Pullu dəmirov

16 Yanvar 2020 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 5536
Pullu dəmirov foto 2
4/5 - (8 səs)

Dəmirov – müxtəlif etiologiyalı səpkilərlə xarakterizə olunan dəri xəstəliyidir. Dəmirovun növlərindən biri pullu dəmirovdur. Bir çox mənbələrdə bu forma psoriaz kimi qeyd olunur. Əslində uzun illər boyu təsnifatlarda da öz əksini belə tapmışdır.

Alimlərin əksəriyyəti pullu dəmirovu psoriaz kimi qəbul edir. Yeni ortaya atılan iddialara görə pullu dəmrovun bir neçə klinik təzahürü vardır. Onlardan biri psoriaza bənzər gedişatdır.

Pullu dəmirov hansı səbəblərdən yaranır?

Xəstəliyin yaranmasında göbələk və virus infeksiyaları mühüm rol oynayır. Pullu dəmirov həmçinin vaskulyar, metabolik, neyro-endokrin pozğunluqlar fonunda inkişaf edə bilər. Bəzi alimlər genetik meylliliyi də istisna etmirlər.

Pullu dəmirov özünü necə büruzə verir?

Patologiyanın xarakterik əlamətlərinə asanlıqla soyulan parlaq gümüşü və ya ağ rəngli pulcuqlarla örtülmüş epidermal papulalar aiddir. Onlara hər 2 cinsin nümayəndələrində eyni tezlikdə rast gəlinir. Dəri səthində əsasən simmetrik yerləşən çoxsaylı kiçik papulalar, qovuqcuqlar əmələ gəlir.

Periferiya boyunca böyüməyə meylli olan qovuqcuqlar bəzən bədənin geniş sahəsini əhatə edir. Bu elementlər tədricən lövhəciklərə çevrilir. Onlar daraq, halqa və ya çələng şəklində olur. Zaman keçdikcə lövhələr qalınlaşır.

Pullu dəmirov foto

Pullu dəmirovun gedişatı

Xəstəlik üçün xroniki residivləşən (geri qayıdan) gediş xarakterikdir. Qış və yay aylarında hava ilə əlaqədar dəmirov kəskinləşə bilər. Bəzi xəstələrdə səpkilər sadəcə oynaqlarda və ya baş dərisində, digərlərində isə bədənin digər nahiyələrində müşahidə edilir. Səpkilər sürətlə yayılır. Xəstəliyin remissiya (sakitləşmə) dövrü bir neçə ay çəkir.

Pullu dəmirov yoluxucudur?

Yoluxucu deyil və əksər hallarda fəsadlara da səbəb olmur. Bəzən səpki sadəcə ayaqaltı və ovuclarda yerləşir. Kənarları haşiyəli yaralar və daha qabarıq səpkilər nəzərə çarpır. Bu halda xəstəliyi bakterial ekzemadan fərqləndirmək çətin olur. Başda yerləşdikdə isə dərinin qaşınması get-gedə şiddətlənir, seboreyalı dermatitdən çətin seçilir.

Pullu dəmirov foto 1

Pullu dəmirov necə müalicə olunur?

Kəskinləşmə mərhələlərində müalicə yerli krem, vitamin, kortikosteroidlər və iltihabəleyhinə dərmanlarla aparılır. Qətran, salisil turşusu, qarayağ, kükürd tərkibli məlhəmlərdən də istifadə olunur.

Pullu dəmirova qarayağın təsiri

Qarayağ – cavan ağacın üst hissəsindən, yəni oduncaqdan quru çəkmə üsulu ilə əldə olunan mayedir. Tərkibində benzol, fenol, toluen, təbii uçucu turşular var. Bu məhsuldan bir çox sahələrdə, o cümlədən tibbdə istifadə olunur.  Keçmiş zamanlardan bəri akne, ekzema, göbələk xəstəliyi, pullu dəmirov, psoriaz kimi xəstəliklərdə məlhəm və ya sabun formasında tətbiq edilir. Onu apteklərdən yağ və sabun şəklində əldə edə bilərsiniz.

Pullu dəmirov və psoriaz üçün aşağıdakı resepti faydalı sayılır:

  • su – 70 ml
  • qarayağ – 100 qram
  • doğranmış uşaq sabunu – 70 qram
  • araq -100 qram

İnqrediyentləri qarışdırıb, ilıq su ilə dolu vannaya tökün. 15 dəqiqə vannada oturun. Bu müddəti aşmayın.

Qeyd: təqdim olunan resept və dərmanlar maarifləndirmə məqsədilə yazılmışdır. Dəri həkimindən soruşmadan onları tətbiq etməyin.

Xülasə

Pullu dəmirov özbaşına müalicə edə biləcəyiniz və ya zamanla keçib-gedən xəstəlik deyil. Bu səbəbdən mütləq dermatoloqa müraciət edib, ətraflı müayinə olunun və onun nəzarəti altında müalicə alın.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4/5 - (8 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir