Piqment

06 Yanvar 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 4185
Piqment foto
4.5/5 - (6 səs)

Melanin – dəridə, saçlarda və gözün güzehli qişasında toplanan piqmentdir. O, melanositlər tərəfindən sintez olunur. Dəridə piqment pozğunluğu onun rənginin dəyişməsinə gətirib çıxarır.

Piqment pozğunluğu nədir?

Ümumiyyətlə, dərinin rəngi melaninin miqdarından asılıdır. Bəzən bu piqmentin sintezində normadan kənaraçıxmalar olur. Onun həddindən artıq toplandığı nahiyələrin rəngi tündləşir. Əksinə baş verən vəziyyətlərdə, yəni melaninin sintez olunmadığı hallarda isə ağarma müşahidə edilir. Bu dəyişikliklər piqment (piqmentasiya) pozğunluğu adlanır.

Həmçinin müəyyən xəstəliklər fonunda dəri öz rəngini dəyişə bilər. Onun tündləşməsi – hiperpiqmentasiya, daha açıq rəng alması ilə hipopiqmentasiya kimi qiymətləndirilir.

Piqment foto 1

Hiperpiqmentasiya nədir?

Hiperpiqmentasiya – melaninin miqdarının artması ilə səciyyələnir. Günəş şüalarının təsiri altında uzunmüddət qalmaq, o cümlədən hamiləlik dövrü hiperpiqmentasiyanın başlıca səbəbləri arasındadır.

Bununla yanaşı bəzi antibiotiklər və artimiya əleyhinə dərmanların periodik qəbulu dərinin tündləşməsi ilə nəticələnə bilər. Həmçinin Adisson xəstəliyindən (böyrəküstü vəzin funskiyasının azalması) əziyyət çəkən insanlarda melanin sintezi zəifləyir.

Piqment sintezinin artması

Melazma

Hiperpiqmentasiyanın təzahür formalarından biri  melazmadır. Bu vəziyyət ən çox qəhvəyi tonlarda üzdə ləkələr ilə xarakterizə olunur. Əsasən hamilə qadınlarda formalaşaraq, hamiləlik maskası kimi qələmə verilir. Lakin melazma kişilərdə də yarana bilər.

Hamiləlik dövründə əmələ gələn ləkələr əksər hallarda doğuşdan sonra keçib gedir. Bir çox qadınlar dermatoloqa müraciət edərək, müvafiq kremlərlə melazmanı aradan qaldırırlar.

Piqment foto 2

Günəş ləkələri

Günəş ləkələri açıq qəhvəyi rəngdə olur. Onlara ultrabənövşəyi şüaların təsirinə məruz qalan üz, boyun, sinə və əllərdə rast gəlinir. Ağdərili insanlar bu tip ləkələrə meylli olur.

İltihabi prosesdən sonra piqment artması

Bu, psoriaz, ekzemaakne kimi dəri iltihabından qaynaqlanan bir vəziyyətdir. İstənilən dəri tipində müşahidə olunur.

Piqment azalması nədir?

Dəridəki hipopiqmentasiya – onun normadan daha açıq görünməsinə səbəb olan piqment azalmasıdır. Belə vəziyyətlərə aşağıdakılar aiddir.

Vitiliqo

Piqment sintez edən hüceyrələrin zədələndiyi autoimmun xəstəlikdir. Onun əsas əlaməti dəridə yaranan ağ ləkələrdir. Bəzi insanlarda bu ləkələr bədənin hər bir hissəsində izlənilir. Vitiliqonun müalicəsi yoxdur. Sadəcə kosmetik vasitələr, kortikosteroid kremlər, kalsinorin inhibitorları, ultrabənövşəyi şüa müalicəsi kimi müxtəlif üsullarla bədəndə və üzdə ağ ləkələrin yayılmasını ləngitmək mümkündür.

Piqment foto 3

Albinizm

Melanin sintezinin pozulması ilə gedən irsi xəstəlikdir. Belə insanların dəri, saç və gözlərində piqment əksikliyi olur. Albinoslar orqanizmin melanin sintezini məhdudlaşdıran anormal bir genə malikdir. Xəstəlik istənilən irqin nümayəndələrində aşkarlana bilər. Sadəcə ağdərili insanlarda ona daha çox təsadüf edilir. Albinosların hamısında görmə zəifliyi, anormal göz hərəkətləri qeydə alınır.

Təəssüf ki, xəstəliyin müalicəsi yoxdur. Belə xəstələr hər zaman günəş kremindən istifadə etməlidir. Çünki onlarda günəş yanığı və dəri xərçənginin yaranma riski yüksəkdir.

Xülasə

Dəri xəstəlikləri fonunda istənilən formada piqment artması və ya azalması ilə qarşılaşdıqda mütləq dəri həkiminə müraciət edin. Sağlamlığınızın vaxtında qayğısına qalın.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.5/5 - (6 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir