissəsində əmələ gəlir. Axırıncı halda səpki olan nahiyədə tüklər tökülməyə başlayır. Müalicə gecikdirildikdə proses yayılaraq, fəsadlaşır.

Dəmirov foto 1

Əlvan dəmirov

Törədicisi göbələklərdir. Daxili orqanların xroniki patologiyalarının aşkarlandığı və çox tərləyən şəxslərdə daha sıx qeydə alınır. Yoluxma infeksiya mənbəyi ilə təmas zamanı baş verir. Səpkilər ayaq, əl və baş istisna olmaqla, bədənin müxtəlif nahiyyələrində formalaşır. Səpkinin ölçüsü bir neçə sm-ə çata bilər. Xəstəlik uzunmüddətli (illərlə davam edən) gedişə malikdir.

Çəhrayı dəmirov

Mənşəyi tam aydınlaşdırılmamışdır. Bəzi alimlərin fikrincə xəstəliyə 7-ci tip herpes virusu (HSV 7) səbəb olur. Qaşınan və kəpəklənən çəhrayı ləkələr qarın, kürək və sinə nahiyəsində nəzərə çarpır. Soyuq aylarda, fəsil dəyişən vaxtlarda yoluxma halları artır. Onu da qeyd edək ki, xəstəliyin bu formasına yaşlılarla müqayisədə cavanlar daha həssas sayılır.

Dəmirov foto 2

Qırmızı yastı dəmirov

Etiologiyası naməlumdur. Dəri və selikli qişalarda lokalizasiya olunan xroniki xəstəlikdir. Belə şəxslərin dərisində qırmızı-bənövşəyi, selikli qişalarda isə ağımtıl–boz rəngli çoxsaylı səpkilər müəyyən edilir. Həzm sistemi xəstəliklərindən, şəkərli diabetdən əziyyət çəkən, həmçinin 30-60 yaş arası şəxslər risk qrupundadır.

Kəmərləyici dəmirov

Herpes virusu tərəfindən törədilir. Digər formalardan fərqli olaraq, bu növ üçün ağrı sindromu xarakterikdir. Səpkilər qabırğaaltı sinirlər boyunca yayılır. Onlar daxilində maye olan qovuqcuqlar şəklində təzahür edir. Səpkilər formalaşdıqdan bir neçə gün sonra partlayır. Onların yerində qabıq əmələ gəlir. Müalicə olunmayan formalar sağlamlıq üçün təhlükəli hesab edilir.

Pullu dəmirov

Pullu dəmirova bəzən el arasında psoriaz da deyilir. Bu formaya tutulan xəstələrdə kəpəklənən səpkilərə əsasən iri oynaqların dərisində rast gəlinir. Xəstəlik xroniki xarakter daşıyır.

Dəmirov foto 3

Dəmirovun müalicəsi

Səpkilər və ləkələrlə qarşılaşdıqda vaxt itirmədən dəri həkimi, yəni dermatoloqun konsultasiyasından keçmək lazımdır. Həkim tərəfindən diaqnoz dəqiqləşdirildikdən sonra spesifik müalicə təyin olunur.

Xəstəliklə mübarizədə əsasən mazlardan istifadə edilir. Müalicə sxemi dəmirovun formasına uyğun şəkildə tərtib edilir:

  • Çəhrayı dəmirov – antihistaminlər və immunostimulyatorlar. Həmçinin gündəlik rasiondan allergik reaksiyaya səbəb ola biləcək qida məhsullarının kənarlaşdırılması;
  • Saçqıran dəmirov – antihistamin preparatlar, kortikosteroid mazlar;
  • Qırmızı yastı dəmirov – yerli və ya sistem təsirli qlikokortikosteroidlər;
  • Əlvan dəmirov – göbələkəleyhinə vasitələr (tablet və mazlar);
  • Kəmərləyici dəmirov – virus əleyhinə mazlar, analgetiklər, diuretiklər, immunomodulyatorlar;
  • Pullu dəmirov – göbələk əleyhinə mazlar.

Xəstəliyin formasından asılı olaraq virus və ya göbələk əleyhinə, kükürdlü-salisil turşusu, kortikosteroid tərkibli mazlara üstünlük verilir. Dəmirovun bütün formalarını müalicə edən vahid preparat yoxdur.

Xülasə

Özünüzü soyuqlamadan qoruyun, xroniki xəstəlikləriniz varsa, onları aradan qaldırın, eləcə də şəxsi gigiyena qaydalarına əməl edin. Unutmayın ki, xəstəlik nə qədər tez aşkarlanarsa, onun müalicəsinə bir o qədər az zaman və məsrəf sərf olunar.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.3/5 - (45 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir