Kişilərdə saç tökülməsi
Statistik məlumatlara əsasən 60% kişilərdə saç tökülməsi müşahidə olunur. Hər 10 kişidən 4-ü bu problemlə daha tez, yəni 25-35 yaşlarda qarşılaşır.
Kişilərdə saç tökülməsi hansı səbəblərdən baş verir?
Saçların tökülməsi müxtəlif faktorlarla bağlıdır.
İnfeksiyalar
Qızdırma ilə müşayiət olunan istənilən infeksion xəstəlik tük follikullarını zəiflədə bilir. Bu da tüklərin tökülməsi ilə nəticələnir.
Stress halları
Psixoloji cəhətdən gərgin vəziyyətlərdə saç tökülməsi güclənir. Stress damarlarda spazm törədir. Bu isə baş dərisində qan dövranını ləngidir. Tüklər kifayət qədər qidalanmadığından tökülməyə başlayır.
Hormonal pozğunluq və genetik meyllik
Bəzi kişilərdə erkən yaşlarda dazlaşma müşahidə olunur. Bu, irsi meyllik və ya orqanizmdə gedən hormonal dəyişikliklərlə bağlı ola bilər.
Qeyri-düzgün qidalanma
Yarımfabrikatlar, ayaqüstü qidalanma vitamin-mineral çatışmazlığına və orqanizmin zəifləməsinə gətirib çıxarır. Dəmir, kalium, həmçinin B, C, E vitaminlərinin defisiti saç tökülməsi ilə sonlanır. Belə vəziyyətlərdə qidalanma rasionunu balanslaşdırıb və əlavə olaraq saç tökülməsinə qarşı dərmanlar, maskalar, kosmetik vasitələr tətbiq etdikdə problem həll olunur.
Kişilərdə saç tökülməsi neçə cür olur?
Şiddətli tökülmə alopesiya (keçəllik) adlanır. Keçəlliyin 5 forması forması vardır.
Kişilərdə saç tökülməsi – androgen forma
Ən geniş yayılmış formadır. Androgen keçəllik irsi xarakter daşıyır. Testosteron hormonunun DHEA (dihidrotestosteron) adlanan tipinin orqanizmdə artması nəticəsində tük follikullarının strukturu korlanır. Saçların böyümə prosesi pozulur, vaxtından əvvəl tökülmə baş verir. Alın-təpə nahiyəsindəki tüklər bu hormona daha həssas olduğundan keçəllik başlanğıcda məhz bu hissədə müşahidə edilir.
Kişilərdə saç tökülməsi – diffuz forma
Yayılma tezliyinə görə 2-ci yerdə dayanır. Belə kişilərdə saçlar başın bütün nahiyələrində bərabər şəkildə tökülür. Diffuz keçəllik hormonal dəyişiklik, qalxanabənzər vəzin patologiyaları, xroniki infeksion və iltihabi xəstəliklər fonunda yaranır.
Kişilərdə saç tökülməsi – ocaqvari forma
Saçların ocaqvari tökülməsi çoxsaylı keçəlləşmə zonaları ilə təzahür edir. Ona kəllə-beyin travmaları, infeksion və autoimmun xəstəliklərdən sonra rast gəlinir.
Kişilərdə saç tökülməsi – çapıqvari forma
Çapıqvari keçəllik zamanı zədələnmiş tük follikulları iltihablaşır, çapıq toxuması əmələ gəlir. Bu forma ümümi keçəllik hallarının 3%-ni təşkil edir. Dəri patologiyaları, infeksion və bəzi onkoloji xəstəliklər, termiki, kimyəvi yanıqlar, yaralar, başın tüklü hissəsində aparılan əməliyyatlar çapıqvari saç tökülməsinə səbəb olur.
Kişilərdə saçların tökülməsi – generalizə olunmuş forma
Anidən başlayan və sürətlə proqressivləşən saç tökülməsidir. Xəstələrdə 2-3 ay ərzində bütün saçlar tökülür. Tam keçəllik müşahidə olunur.
Kişilərdə saç tökülməsinin müalicəsi
Saç tökülməsinin müalicəsində aşağıdakı üsullardan istifadə olunur:
İonoforez
Prosedur əsnasında qalvanizasiya ilə dərman preparatları dərinin dərin qatlarına yeridilir. Nəticədə dərialtı qan dövranı sürətlənir, hüceyrələrin bölünməsi və maddələr mübadiləsi aktivləşir. Tük kökləri möhkəmlənir, onların böyüməsi stimulə olunur.
Elektrostimulyasiya (miostimulyasiya)
Bu prosedur impuls cərəyanı ilə toxumaların bərpasına əsaslanır. Damar divarına təsir göstərməklə, ehtiyatda olan kapilyarlar, eləcə də metabolik proseslər aktivləşir. Hormonal fon tənzimlənir.
Mikrocərəyan terapiyası
Modullaşdırılmış, çox kiçik elektrik cərəyanı ilə müalicə metodudur. Onun hesabına maddələr mübadiləsi, qan dövranı tənzimlənir. Tük soğanaqlarında toxumalar bərpa olunur.
Krioterapiya
Dərinin maye azotla dondurulmasıdır. Bunun üçün xüsusi aplikator lazım gəlir. Maye azot masaj funksiyasını yerinə yetirir. Gözlə görünən nəticə 2-3 kurs krioterapiya ilə əldə olunur.
Vakuum masajı
Masaj dazlaşma olan hissələrdə vakuumla qan dövranının güclənməsi, toksinlərin kənarlaşdırılması, limfa durğunluğunun aradan qaldırlması məqsədilə tətbiq edilir.
Lazer terapiyası
Aşağı intensivlikli lazer enerjisi tökülmüş tükləri yeniləri ilə əvəz edir. Prosedur həftədə 1 dəfə aparılır. 1 seans 20-30 dəqiqə davam edir. Pasientlərin 90%-də müsbət nəticə əldə olunur. Keçəlləşmiş hissələr lazer terapiyası sayəsində yenidən tüklə bərpa olunur, saçlar gurlaşır, daha sağlam olur.
Mezoterapiya
Müxtəlif vitamin kokteyllərinin baş dərisinə kiçik iynələrlə yeridilməsidir. Mezoterapiya seanslarının sayı saç tökülməsinin dərəcəsindən asılı olaraq, həkim tərəfindən təyin edilir.
Keçəlləşmənin kompleks müalicəsində saç tökülməsinə qarşı şampunlar da effektiv sayılır.
Xülasə
Əgər saçlarınız tökülməyə başlayıbsa və bu proses gün-gündən artırsa, o zaman vaxt itirmədən dermatoloq və ya trixoloqa müraciət edin.