Ziyil
Ziyil dəridə yaranan xoşxassəli törəmədir. Onun törədicisi müxtəlif ştammlı papillomavirusdur. Ziyil məməcik və ya düyüncük formasında olur. İnsanlar bu virusa xəstə şəxslə cinsi əlaqə, təmas və ya onun işlətdiyi məişət əşyaları vasitəsilə yoluxur. Psixi travma, zəif immunitet, əl və ayaqların normadan artıq tərləməsi ziyilin inkişafına şərait yaradır.
Ziyilin növləri
- adi (vulqar);
- yastı (gənclik);
- itiuclu kondiloma;
- qocalıq ziyili.
Vulqar ziyil
Sərt, quru və ağrısız olub, məhdud sərhədlərə malikdir. Onun ölçüləri sancaq başından noxud böyüklüyünə qədər dəyişir. Səthi nahamardır. Bir neçə ziyil öz aralarında birləşib lövhələr əmələ gətirə bilər. Adi ziyil əksərən əldə inkişaf edir.
Vulqar ziyilin döyənəyəbənzər (mazolşəkilli) növü narahat ayaqqabının sıxdığı və bədənin daha çox tərlədiyi nahiyələrdə əmələ gəlir. Bərk və bozumtul rəngli döyənəkvari ziyil çox ağrılı olması, gəzərkən hərəkətə məhdudiyyət törətməsi ilə fərqlənir. Törəmə nəticəsində xəstə əmək qabiliyyətini itirə bilər.
Yastı və ya gənclik ziyili
Uşaqlarda və cavanlarda müşahidə olunur. Ziyilin bu növü qeyri-düzgün və ya yuvarlaq formalı olub, əlin üstündə, eləcə də üzdə əmələ gəlir. Yastı ziyil adətən cızıq və kəsik boyu formalaşaraq, dərinin qıcıqlanmasına gətirib çıxarır. Bədəndə aşkarlanan yastı ziyil papillomavirusun 14, 16, 27-ci ştammlarının təzahürü sayılır.
İtiuclu kondiloma
Kiçik ölçülü, çəhrayı rəngli düyünlərdir. Onlar birləşərək, yumşaq konsistensiyalı, nazik ayaqcıqlı çıxıntı əmələ gətirirlər. Kondilomaya daha çox cinsi və perianal nahiyələrdə, qasıq, xayaarası büküşdə təsadüf edilir. İnfeksiya cinsi əlaqə zamanı yoluxur. Həmçinin virus doğuş zamanı xəstə anadan uşağa keçə bilər.
Qocalıq ziyili
Adından bəlli olduğu kimi yaş dəyişikliyi fonunda yaranır.
Ziyil dərinin digər bədxassəli törəmələrinə bənzədiyindən onunla qarşılaşdıqda mütləq dermatoloqun müayinəsindən keçmək lazımdır.
Ziyilin müalicəsi
Müalicə medikamentoz (dərman) və ya cərrahi yolla aparılır.
Medikamentoz müalicə
Virusəleyhinə vasitələr və immuniteti möhkəmləndirən dərmanların tətbiqinə əsaslanır:
- tərkibində turşu olan preparatlar:
- ferezol (fenol, trikrezol)
- trixlorsirkə turşusu
- salisil turşusu
- tərkibində qələvi olan preparatlar:
- natrium hidroksid və ya kalium hidroksid
- maz, applikasiya, krem formasında 5-flüorurasil
- retinolun yerli tətbiqi
- immunoterapiya – Candida və ya Tricophytin USP antigenlərinin inyeksiyası, interferon induktorları.
Cərrahi metodlar
Adi, qocalıq, yastı ziyillər dondurulmuş maye azot, xloretan, dimetil efiri, propan və dimeil efiri qarışığı və ya quru buzla aradan qaldırılır. Bundan əlavə ziyilin lazerlə yandırılması da tətbiq edilir.
Xalq təbabəti
Xalq təbabətində ziyil əleyhinə dəmrovotu şirəsi, qaymaqçiçəyi, südləyən, qanqal, baş soğan, incir kimi təbii vasitələrdən istifadə olunur. Bundan əlavə bitki tərkibli (kətan yağı, göyçiçək, adi quşarmudu meyvələri, qərb tuyası yarpaqları) preparatlar effektiv sayılır.
Xülasə
Bədəndə ziyil aşkarladıqda mütləq dəri həkiminə müraciət etmək lazımdır. Çünki özbaşına müalicə xoşagəlməz hallar törədə bilər.