Dəmirovun növləri

11 Yanvar 2020 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 13038
Dəmirovun növləri foto 4
4.4/5 - (12 səs)

Dəmirov – dəri örtüyünü zədələyən infeksion xəstəliklər qrupudur. Onların törədiciləri əsasən virus və göbələklərdir. Xəstəlik əksər hallarda yoluxucudur. Dəmirovun növləri fərqli simptomatika ilə təzahür edir.

Dəmirovun əsas növləri

  • çəhrayı dəmirov və ya Jiber xəstəliyi
  • saçqıran dəmirov və ya trixofitiya
  • kəmərləyici dəmirov
  • əlvan dəmirov
  • qırmızı yastı dəmirov
  • pullu dəmirov
  • mikrosporiya – bu növü çox zaman saçqıran dəmrovla səhv salırlar. Törədiciləri müxtəlif cinsdən göbələklər olsa da, mikrosporiyanın əlamətləri trixofitiya ilə eynidir.

Dəmirovun növləri həm onları törədən mikroorqanizmlər, həm də müalicə sxeminə görə fərqlənir.

Dəmriovun növləri foto

Dəmirovun növləri – çəhrayı dəmrov

Çəhrayı dəmirov – dəri örtüyündə iri ölçülü, çəhrayı rəngli, pulcuqlanan ləkələrlə xarakterizə olunan xəstəlikdir. Ona 19-40 yaşlı şəxslərdə daha çox rast gəlinir.

Xəstəliyin səbəbi sona qədər aydınlaşdırılmamışdır. Alimlər çəhrayı dəmrovu HSV6, HSV7 tipli herpes virusları ilə əlaqələndirirlər. Həmçinin onun allergik mənşəli olması da istisna edilmir.

Əlamətləri

  • girdə və ya oval formalı açıq qəhvəyi, çəhrayı ləkələr yaranır;
  • ləkənin mərkəzində dəri quruyur, pulcuqlanır;
  • zamanla ləkələr böyüyür, yayılır, çəhrayı ocaqlar əmələ gətirir;
  • ləkələrin ölçüsü bir neçə santimetrə çata bilər;
  • xəstələrdə dərinin qaşınması müşahidə olunur.

Xəstəliyin tipik müalicəsi yoxdur. 6-8 həftəyə öz-özünə sağalır. Əlamətləri yüngülləşdirmək üçün dəri həkimi qaşınmaəleyhinə dərmanlar (maz, tablet) təyin edə bilər.

Dəmirovun növləri foto 5

Dəmirovun növləri – saçqıran forma

Əksərən uşaqlarda qeydə alınır. Dəmirovun bu növü göbələk mənşəli olub, ev heyvanları və xəstə insanlardan keçir. Başın tüklü hissəsi, üz nahiyəsi, çiyin və boyunda qırmızı və ya çəhrayı rəngli pulcuqlanan həlqəvari ləkələr nəzərə çarpır. Xəstəlik saçları kökündən zədələdiyindən onlar tökülməyə başlayır.

Əlamətləri

  • əvvəlcə dəri səthindən qabaran, dəqiq sərhədləri olan, çəhrayı rəngli 1 ədəd ləkə yaranır;
  • qabarma get-gedə böyüyür, qabıqlanmalar, qovuqcuqlar müşahidə olunur;
  • ləkənin mərkəzində ağımtıl pulcuqlar əmələ gəlir.
  • həmin nahiyədəki tüklər qırılaraq tökülür;
  • zədələnmiş hissədə qaşınma olur.

Müalicədən əvvəl dermatoloq xəstəliyin törədicisini aşkar etmək üçün müvafiq testlər aparır. Daha sonra kompleks müalicə təyin edir.

Dəmirovun növləri foto 3

Dəmirovun növləri – kəmərləyici forma

Törədicisi herpes virusudur. Qabırğaarasında lokalizasiya olunaraq, sinir boyunca yayılır. Xəstəliyə bədənin digər nahiyələrində iri sinir kökləri boyunca rast gəlinə bilər.

Əlamətləri

  • qabırğa proyeksiyasında qaşınma və ağrı. Əlamətlər adətən birtərəfli olur;
  • zamanla zədələnmiş nahiyədə daxilində şəffaf maye olan kiçik ölçülü qovuqlcuqlar formalaşır;
  • bir neçə gün sonra qovuqcuqlar partlayır, boşalır, yerində qabıq əmələ gəlir;
  • virus qabırğaarası sinirləri zədələdiyindən ağrı şiddətli olur.

Xəstələrin bir çoxu yuxusuzluq, narahatlıq, əsəbilik, qıcıqlanmadan şikayətlənir.

Dəmirovun növləri – əlvan forma

Epidermisin buynuz qatının xroniki xəstəliyidir. Dəridə pulcuqlanan çəhrayı, sarı-bozumtul rəngli ləkələrlə özünü büruzə verir. 25-35 yaşlı insanlarda daha çox rast gəlinir. Xəstəliyin törədicisi maya göbələyinəbənzər göbələklərdir – Pityrosporum ovale, Pityrosporum obriculare, Malassezia furfur.

Əlamətləri

  • müxtəlif forma və rəngə malik ləkələr müşahidə edilir. İri ölçülü ocaqlar əksərən oval və ya girdə forma olur. Xırda ləkələr birləşərək, böyük ocaqlar əmələ gətirir;
  • qışda çəhrayı və qəhvəyi ocaqlar tündləşdiyindən dərinin sağlam hissələrindən fərqlənir;
  • əlamətlər illərlə davam edir;
  • sonrakı mərhələlərdə zədələnmiş nahiyələr yaşıl-qəhvəyi rəngə çevrilir.

Dəmirovun növləri foto 2

Dəmirovun növləri – qırmızı yastı forma

Dərini, dırnaqları və selikli qişanı zədələyən dermatozdur. İstənilən yaş qrupunda aşkarlanır. Qadınlarda kişilərə nisbətən daha çox təsadüf olunur.

Xəstəliyin dəqiq inkişaf mexanizmi hələlik elmə məlum deyil. Alimlərin fikrincə qırmızı yastı dəmirovun əsasında müxtəlif immun və metabolik proseslərdəki pozğunluqlar dayanır.

Əlamətləri

  • dəridə çoxsaylı yastı qırmızı və bənövşəyi düyünlər əmələ gəlir;
  • selikli qişalarda düyünlər açıq-çəhrayı rəngdə olur;
  • dırnaqlar deformasiyalaşır;
  • ağız boşluğunda, cinsi orqanlarda boz və çəhrayı, yastı ləkələr əmələ gəlir;
  • xəstəlik güclü qaşınma ilə müşayiət olunur;

Qırmızı yastı dəmirov həlqəvari, eritematoz, ziyilə bənzər, eroziv-xoralı səpkilərlə təzahür edə bilər.

Xəstəlik özbaşına sağalır. Qaşınma güclü olduqda dermatoloq antihistamin dərmanların qəbulunu məsləhət görür.

Dəmirovun növləri foto 1

Dəmirovun növləri – pullu forma

Pullu dəmrovda əl, ayaq, ovuc, üz, başın tüklü hissəsi və bədənin digər nahiyələrində çəhrayı ləkələr müşahidə olunur.

Əlamətləri

  • dəridə girdə formalı, pulcuqlanan çəhrayı-qırmızımtıl səpkilər əmələ gəlir;
  • ağımtıl-boz pulcuqlar qopub tökülə bilir;
  • pulcuqlar böyüyərək, geniş sahəni əhatə edir, onların kənarları nahamar olur;
  • səpki itdikdən sonra yerində piqmentasiya qalır;
  • xəstəlik qaşınma ilə müşayiət olunur.

Pullu dəmrovu çox vaxt psoriaz adlandırırlar. Əslində psoriaz autoimmun-genetik mexanizmli sistem xəstəlikdir. O, oynaq patologiyaları yarada bilər. Dəmrov latınca “pityriasis”, psoriaz isə “psoriasis” adlanır. Bu xəstəliklər bir-birinə çox bənzəyir. Ancaq psoriazın beynəlxalq təsnifatında pullu dəmrov kimi adlandırma yoxdur. Psoriazın inkişaf mexanizmləri fərqlidir.

Xülasə

Dəmirovun növləri yalnız peşəkar həkim tərəfindən fərqləndirilə bilər. Düzgün diaqnozun qoyulması və müalicənin aparılması üçün mütəxəssisə müraciət edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.4/5 - (12 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir