Mezoterapiya
Mezoterapiya – aktiv maddələrin dəridaxili inyeksiyasından ibarətdir. Prosedur vitaminlər, fermentlər, bitki ekstraktları, hialuron turşusu, fosfolipidlərin köməyilə yerinə yetirilir. Alternativ tibbə aid olan mezoterapiya kosmetologiyada cavanlaşma, dərinin dartılması, sellülit, piqment ləkələr və qırışlarla mübarizə məqsədilə aparılır.
Mezoterapiya nədir?
Bu üsul ilk dəfə 1958-ci ildə Fransız həkim Mişel Pistor tərəfindən icad edilmişdir. Dəri mezodermanın törəməsi olduğundan, preparatların dəri daxilinə və ya altına yeridilməsi, eləcə də bu hissəyə göstərilən təsirlər şərti olaraq, mezoterapiya adlandırılır.
Mezoterapiya hansı effektlərə malikdir?
- Qarın, sağrı, bud və qollarda artıq piyi təmizləyir;
- Sellülitdən azad edir;
- Qırışları açır;
- Dərini dartır;
- Bədən konturlarının yaxşılaşdırır;
- Dəridəki piqment ləkələrini ağardır;
Həmçinin saç tökülməsinin müalicəsində geniş formada tətbiq edilir.
Mezoterapiyanın növləri
- İnyeksion – preparatlar ultranazik iynələrlə dərinin orta qatlarına yeridilir;
- Aparatla – mezokokteyl dəriyə çəkilir, sonra həmin hissə aparatın ucluğu ilə işlənilir. Prosedur zamanı hüceyrə membranının keçiriciliyi təxminən 400 dəfə yüksəlir.
- Mezoroller – üzəri qısa və nazik iynələrlə örtülü olan xüsusi rolikdən istifadə edilir. Əvvəlcə preparat dəriyə sürtülür, sonra roliklə işlənilir. Nəticədə mezokokteyl dərin qatlara nüfuz edir.
- Fraksion – mikroinyeksion üsuldur. İnyeksiya gümüşlə örtülü xüsusi mikroiynələrlə edilir.
- Oksigenli – preparat oksigen şırnağının təzyiqi altında dəriyə yeridilir.
- Lazerlə – dəri infraqırmızı lazerin təsiri altında faydalı maddələrlə zənginləşdirilir.
Mezoterapiyaya necə hazırlaşmalı?
Prosedura xüsusi hazırlıq tələb olunmur. Sadəcə 1 həftə əvvəl aspirin, qeyri-steroid iltihabəleyhinə preparatlar, qanı durulaşdıran vasitələr qəbul etməyin.
Mezoterapiya necə aparılır?
Prosedur yerli keyitmə altında çox nazik iynələrlə icra edilir. Onlar dərinin orta qatlarına, yəni mezodermaya yeridilir. Seansların sayı prosedurun məqsədindən asılıdır. Məsələn, üz ovalının bərpası üçün 4-8, gözaltı torbacıqları yox etmək məqsədilə 1-4 seans tələb olunur. Sellülit hallarında 5-15 seans lazım gəlir. Prosedur 7-10 günlük fasilələrlə təkrarlanır.
Mezoterapiyada istifadə olunan maddələrin standart formulu yoxdur. Adətən həkim kosmetoloqlar aşağıdakı vasitələrə üstünlük verirlər:
- Damar genişləndirici dərmanlar və antibiotiklər;
- Hormonlar (kalsitonin və tiroksin);
- Fermentlər (kollagenaza, hialuronidaza);
- Müalicəvi bitki ekstraktları;
- Vitamin və minerallar.
Mezoterapiyadan sonra bərpa dövrü
Mezoterapiya cərrahi müdaxilə olmadığına görə prosedurdan sonrakı bərpa dövrü çox qısadır. Əksər pasientlər prosedurdan dərhal sonra gündəlik həyatlarına qayıdır. Bəzilərində iynə vurulan nahiyələrdə 1-2 gün ödem (şişkinlik) olur.
Mezoterapiyadan sonra qoyulan məhdudiyyətlər
- İlk saatlarda kosmetik vasitələrdən istifadə edilməməlidir;
- Prosedurdan sonra 6-7 saat ərzində yuyunmaq olmaz;
- 2-3 gün müddətində isti vanna, sauna və hamam xidmətləri qadağandır;
- 2-3 gün aktiv idman növləri, eləcə də prosedur icra olunan hissələrdə kimyəvi və lazer epilyasiyası etmək olmaz;
- Müalicə prosesində solyariyə getmək və birbaşa günəş şüalarının altında qalmaq icazəli deyil.
Mezoterapiya qiyməti
Növündən və tətbiq olunduğu nahiyədən asılı olaraq, prosedurun qiyməti 50-100 AZN arasında dəyişir. Düzgün həyat tərzinə riayət etdikdə nəticə adətən 1,5 il qalır.