Saç tökülməsinə qarşı dərmanlar
Son zamanlar insanların əksəriyyəti saç tökülməsindən şikayətlənirlər. Qadınlar bu problemə daha həssas yanaşırlar. Saç tökülməsinə qarşı şampun və maskalar effekt vermədikdə, problemi kökündən həll etmək üçün həkim kosmetoloq, dermatoloq və ya da trixoloqa müraciət olunmalıdır. Peşəkar mütəxəssis keçəlləşmənin səbəbini aydınlaşdırdıqdan sonra saç tökülməsinə qarşı müvafiq dərmanlar təyin edir.
Saç tökülməsinə qarşı dərmanlar hansılardır?
Rinfoltil
Preparat palma meyvələrinin ekstraktından hazırlanır. Onun tərkib komponenti olan alfa-reduktazanın təbii inhibitoru tədricən saçların tökülməsini azaldır. Müalicə kursu 1 aydır. Preparat gündə 1 tablet olmaqla yeməkdən əvvəl qəbul edilir.
Selensin
Diffuz saç tökülməsinə qarşı dərmanlar sırasındadır. Digər preparatlarla kompleks şəkildə təyin olunur. Yeməkdən 1 saat sonra və ya 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 tablet içilir.
Perfektil
B qrupu (B12, B5, B2, B6), E, C, D vitaminləri ilə zəngindir. Baş dərisinin qan axınını normallaşdırır, metabolizmi sürətləndirir. Yeməkdən sonra sutkada 1 kapsul qəbul edilir. Saç tökülməsinə qarşı vitaminlər sırasında ən məşhur və effektiv vasitələrdən sayılır.
Revalid Kapsul
Maddələr mübadiləsini sürətləndirir. Hamiləlik dövrü və doğuşdan sonra yaranan saç tökülməsi ilə mübarizə aparır. Müalicə məqsədilə 1 kapsul olmaqla gündə 3 dəfə içilir. Kurs 3 ay davam edir.
Alerana
Tərkibinə üzvi turşular, minerallar və vitaminlər daxildir. Onun gündüz və gecə formaları vardır. Gündüz seriyası saçları qidalandırır və möhkəmləndirir, ətraf mühitin mənfi təsirlərinə qarşı qoruyur. Gecə seriyası isə saçlara parlaqlıq bəxş edir, tük follikularında qan dövranını sürətləndirir. Hər formadan gün ərzində 1 kapsul qəbul edilir.
Amineksil
Kollagenin bərkiməsi prosesini tormozlayır, tük follikullarının qanla təchizatını yaxşılaşdırır. Bu preparat 6 həftə müddətində gündə 3 dəfə saça çəkilir.
Migliorin
Vitamin kokteyli və müalicəvi bitkilərin (çobanyastığı, ənginar, tarla qatırquyruğu, iri atpıtrağı, dazı) ekstraktlarından hazırlanır. Ampulu təmiz saça həftədə 2 dəfə sürtmək lazımdır. Prosedur 8-10 dəfə təkrarlana bilər.
Kəskin saç tökülməsi əleyhinə dərmanlar
Keçəlləşmə həddində saç tökülməsi zamanı daha intensiv və güclü təsir edən dərmanlar tələb olunur.
Nouvelle Ultra Drops ampul
Qırmızı jenşen ekstraktı yerli istifadə üçündür. Baş dərisinə sürtülür. Preparat dərialtı kapilyarlarda qan axınını gücləndirir, tük follikulların böyüməsini sürətləndirir.
Mival krem
Yerli tətbiq edilir. Keçəllik və ocaqvari saç tökülməsinə qarşı dərmanlar arasında yüksək təsiri ilə seçilir. Tərkibinə 10 təbii efir yağı və ekstrakt daxildir. Krem baş dərisinə masaj hərəkətləri ilə yüngül qızartı yaranana qədər sürtülür. Dəriyə hopdurulur. 4 saat saxladıqdan sonra şampunla yuyulur.
Losyon Spectral DNC-L
Aktiv komponentləri minoksidil, amineksil, adenozin, prosianidlər və arginindir. Baş dərisinə kompleks təsir göstərir. Hətta 4-cü dərəcə keçəllikdə də effektivdir. Gündə 2 dəfə baş dərisinə sürtmək lazımdır. İstifadədən əvvəl çalxalamaq gərəkdir.
Silokast losyon
Baş dərisində və saçda nəm balansını tənzimləyir. Onların quruyub qırılmasının və tökülməsinin qarşısını alır. Losyon gündə 2 dəfə pambıqla baş dərisinə sürtülməlidir.
Rinfoltil
Saç tökülməsinə qarşı şampundur. Yüngül dərəcəli keçəllikdə təyin olunur. Müalicə kursu 3 aydır. Şampun həftədə 2 dəfə istifadə olunmalıdır.
Xülasə
Saçlarınız müntəzəm və intensiv şəkildə tökülürsə, ilk öncə bunun səbəbini aradan qaldırın. Ev şəraitində kor-koranə qəbul etdiyiniz dərmanlar istənilən nəticəni verməyə bilər. Bu problemin həllini yalnız mütəxəssisə etibar edin.