Döyənək

20 Dekabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 14507
Döyənək foto
3.7/5 - (11 səs)

Döyənək – dərinin müəyyən bir hissəsinin sərtləşməsidir. Ona hər yaş qrupunda rast gəlinir və el arasında “mazol” deyilir. Döyənək dərinin özünü qoruma məqsədilə qatlarını artırması nəticəsində əmələ gəlir. O, ağrı törətdikdə insana çox əziyyət verir.

Döyənək nədir?

Döyənək sürtünmə və təzyiq səbəbindən dərinin müdafiə məqsədilə qalınlaşmasından yaranır. Onu ölü və sərt dəri təbəqəsi də adlandırmaq olar. Əllərdə, ayaqlarda və ya bədəndə daimi sürtünmənin olduğu istənilən yerdə formalaşa bilər.

Döyənəyin başlıca faktorları

  • sıx və dar ayaqqabı;
  • ayaq quruluşuna uyğun gəlməyən hündürdaban ayaqqabılar;
  • ayaq barmaqlarındakı deformasiyalar;
  • pəncənin enli olması;
  • qeyri-düzgün yeriş.

Döyənək foto 2

Döyənək əlamətləri

Döyənəyin simptomsuz formalarından əlavə, ağrı ilə təzahür edən növləri də vardır. Döyənək formalaşdıqda ilk növbədə ağrı hissiyyatı meydana çıxır. Yüngül formalı döyənəklərdə sürtünmə dayandıqda ağrı öz-özünə itir. Geniş sahəni əhatə edən iri ölçülü döyənəklərdə isə ağrı kəskin xarakter daşıyır, diskomfort yaradır. Ağrı ilə yanaşı dəri örtüyünün qalınlaşması müşahidə edilir. Ümumilikdə, döyənəklər təhlükəsizdir. Ağrılı formalar müalicə edilməlidir.

Döyənək necə müalicə olunur?

Dəridə sərtləşmiş bölgənin döyənək və ya ziyil olmasını anlamaq üçün dermatoloq həmin nahiyəni tibbi alətlə yoxlayır. Dərinin üst qatı götürüldükdə, qanaxmanın baş verməsi ziyilə işarədir. Çünki döyənəyi soymağa çalışdıqda qanama deyil, ölü dəri ortaya çıxmalıdır. Döyənəyin qalınlığını azaltmaq üçün üst hissəni götürmək olar. Bununla yanaşı hamamda çimərkən yumşalmış döyənəyi dabandaşı ilə ehtiyatla sürtə bilərsiniz.

Reseptsiz satılan və tərkibində salisil turşusu olan plastırlar da faydalı sayılır. Onlardan düzgün istifadə etdikdə sağalma baş verir. Əks halda döyənəyin ətrafındakı sağlam dəri toxuması məhv ola, eləcə də allergik reaksiyalar yarana bilər. Qan dövranı pozğunluğundan və şəkərli diabetdən əziyyət çəkən şəxslərə bu plastırlar əks-göstərişdir.

Döyənək foto 1

Döyənəyin xalq təbabəti ilə müalicəsi

Aloe yarpağını 2 hissəyə bölün. Lətli hissəsini döyənəyin üstünə qoyub, plastırla yapışdırın. Dəri qatının yumşalması üçün 1-2 gün gözləyin. Öncədən sterilizə etdiyiniz pinsetlə döyənəyin sərt özəyini çıxarın. Yerinə spirt vurmadan plastır yapışdırın.

Diqqət: döyənəyi kəsərək, yox etməyə çalışmayın. Dərinizdəki kəsiklərdə bakterial infeksiya və göbələk xəstəliyi yarana bilər.

Döyənəkdən qorunmaq üçün nələr etməli?

– təmizliyə və gigiyena qaydalarına əməl edin;

– ayaqlarınızı nəm saxlamayın. Çünki belə şəraitdə bakteriya və mikroblar asanlıqla inkişaf edir;

– ayağınıza uyğun ayaqqabı seçin. Materialı bərk olmayan, rahat modellərə üstünlük verin;

– əl və ayaqlarınıza mütəmadi şəkildə yumşaldıcı krem çəkin;

– sərt yerdə yalın ayaqla gəzməyin;

– eyni ayaqqabını uzun müddət geyinməyin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.7/5 - (11 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir