Üzdə ləkələr

30 Dekabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 10206
Üzdə ləkələr foto
2.1/5 - (18 səs)

Dəridə meydana çıxan rəng dəyişikliyinin bir çox səbəbləri vardır. Onların əksəriyyəti təhlükəsiz olub, sadəcə estetik qüsur sayılır. Lakin bəziləri xəstəliyin əlaməti kimi təzahür edə bilər.

Üzdə ləkələr necə yaranır?

Günəş şüaları, yaşlanma, qeyri-düzgün qidalanma, genetik meyllik, çirkli ekologiya dəridə ləkə yaradan faktorlardandır. Dəriyə rəng verən piqment melanin adlanır. Melanin melanosit hüceyrələri tərəfindən sintez olunur. Melanositlər dərinin epidermis, yəni üst təbəqəsində yerləşir.

Melanin sintez edildikdən sonra ətrafındakı digər dəri hüceyrələrinə yayılır və bərabərşəkilli rəng görüntüsü əmələ gətirir. Bəzən melanosit hüceyrələri qrup şəklində toplanır, nəticədə çil, xal, qocalıq ləkələri və ya digər dəri rənglənmələri formalaşır.

Üzdə ləkələr hansı tiplərə bölünür?

Üzdə qocalıq ləkələri

Qaraciyər və ya yaşlılıq ləkələri kimi adlandırılan lentiginlər adətən 5-20 mm ölçüdə hamar, xoşxassəli strukturlardır. Onların rəngi qəhvəyidən qaraya qədər dəyişir. Adətən orta yaşdan sonra formalaşır.

Çillərdən fərqli olaraq bədəndə daha çox yayılır, rəngləri tünddür, qışda yox olmurlar. Bu ləkələr təhlükəsizdir. Lakin bəzi hallarda onu melanoma (dəri xərçəngi) ilə differensiasiya etmək tələb olunur. Bunun üçün dermatoloqun (dəri həkimi) müayinəsindən keçməlisiniz.

Üzdə ləkələr foto 1

Melazma

Xloazma kimi də qeyd olunur. Üzdə yaranan bu ləkələr qəhvəyi rəngdə olur. Hormonal dəyişikliklə əlaqədar hamiləlik dövründə əmələ gəlirlər. Onlar sağlamlığa zərər yetirmirlər.

Anadangəlmə piqment ləkələri və ya xal

Qara və ya qəhvəyi rəngli olub, orqanizm üçün ziyanlı hesab edilmirlər.

Hemangioma

Qan damarlarının xoşxasssəli şişidir. Onlar dəridə tünd-qırmızı ləkələr qismində təzahür edir. Əksəriyyəti anadangəlmə xarakter daşıyır. Nadir hallarda müəyyən bir əlamətlə müşayiət olunurlar. Hemangiomanın bir çox növləri 10 yaşına qədər öz-özünə itir.

Üzdə ləkələr – Vitiliqo

Ağ ləkələrlə xarakterizə olunan dəri xəstəliyidir. Melanosit hüceyrələri melanin sintez etmədikdə və ya funksiyasını itirdikdə ortaya çıxırlar. Səbəbləri bəlli deyil, ancaq autoimmun patologiya olması barədə fikirlər mövcuddur. Ləkələr istənilən yaşda, üzdə və eləcə də bədənin hər yerində əmələ gələ bilirlər. Zamanla ləkələrin ölçüsü böyüyür. Yoluxucu olmasa da, estetik görüntüsü narahatlıq və diskomfort yaradır.

Üzdə ləkələr foto 2

Əlvan dəmirov

İnsanların dərisində normada mövcud olan Pitysporum ovale göbələyinin patogenləşməsi və piqmentasiya törətməsi nəticəsində inkişaf edir. Buna isti hava, yağlı dəri, zəifləmiş immunitet, hormonal dəyişikliklər, izafi tərləmə səbəb ola bilər. Ləkələr açıq və ya tünd çalarda olur.

Xülasə

Üzdə ləkələr mənşəyindən asılı olaraq, fərqli üsullarla aradan qaldırılır. İlk öncə ləkəni yaradan səbəbi üzə çıxarmaq, sonra isə müalicəyə başlamaq lazımdır. Məsələn, əgər ləkə göbələk xəstəliyi ilə əlaqəlidirsə antifunqal, hormonal dəyişiklikdən qaynaqlanırsa hormon səviyyəsini tənzimləyən preparatlar vacib sayılır. Ləkələrə qarşı üz maskaları da çətin anda köməyə gəlir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
2.1/5 - (18 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir