Ekzema
Ekzema qədim yunan termini olub, dəridə səpki anlamını verir. Dermanın məməcikli qatının seroz iltihabı və epidermisdə hüceyrəarası ocaqvari ödemi nəticəsində dəridə səpkilərlə xarakterizə olunur. Bu elementlər qaşıntı ilə müşayiət edilir. Xəstəliyin kəskin və xroniki formaları mövcuddur.
Ekzema ayrıca xəstəlik kimi
Hələ eramızdan 2 əsr əvvəl bu termin müxtəlif formalı kəskin dermatozları ifadə etmək üçün işlədilirdi. Lakin XIX əsrin birinci yarısında Uillen (1808), Beytmen (1813), Reys (1823) ekzemanı ayrı nozoloji forma kimi qələmə verdilər.
Ekzemanın səbəbləri
Xəstəlik xarici (kimyəvi, termiki və s.) və daxili (qaraciyər, böyrək, həzm traktı xəstəlikləri, endokrin və sinir patologiyaları) amillərin təsirindən inkişaf edir. Ekzemanın yaranmasında irsi meylliyin rolu istisna edilmir.
Ekzemanın formaları
Xəstəliyin səbəbləri və səpkilərin yerləşməsindən asılı olaraq, aşağıdakı formalar ayırd edilir:
- həqiqi;
- seborroid;
- dishidrotik;
- mikrob mənşəli;
- buynuzlu və ya döyənəkvari;
- mikotik.
Həqiqi və ya idiopatik ekzema
Bu forma kəskin iltihabi-ödemli eritema, kiçik qabarcıqlı səpkilər ilə təzahür edir. Partlayan qabarcıqların yerində nöqtəvi eroziyalar formalaşır. Onlardan seroz eksudat axır. Dəri səthi daim nəm olur. Tədricən seroz maye quruyur, bozumtul-sarı qabıqlar yaranır. Bu qabıqların altında epitelizasiya gedir. Beləliklə, birincili və ya həqiqi ekzema 4 inkişaf mərhələsinə bölünür:
- eritematoz;
- papullavezikulyar;
- nəmli;
- qabıqlı.
Müalicə gecikdirildikdə xəstəlik kəskin fazadan xroniki mərhələyə keçir. Mütəmadi formada kəskinləşmələr baş verir. Xroniki forma dalğavari gedişə malikdir. Ocaqların dəqiq sərhədləri yoxdur. Proses adətən bir bölgədə məhdudlaşmır, üz hissədən başlayaraq, əllərə, hətta bütün dəri səthi boyunca yayılır.
Ekzema səpkiləri simmetrik, yəni ikitərəfli olur. Xəstələri müxtəlif intensivlikli qaşınma və yuxusuzluq narahat edir. Dəridə quru ocaqlar və pulcuqlar müşahidə olunur. Xroniki ekzema adətən illərlə davam edir.
Seboreya mənşəli ekzema
Piy vəziləri ilə zəngin dəri nahiyələrində əmələ gəlir. Başın tüklü hissəsi, qulaq, sinə, kürəkarası, burun-yanaq, burun-dodaq nahiyələri xəstəliyin ən çox aşkarlandığı zonalardır. Eritematoz – qabıqlanan papulalardan formalaşan lövhələr öz aralarında birləşərək, üzüyəbənzər kontur yaradır.
Dishidrotik ekzema
Ekzemanın bu forması ovuclarda, ayaqaltında, epidermisin qalınlığının nisbətən az olduğu hissələrdə yaranır. Qabarcıqlar eroziya və ya seroz-irinli qabıqlarla əvəzlənir. Dishidrotik ekzema tədricən yayılır.
Mikrob mənşəli ocaqvari ekzema
Əksərən aşağı ətraflarda meydana çıxır. Başlanğıcda proses asimmetrik (birtərəfli) xarakter daşıyır. Ekzema xroniki iltihabın yerində, infeksiyalaşmış yaranın ətrafında, trofiki yaraların ətrafında, dəri çatlamaları nahiyəsində aşkar edilir.
Buynuz qatdan ibarət ocaqların kənarları iltihablı və dəqiq olur. Bəzən bu ocaqların səthində irinli qabıqlar nəzərə çarpır. Ocaqlar əsasən periferik (kənarları ilə) böyüyür. Ekzemalı xəstələr dərinin qaşınmasından şikayət edirlər.
Döyənəkvari ekzema
Dishidrotik forma kimi ayaqaltı və ovuclarla məhdudlaşır. Buynuzlu qatın qalınlaşması hesabına eritematoz mərhələ nisbətən zəif təzahür edir.
Mikotik ekzema
Göbələk infeksiyasına allergiya nəticəsində inkişaf edir. Ocaqvari ekzemaya həm allergiya, həm də mikoz əlamətləri xasdır.
Ekzemanın müalicəsi
Müalicə taktikası xəstəliyin yaranma səbəbi və formasından asılıdır. Xəstə dermatoloq tərəfindən müayinə olunduqdan sonra müvafiq preparatlar təyin edilir. Ekzema zamanı adətən müalicə sxemi aşağıdakı formada olur:
- kortikosteroid hormonlar;
- sedativ (sakitləşdirici) dərmanlar, ağır hallarda trankvilizatorlar;
- B1, B6, C vitaminləri;
- xüsusi sarğılar;
- mikrob mənşəli ekzemada – antibiotiklər;
- antihistamin preparatları;
- göbələk təbiətli ekzemada – antifunqal vasitələr.
Xülasə
Siyahıdakı farmokoloji qruplar yalnız nümunə məqsədilə qeyd edilmişdir. Dərmanlar və onların dozalanma qaydası fərdi qaydada təyin olunur. Ekzema zamanı özbaşına müalicə qadağandır.