Saç tökülməsinə qarşı nə etməli?

06 Yanvar 2020 Kateqoriya: Saç tökülməsi Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 22835
Saç tökülməsinə qarşı nə etməli foto 2
4.8/5 - (90 səs)

Hər gün 50-100 ədəd saç telinin tökülməsi normaldır. Çünki ayrılan tüklər ümumi saçın 1%-dən az hissəsini təşkil edir. Beləliklə, təbii yenilənmə baş verir. Əgər gün ərzində 130-dan çox tük tökülürsə, bu, artıq patologiya sayılır. Onunla mübarizə aparılmalıdır. Bəs saç tökülməsinə qarşı nə etməli? Tüklərin seyrəkləşməsini və keçəlləşməni aradan qaldıran üsullarla tanış olaq.

Saç tökülməsinə qarşı nə etməli – 5 faydalı məsləhət

  • Yuxu rejiminizi tənzimləyin. 8 saatlıq yuxu əbəs yerə gözəllik yuxusu adlandırılmır. Tük soğanaqlarının aktivliyi gecə saatlarında 2-3 dəfə artır. Onlar gün ərzində toplanmış qida maddələrini tüklərə ötürür. Az yatan şəxşlərdə saçlar normal qidalanmadığından tökülməyə başlayır.
  • Piyada gəzin. Az hərəkətli həyat tərzi orqanizmə mənfi təsir göstərir. Hipodinamiya baş dərisində gedən prosesləri ləngidir. Tük follikullarının normal fəaliyyəti üçün hər gün 30 dəqiqənizi gəzintiyə ayırın.
  • Siqaret və alkoqoldan imtina edin. Orqanizmi zəhərləyən maddələr tüklərin qocalıb tökülməsinə şərait yaradır. Belə insanlarda nəinki saçlar, hətta qaş və kipriklər də tökülür.
  • Qida rasionunuza vitaminlər əlavə edin. Balanslaşdırılmış qidalanma 2 həftədən sonra öz nəticəsini göstərir. Saçlar möhkəmlənir, daha az tökülür.
  • Ciddi pəhrizlər saxlamayın. Ağır dieta rejimində olan qadınların 30%-də saçların seyrəkləşməsi müşahidə edilir. Arıqlamaq istəyirsinizsə, idman məşqlərinə və dietoloqa üz tutun.

Saç tökülməsinə qarşı nə etməli foto

Saç tökülməsinə qarşı nə etməli – mütəxəssislərin tövsiyələri

  • Düzgün daraqdan istifadə edin. Onun ağacdan və plastikdən hazırlanmasına fikir verin. Belə ki, metal dişli daraqlar baş dərisini zədələyərək, tökülməyə səbəb olur.
  • Soyuqdan qorunun. Qışda papaq taxmaq zəruridir. Çünki havanın temperaturu 0°C-dən aşağı olduqda, tük follikulları zəifləyir.
  • Günəşdən qorunun. İsti hava və günəş şüasının birbaşa təsiri tük köklərinə zərər vurur.
  • Fendən çox istifadə etməyin. Bu halda tükün ömrü 2-3 dəfə qısalır.
  • Maska, şampun və balzamı düzgün seçin. Məsələn, kəpək yüksək yağlanmadan xəbər verir. Belə hallarda baş dərisinin yağlılığını azaldan vasitələr alınmalıdır. Eləcə də klimaks dövründə saç tökülürsə, kofeinli maskalar faydalı sayılır. Saçınız zəif, tez qırılan və solğundursa yanmış saçlar üçün maskalar məqsədəuyğundur.
  • Saçınızı tez-tez boyamayın. Boyaların tərkibindəki kimyəvi maddələr tük soğanaqlarını zədələyir.

Saç tökülməsinə qarşı nə etməli foto 1

Ev şəraitində saç tökülməsinə qarşı nə etməli?

Təbii ki, saçınız tökülürsə, ilk növbədə dermatoloq, həkim kosmetoloq və ya trixoloqa müraciət etməyiniz gərəkdir. Əgər həkimə getməyə imkanınız yoxdursa, müvəqqəti şəkildə aşağıdakı metodlardan istifadə edə bilərsiniz.

Saç tökülməsinə qarşı nə etməli – atpıtrağı ilə yaxalamaq

Atpıtrağı (lopux) dəmləməsinin stimuləedici təsiri 2-3 həftə ərzində özünü büruzə verir. Saçları onunla yaxaladıqda tökülmə dayanır, tellər qalınlaşır və parıldayır.

Bu məqsədlə təzə atpıtrağını götürüb, köklərini kəsin və təmizləyin. Yarpaqlarını çıxartdıqdan sonra kökləri qazana atın. Üzərinə su töküb, 3-4 saat qaynadın. Hazır mayeni tənzifdən süzün. Həftədə 2-3 dəfə bu dəmləmə ilə saçınızı yaxalayın. Onun sayəsində kəpək problemindən də qurtulacaqsınız.

Bundan əlavə saç tökülməsi üçün sarımsaq maskası da arzuolunan nəticə verir. Evdə maska hazırlamaq istəmirsinizsə, saç tökülməsinə qarşı şampunları sınaya bilərsiniz.

Saç tökülməsinə qarşı nə etməli foto 3

Saç tökülməsinə qarşı nə etməli – duz masajı

Xörək duzu ilə baş dərisinin masajı saç tökülməsinə qarşı mübarizədə ideal metodlardandır. Onun effekti quru saçlarda daha mükəmməl olur. Bunun üçün saçınızı nəmləndirib, tüklərin dibini duzla masaj edin. 15 dəqiqə gözləyib başınızı yuyun. Duz qalıqlarını yaxşıca təmizləməyi unutmayın. Masaj sayəsində tük follikulları aktivləşir, onların qidalanması və metabolizmi güclənir.

Saç tökülməsində nə etməli – soğan maskası

  • 1 ədəd soğan
  • 1 çay qaş. duru bal
  • 1 xör.qaş. bitki yağı
  • 6-9 damcı gül suyu

Soğanı əzib, suyu çıxarın. Üzərinə bal, bitki yağı və gül suyu əlavə edin. Yaxşıca qarışdırıb, saçınızın dibinə sürtün. 45 dəqiqə gözlədikdən sonra isti su ilə yaxalayın. Ardınca şampunla yuyun. Bu maska quru saçlarda daha effektiv olur.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.8/5 - (90 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir