Dermatoloq

Dermatoloq – dəri və onun artımlarının (saç, dırnaq) struktur və funksiyalarını öyrənən, dermatoloji xəstəliklərin diaqnostika, müalicə-profilaktikası ilə məşğul olan mütəxəssisdir.
Dermatoloq yalnız dəri patologiyalarını deyil, infeksiya, irsi, autoimmun və şiş xəstəliklərinin dəri təzahürlərini də aradan qaldıra bilir. O, həmçinin əhaliyə profilaktik baxış keçirir və xəstələrin dispanserizasiyası ilə məşğul olur. Əgər tibb müəssisəsində veneroloq fəaliyyət göstərmirsə, yüksək ixtisaslı dermatoloq cinsi yolla yoluxan zöhrəvi xəstəlikləri də müalicə edə bilər.
Dermatoloq peşəsinin tarixi haqqında qısaca məlumat
Hələ eramızdan əvvəl 1500-cü ildə dəri xəstəliklərini sistemləşdirməyə cəhd edilirdi. Ancaq dermatologiyanın banisi italiyalı Merkuriyalis sayılır. O, 1571 -ci ildə dermatologiya elminin əsasını qoymuşdur.
Dermatologiyada dar ixtisaslar
- Uşaq dermatoloqu – 18 yaşına qədər uşaqlara baxır;
- Kosmetoloq – dərinin estetik problemləri ilə məşğuldur;
- Dermatoloq-endokrinoloq – hormonal xəstəliklərin yaratdığı dəri problemlərini (akne, Adisson xəstəliyi, vitiliqo) müalicə edir;
- Mikoloq – dərinin göbələk xəstəliyini aradan qaldırır;
- Trixoloq – dazlaşmanın səbəblərini araşdıraraq, xəstələrə saç tökülməsinə qarşı nə etməli olduqlarını başa salır.
- Dermatoloq-onkoloq – dərinin şiş xəstəlikləri ilə məşğuldur;
- Dermatoloq-immunoloq (allerqoloq) – dərinin autoimun xəstəliklərini (sklerodermiya, qırmızı qurdeşənəyi və s.) müalicə edir;
- Dermatoveneroloq – sadalanan bütün sahələrlə əlaqəli olub, əsasən zöhrəvi xəstəliklərin müalicəsini aparır.
Qeyd: Vitiliqo – dəri və ya selikli qişalarda ağ rəngli oval və ya dairəvi ləkələrlə müşahidə olunan xəstəlikdir.
Adisson xəstəliyi – böyrəküstü vəzin normadan artıq adrenalin ifraz etməsi ilə dərinin bürünc rəng almasıdır.
Dermatoloqun vəzifələri nədən ibarətdir?
- Dəri xəstəliklərinin diaqnostika və müalicəsi;
- Dermatoloji prosedurların aparılması (ayaqda döyənək, üzdə gənə, qribok xəstəliyinin müalicəsi);
- Epidemiya əleyhinə tədbirlərdə iştirak, dərinin yoluxucu patologiyasını aşkarladıqda sanitar-epidemioloji stansiya ilə əlaqə yaratmaq;
- Dispanserizasiya;
- Tibbi sənədləşmənin aparılması.
Dermatoloqa qoyulan tələblər
Əsl mütəxəssis ali tibbi təhsilə malik olmalıdır. Bundan əlavə pasiyentlərlə işləməyi bacarmalı, xəstə psixologiyasını anlamalıdır.
Xülasə
Dəri xəstəlikləri əslində göründüyü qədər bəsit deyildir. Çaşdırıcı tərəfi isə bir çoxunun oxşar, hətta eyni əlamətə – ləkələrə, görüntüyə malik olmasıdır. Bu patologiyaları bir-birindən ancaq dermatoloq ayırd edə bilər. Və təbii olaraq müvafiq müalicəni də o, təyin edəcəkdir. Bu səbəbdən özbaşına müalicəyə vaxt sərf edib, vəziyyəti ağırlaşdırmaq olmaz.