Eritema
Eritema – derma qatındakı damarların genişlənməsi nəticəsində dərinin məhdud şəkildə intensiv qızarmasıdır. Yunanca “eritos” – qırmızı deməkdir.
Tibbi praktikada bu termin:
- dəri örtüklərində iltihab əlaməti
- orqanizmin ekzogen və endogen amillərə reaksiyası
- xüsusi nozoloji forma kimi qiymətləndirilir.
Eritemanın inkişaf səbəbləri
Xəstəliyin inkişaf səbəbləri fizioloji və patoloji olmaqla 2 yerə bölünür. Fizioloji eritema dərinin ekzogen və endogen təsirlərə qısamüddətli reaksiyasıdır. Həmçinin eritemanın bu forması masaj, insolyasiya (günəş vannası), reflektor olaraq qəzəb, əsəb və ya utanc hissi ilə əlaqədar meydana çıxır.
Patoloji eritema müəyyən xəstəliyin simptomu və ya müstəqil patologiya şəklində (Biet, Çamer, Darye eriteması) təzahür edir.
Patoloji eritemaya infeksion xəstəliklər, isti, kimyəvi, şüa yanığı, allergiya, autoimmun patologiyalar səbəb olur.
Eritemanın formaları
Bütün eritemalar aktiv və passiv formaya ayırd edilir.
Aktiv forma
Kəskin iltihabi prosesin fərqləndirici əlamətidir. Eritemanın bu forması parlaq rəngi və çox vaxt iltihab yerində dərinin qaşınması, ödem və ağrının yaranması, temperaturun yüksəlməsi ilə seçilir. Aktiv eritemanın inkişafı arterial damarın qəflətən genişlənməsi və iltihab nahiyəsində qan dövranının güclənməsi ilə əlaqəlidir.
Passiv forma
Genişlənmiş venoz damarlarda durğunluq nəticəsində formalaşır. Onun altındakı dəri göyümtül-qırmızı, bənövşəyi və ya qonur rəngdə olur. Passiv forma xroniki iltihabi proseslərdə müşahidə edilir.
Eritemanın növləri
Simptomatik eritema
Ən çox rast gəlinən növdur. Emosiya, stress, qəzəb fonunda yaranır. Üz, boyun və sinənin yuxarı hissəsinin qızarması ilə özünü büruzə verir.
Ultrabənövşəyi eritema
Ultrabənövşəyi şüalara qarşı dəri damarlarının reaksiyasıdır. Erkən formalar şüanın təsirindən dərhal əmələ gəlsə də, 30 dəqiqədən sonra öz-özünə keçib gedir. Gecikmiş eritemalar isə şüalanmadan sonra 3-7 saat ərzində nəzərə çarpır.
Soyuq eritema
Orqanizmə aşağı temperaturun təsiri ilə bağlıdır. Onun əsasında serotonin metabolizminin anadangəlmə çatışmazlığı dayanır. İnsanlarda övrə komponenti olmadan səpki, ödem, bəzən qaşınma müşahidə olunur.
Ovucların qazanılmış eriteması
Ağır formalı qaraciyər patologiyalarında yaranır. Ona qaraciyər ovucları da deyilir. Eritemanın bu növü poliartrit, ağciyər xəstəlikləri, yarımkəskin bakterial endokarditlər, hamiləlik zamanı inkişaf edə bilər.
Anadangəlmə palmar eritema (ovuclarda eritema)
İlk dəfə 1929-cu ildə Leyn tərəfindən təsvir edilmişdir. Anadangəlmə eritema kapilyar anastomozların genişlənməsi ilə bağlıdır. Xəstəlik irsi xarakter daşıyır. Ovuclar parlaq qırmızı rəngə boyanır.
Yenidoğulmuşların eriteması
Yenidoğulmuşların 50%-də yüngül formada müşahidə edilir. Mənşəyi naməlumdur. Doğuşdan 1-2 gün sonra əmələ gəlir. Xəstəlik körpələrin döş və qarın nahiyəsində çoxsaylı ləkələrlə təzahür edir. Onlar 1-2 gün sonra öz-özünə itir.
Eritemanın diaqnozu necə təsdiqlənir?
Diaqnostika dermatoloq tərəfindən aparılır. Həkim xəstəyə baxış keçirdikdən sonra onu müayinələrə yönəldir:
- dəri sıyrıntısı;
- allergik sınaqlar;
- pustul mayesinin analizi;
- immunoloji və seroloji üsullar.
Eritemanın müalicəsi
Müalicə sxemi əsas xəstəlikdən asılıdır. İlk növbədə eritemanı törədən amil aradan qaldırılmalıdır. Soyuq, ultrabənövşəyi və digər növlərdə simptomatik müalicə aparılır.