Göbələk xəstəliyi
Göbələk xəstəliyi əhali arasında çox geniş yayılmışdır. Çimərliklər, hamamlar, saunalar, trenajor zalları, eləcə də avtobus və metrolardakı əl tutacaqları risk zonalarıdır. Xəstəliyin elmi adı mikozdur. İnfeksion göbələk xəstəliyi, yəni mikozun törədiciləri patogen və şərti-patogen mikroorqanizmlərdir.
İnsan orqanizminə göbələklər tənəffüs vasitəsilə, həmçinin dəri və selikli qişalardakı kiçik çatlardan daxil olur. Xəstəliyin bəzi növləri simptomsuz keçir.
Göbələk xəstəliyi nədən yaranır?
Mikoz nəinki insanlar, hətta heyvanların yoluxduğu xəstəlikdir. Bəs göbələk xəstəliyi nədən yaranır? Onun risk amilləri və yoluxma yolları aşağıdakılardır:
- zəif immunitet;
- antibiotiklərlə uzunmüddətli müalicə;
- infeksiyalaşmış insan və ya heyvanla təmas;
- barmaqların sıx yerləşməsi;
- şəkərli diabet;
- yastıpəncəlik;
- çatlar, yaralar;
- çox tərləmək, nəmli dəri;
- özgənin ayaqqabısını geyinmək;
- kənar şəxsin gigiyena əşyalarından istifadə etmək;
- qeyri-steril manikür alətləri;
- çimərlik və hamamlarda soyunma otaqları.
İnsanın immuniteti güclüdürsə, göbələk infeksiyası yoluxsa belə orqanizmdə inkişaf etmədən yox olur. Bəzən yoluxmuş göbələk infeksiyasının inkubasiya dövrü bir neçə ay davam edir. Zamanla xəstəlik xroniki formaya keçir, bu da müalicəni xeyli çətinləşdirir.
Mikozun ən çox rast gəlindiyi nahiyələr
Göbələk xəstəliyi adətən bədənin aşağıdakı hissələrində müşahidə olunur:
- başın tüklü hissəsi;
- əl hissə və qollar;
- pəncə və daban;
- dırnaqlar;
- daxili orqanlar.
Pis ekologiya, qeyri-sağlam həyat tərzi insanın göbələk xəstəliyi ilə yoluxma ehtimalını dəfələrlə yüksəldir.
Göbələk xəstəliyinin növləri
Ümumi təsnifatda göbələk xəstəliyi aşağıdakı formalara ayrılır:
- zədələnən dəri qatlarına görə – səthi və dərin;
- xəstəliyin mərhələsinə əsasən – kəskin və xroniki;
- yayılmasından asılı olaraq – ocaqlı və diffuz.
Spesifik təsnifata əsasən göbələk xəstəliyi 7 növə bölünür:
Dəri və dırnaqların kandidozu
Qolaltı, sağrıarası, dizaltı, qasıq, süd vəzilərinin altı, barmaq arası, ovuclar, ayaq altında lokalizasiya olunur. Xəstələrdə tünd-qırmızı rəngli qabarcıqlar və xoralar yaranır. Yaraların kənarı nahamar, sərhədləri isə qeyri-dəqiq olur. Dəri qabıqlanır, dırnaqlar soyulur.
Dermatomikoz
Bu forma üçün limfa düyünlərinin böyüməsi, çiyində yaralar, dırnaqlarda kobudlaşma və ağ-sarı ləkələr, qırmızı lövhəciklər, saçlarda bozumtul ərp xarakterikdir. Pasiyentlərdə ümumi zəiflik, baş ağrıları, dərinin qaşınması qeydə alınır.
Keratomikoz
Dərinin üst qatlarının zədələnir. Xəstələrdə zəif iltihabi proses, dəridə solğun çəhrayı və ya qəhvəyi çalarlı ləkələr aşkarlanır. Ləkələr baş dərisində yaranır, ancaq saçları zədələmir. Yanaşı olaraq yüngül dərəcəli qabıqlanma və qaşınma baş verə bilər.
Koksidioidomikoz
Proses tənəffüs orqanlarını, beyin və dəri örtüyünü zədələyir. Müalicə aparılmadıqda xəstəlik pnevmoniya və ya meningitlə ağırlaşır. Onun əsas göstəricilərinə öskürək, qızdırma, dəridə səpki, oynaq nahiyəsində şişkinlik aiddir. Bu forma sistem şəkilli göbələk xəstəliyi hesab edilir. Koksidioidomikoz təhlükəli olduğundan vaxtında müalicə aparılmalıdır.
Blastomikoz
Sistem mikozudur. Onun əlamətləri subfebril temperatur, öskürək, ağciyər qanaxması, döş qəfəsində ağrılar, dəridə çapıqlar, qida borusunda abses, qaraciyər zədələnməsindən ibarətdir. Xəstəlik çox zaman ölümlə nəticələnir.
Histoplazmoz
İnfeksiyaya yoluxmuş insanlarda başgicəllənmə, baş ağrıları, öskürək, qızdırma, titrəmə, bəzən də həzm sistemində pozulmalar müşahidə edilir.
Sporotrixoz
Bədəndə iri ölçülü dərin xoralar formalaşır. Limfa düyünləri böyüyür. Ağırlaşma dövründə oynaqlar deformasiyalaşır.
Göbələk xəstəliyi hansı əlamətlərlə özünü büruzə verir?
Göbələk infeksiyasının hər növü özünəməxsus əlamətlərə malikdir. Lakin bəzi simptomlar bütün növ mikozlar üçün ümumidir. Mikozu aşağıdakı əlamətlərlə təyin etmək mümkündür:
- dəri örtüklərində qaşınma, qabıqlanma, göynəmə, yanğı hissi;
- dərinin qızarması və strukturunun dəyişməsi;
- xora və çatların əmələ gəlməsi;
- dırnaqların kobudlaşması və nazikləşərək qırılması;
- bəzi hallarda baş dərisinin zədələnməsi, xüsusən kişilərdə saç tökülməsi.
Göbələk xəstəliyi necə müalicə olunur?
Göbələk xəstəliyi üçün dərmanlar adətən kompleks şəklində – həm daxilə, həm də xaricə istifadə üçün təyin olunur. Ağır hallarda xəstənin hospitalizasiyası məsləhətdir.
Göbələkəleyhinə preparatlar arasında Flukonazol, Lamizil, Diflukan, Qrizeofulvin, Loseril, Batrafen, Funqin daha məşhurdur. Dərmanlarla yanaşı zədələnmiş dəri nahiyəsinə yod çəkmək faydalıdır.
Xəstəliyə ayaqqabıdan yoluxmusunuzsa, dərhal içliyi çıxardıb atın. Çox az miqdarda formalin və ya sirkəni ayaqqabının daxilinə töküb, onu sellofan paketdə 1 gün saxlayın. Daha sonra yeni içlik qoyub geyinin.
Xülasə
Əslində göbələk xəstəliyi çətin müalicə olunan patologiyadır. Sadalanan əlamətlərlə üzləşdikdə dermatoloqa getməyiniz lazımdır. Həkim müvafiq analizlərlə törədicinin növünü dəqiqləşdirdikdən sonra məhz ona qarşı müalicə təyin edəcəkdir.