Psoriaz

Psoriaz – əsasən dəri qatını zədələyən qeyri-infeksion xroniki dermatozdur. Günümüzdə xəstəliyin autoimmun təbiəti də ehtimal olunur. Adətən psoriaz həddindən artıq quru, qırmızı rəngli qabarıq ləkələr, yəni papulalar şəklində təzahür edir. Ləkələr bir biri ilə birləşərək, lövhəciklər əmələ gətirir. Bu papulalar xroniki iltihab və limfositlərin həddindən artıq proliferasiyası (bölünərək inkişafı) və angiogenezin (yeni kapilyarların yaranma prosesi) sahələri hesab olunur.
Psoriazın yayılması
Xəstəlik cinsdən asılı deyildir. Ona əhalinin 2-4%-də rast gəlinir. Xəstəlik istənilən yaşda yarana bilər. Lakin statistik məlumatlara əsasən psoriaz adətən 15-25 yaşlarda inkişaf edir.
Psoriaz xəstəliyinin müasir kliniki təsnifatı
Yuxarıda qeyd etdiyimiz kimi psoriaz xroniki residivləşən xəstəlikdir. Onun bütün formaları ümumi şəkildə pustulyar və qeyri-pustulyar olmaqla təsnif edilir:
- Qeyri-pustulyoz
- Adi və ya vulqar-xroniki stabil, lövhəli psoriaz
- Psoriatik eritrodermiya
- Pustulyoz
- Yayılmış pustulyoz psoriaz – Çumbuş psoriazı
- Palmoplantar psoriaz – ətrafların pustular psoriazı və ya Barber psoriazı
- Annulyar pustulyar
- Herpetik psoriatik impetiqo
Bəzi təsnifatlarda xəstəliyin aşağıdakı formaları da qeyd olunur:
- Dərmanla-induksiyalaşan (azalan)
- Bükücü oynaqların dəri örtüyündə formalaşan
- Seboreyayabənzər
- Napkin psoriazı
Psoriaz necə əmələ gəlir?
Psoriaz nədir sualına qısaca cavab olaraq, keratinositlərin həddindən artıq proliferasiyası, dərinin makrofaqlar və limfositlərlə infiltrasiyası (hopma) nəticəsində ərp şəkilli qabarmaların, lövhələrin yaranmasıdır. Keratinositlər dərinin epidermis qatının üst qismindəki epitel hüceyrələridir.
Dəri elementləri ağımtıl, solğun bozumtul və ya boz rəngdə olub, donmuş muma bənzəyirlər. Lövhələr ilk növbədə bədənin sürtünən hissələrində və büküşlərdə (sağrı, bud, diz, dirsək) əmələ gəlirlər. Daha sonra isə başın tüklü hissəsi və ovuclar da daxil olmaqla bədənin istənilən nahiyəsinin dəri örtüyünə yayılırlar.
Psoriazın diaqnostikası
Diaqnozun qoyulması adətən çətinlik törətmir. Psoriazın təyini üçün xüsusi diaqnostik prosedur və ya qan analizi yoxdur. Xəstəliyin formasından asılı olaraq, ağır hallarda (aktiv iltihabı, autoimmun, revmatik proseslərdə) revmatoid faktorun titrinin yüksəlməsi, leykositoz, EÇS yüksəlməsi müşahidə edilir. Xəstəliyin diaqnostikasında 2 xarakterik əlamət ayırd edilir:
- Dəri seqmentinin biopsiyasında Tele cisimciklərinin tapılması. Tele cisimcikləri yetişməmiş keratinosit qatının qalınlaşmasıdır.
- Nöqtəli qansızma. Qabarmış lövhənin altından dəri yüngülcə sıyrıldıqda qanaxma yaranır. Bu angiogenezin sürətlənməsi, damar divarlarının keçiriciliyinin artması nəticəsində onların kövrəkləşməsi ilə izah edilir. Qeyd edilən əlamət Auspits simptomu adlanır.
Psoriaz xəstəliyinin müalicəsi
Xəstəliyin müalicəsində ilk addım D-vitamini defisitinin aradan qaldırılmasıdır. Psoriaz əleyhinə dərmanlar hər il daha da yenilənir və təkmilləşir. Yeni preparatlara Efalizumab, Timodepressin, Alfasept, Baziliksimab, İnfliksimab, Adalimumab, Ustekinumab aiddir.
Xəstəliyin müalicəsi onun formasından və xəstənin anamnezindən asılıdır. Bu dərmanların dozalanma qaydası fərdidir. Dermatoloqun resepti olmadan preparatları özbaşına qəbul etmək qadağandır.
Bundan əlavə pasiyentlərə psixoterapiya məsləhət görülür. Çünki psoriaz xəstələrində psixoloji diskomfort, depressiya, sosiofobiya (cəmiyyət arasına çıxmaq qorxusu) yaranır.
Psoriazın müalicəsində psixotrop dərmanlar (antidepressantlar, anksiolitiklər) xüsusi yer tutur. Bu məqsədlə adətən amitriptilin, klomipramin, venlafaksin, duloksetin, paroksetin və ya fluoksetin tərkibli preparatlar tətbiq olunur.
Xülasə
Psoriaz yalnız dermatoloqun nəzarəti altında müalicə olunmalıdır. Çünki xəstəliyin forma və növləri müxtəlifdir. Onların hər biri özünəməxsus təzahür və ağırlaşmalara malikdir. Əgər ətrafınızda bu xəstəlikdən müalicə olunan insan varsa, Sizdə də eyni dərmanlar effektiv olacaqdır kimi bir anlayış yoxdur. Preparatlar tam fərdi mexanizmlə təyin edilməlidir.