Papillomavirus

24 Noyabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 3256
Papillomavirus foto 1
5/5 - (1 səs)

İnsan papilloma virusu cinsi yolların ən geniş yayılmış virus infeksiyasıdır. Papillomavirus ailəsinə 27 növ, 5 cins və 170 ştammdan çox virus daxildir. Bu virusun xarakterik təzahürü papillomadır. Papillomavirus insanda anogenital traktın (cinsiyyət orqanları və perianal nahiyyənin) zədələnməsinə və nəticədə itiuclu kandiloma, ziyil, papilloma və ağır hallarda xərçəngin inkişafına səbəb olur.

Qrupun bəzi növləri onkogen xüsusiyyətə malik olub, toxuma transformasiyası, xoş və bədxassəli şiş əmələ gətirirlər. Virusun onkogen ştammlarına yoluxan qadınlar arasında uşaqlıq boynu xərçənginə tez-tez rast gəlinir. Bundan əlavə infeksiyalaşmış şəxslərdə süd vəzi, uşaqlıq yolu, anus, eləcə də penisin bədxassəli törəmələri müşahidə edilir.

Papillomavirus necə yoluxur?

Əsas yoluxma yolu xəstə insanla cinsi əlaqədir. Həmçinin doğuş zamanı virusun anadan körpəyə keçməsi mümkündür. Tibbi mənbələrdə məişət yolu (məsələn, hamam, hovuz və idman zalları) ilə yoluxma barədə məlumatlar qeyd edilmişdir. Bu zaman virus orqanizmə dəridəki yara və çatlardan daxil olur.

Bundan əlavə epilyasiya, eləcə də təraş zamanı özünü yoluxdurma baş verə bilər.

Papillomavirus foto

Papillomavirus xəstəliyinin gedişi

Virus orqanizmə düşdükdən sonra epitel toxumasının bazal qatını zədələyir. Bu infeksiyaya ən həssas hissə çoxqatlı yastı epitelin silindrik epitelə keçid zonasıdır.

Yoluxmuş hüceyrədə virus 2 formada mövcud olur: episomal (xromosom hüceyrəsindən kənar) və introsomal (hüceyrə genomuna nüfuz edən). Episomal forma xoşxassəli, introsomal isə bədxassəli sayılır.

Papillomavirus nə zaman bəlli olur?

Xəstəliyin inkubasiya dövrü uzun sürür. Bu mərhələ 15 gündən bir neçə ilə qədər davam edir. Papillomavirus üçün latent (gizli) gediş xarakterikdir. İnsan eyni zamanda virusun bir neçə tipi ilə yoluxa bilər. Xroniki və residivləşən forma təhlükəli sayıla bilər.

Papillomavirus ştammları

Xərçəng törətmə riskinə görə virus ştammları aşağıdakı qruplara bölünür:

  • aşağı riskli (HPV 3, 6, 11, 13, 32, 34, 40, 41, 42, 43, 44, 51, 61, 72, 73);
  • orta riskli (HPV 30, 35, 45, 52, 53, 56, 58);
  • yüksək riskli (HPV 16, 18, 31, 33, 39, 50, 59, 64, 68, 70).

Papillomavirus foto 2

Papillomavirus infeksiyasının diaqnostikası

Diaqnostik metodlara virusun zədələnmə nahiyəsindən bioloji material götürməklə histoloji analizi, PZR (polimeraza zəncirvari rekasiya) və Digene-test aiddir. Digene-test diaqnostikanın qızıl standartıdır. Onun köməyilə virusun ştammları və epitel hüceyrələrində konsentrasiyası müəyyən edilir. Bu analiz ən çox qadınlarda yoxlanılır: uşaqlıq yolunun selikli qişasından epitel nümunəsi götürülərək, laboratoriyaya göndərilir.

PZR analizi virusun kəmiyyətini (miqdarını) və keyfiyyətini (olub-olmamasını) təyin edir. Digene test isə ştammları dəqiqləşdirməyə imkan verir.

Papillomavirus xəstəliyinin müalicəsi

Xəstəliyin spesifik radikal müalicəsi yoxdur. Yəni ki, sırf papillomavirusa təsir göstərərək, onu orqanizmdən xaric edən dərman preparatı hələlik icad olunmamışdır. Xəstələrə ümumi müalicə məqsədilə virus əleyhinə və immun sistemini gücləndirən preparatlar təyin olunur. Xoşxassəli ziyil və papillomalar cərrahi yolla aradan qaldırılır. Onkoloji törəmələrdə xərçəng hüceyrələrinə qarşı mübarizə metodları tətbiq edilir.

Zədələnmiş toxumalar, eyni zamanda ziyillər, papillomalar aşağıdakı cərrahi yolla kənarlaşdırılır:

  • ənənəvi cərrahi üsulla kəsilmə;
  • elektrokoaqulyasiya;
  • lazer koaqulyasiya;
  • maye azotla kriodestruksiya;
  • kimyəvi üsulla yandırma.

Bu üsulların mənfi təsirləri qismində virusun digər toxumalara yayılması və ya müdaxilə əsnasında ətraf toxumaların zədələnməsi müşahidə oluna bilər.

Xülasə

Bədəninizdə ziyil və ona bənzər törəmələr aşkarladıqda dərhal dermatoloqa müraciət edin. Profilaktik məqsədlə təsadüfi cinsi əlaqələrdən çəkinin, şəxsi gigiyena qaydalarına riayət edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir