Psoriaz nədir?
Psoriaz – bozumtul-çəhrayı pulcuqlu səpkilər və qaşınma ilə müşayiət olunan dəri xəstəliyidir. Onun yaranma səbəbləri indiyə qədər tam müəyyən edilməmişdir. Psoriaz zamanı hüceyrələr normadan 6-10 dəfə sürətlə bölünür. Bu da dəri örtüyünün pulcuqlanmasına və xroniki iltihaba səbəb olur. Xəstəlik yoluxucu deyil. Sadəcə irsi yolla ötürülə bilər.
Psoriaz xəstəliyi nədir?
Patologiyaya bədənin müxtəlif hissələrində rast gəlinir. Bır sıra xəstələrdə diz və dirsək oynaqları, digərlərində ovuclar və pəncələr, bəzilərində isə iri dəri büküşləri, selikli qişalar və ya dırnaqlar zədələnir. Psoriaz geniş zonanı əhatə edə və ya ocaqlı şəkildə lokalizə oluna bilir.
Psoriazın risk faktorları nədir?
Stress, dəri travmaları, bəzi antibiotiklər, alkoqol alüdəçiliyi, streptokokk və virus infeksiyaları xəstəliyin inkişafına şərait yaradır.
Psoriaz nədir və niyə əmələ gəlir?
Xəstəliyin dəqiq səbəbləri elmə məlum deyil. Onun inkişaf mexanizmi ilə əlaqəli bir neçə hipotez (fərziyyə) mövcuddur:
Autoimmun mexanizmə görə zədələnmiş dəridə T-limfositlərin konsentrasiyası artır. Orqanizm dəri örtüyünü yad cisim, qıcıqlandırıcı kimi qəbul edir.
İrsiyyət nəzəriyyəsi belə xəstələrdə DNT-nin qüsurlu olmasını irəli sürür.
Endokrin fərziyyəyə əsasən psoriaz daxili sekresiya vəzilərinin, xüsusilə də qalxanvari vəzin və hipofizin fəaliyyət pozğunluqları ilə bağlıdır.
Metabolik mexanizmin tərəfdaşları psoriazlı pasiyentlərin lipid və azot mübadiləsində pozğunluğun olmasını aşkar etmişlər. Həmçinin onlar belə xəstələrin orqanizmində toksinlərin artdığını qeydə almışlar.
Bütün fərziyyələrin doğruluq payı vardır. Lakin onların heç biri tam sübuta yetirilmədiyindən dəri həkimləri psoriazı yalnız simptomatik müalicə edirlər.
Psoriaz nədir və kimlər risk qrupuna daxildir?
Xəstəlik həm kişilərdə, həm qadınlarda müşahidə olunur. Pasiyentlər arasında 15-25 yaşlı şəxslər üstünlük təşkil edir.
Yaşlılarda xəstəliyin gedişatı daha yüngül olur.
Psoriazın ilkin simptomları nədir?
Xəstəlik qəfil başlayır. Başlanğıcda dərinin kiçik bir hissəsi zədələnir. Erkən əlamətlər adətən ətrafların büküş hissələrində, saçların dibində aşkarlanır. Dərinin qaşınması və dartınması, qabarmış qızartılar və pulcuqlar psoriazın təzahürləridir.
Parafini xatırladan bozumtul pulcuqlar asanlıqla soyulurlar. Bəzən onlar sarımtıl, yaş lövhələrə çevrilir. Bu zaman pulcuqların qopması qanama ilə müşayiət edilir. Zaman keçdikcə lövhələr bir-biri ilə birləşir və daha geniş sahəni əhatə edirlər.
Psoriaz nədir və onun tipləri
Seboreyalı psoriaz
Əksərən başın tüklü hissəsini zədələyir. Pulcuqlanma və qaşınma ilə gedir.
Eksudativ forma
Dəridə yaş pulcuqlar, səpki, bəzən də düyünlər izlənilir. Son mərhələdə sarı qabıqlanmalar meydana çıxır.
İntertrigioz psoriaz
Əsasən uşaqlara xasdır. Bu zaman lövhələr parlaq qırmızı rəngdə olur. Pulcuqlar isə azlıq təşkil edir.
Ayaq altında psoriaz
Ovuclarda və ayaqaltında formalaşır. Dərinin qalınlaşması, quruması, çatlaması ilə müşayiət olunur.
Yaşlılarda psoriaz
İri ölçülü lövhələrlə təzahür edir. Bu dəri elementləri uzunmüddətli olur. Bəzən üzərilərində ziyil və papilloma əmələ gəlir.
Damcıvari psoriaz
Çoxsaylı səpkilərlə xarakterizə edilir. Onlar kiçik papulalar – boşluqsuz düyüncüklərdən təşkil olunmuşdur.
Dırnaqların psoriazı
Xəstələrdə dırnaqlar deformasiyalaşır, dırnaq altında sarımtıl solğun ləkələr görünür. Psoriazın digər növlərinin rast gəlindiyi insanların 25%-də yanaşı olaraq, bu tip inkişaf edir.
Psoriaz nədir, onun inkişaf mərhələləri
Psoriazın gedişatı dövrü xarakter daşıyır. Proqressiv mərhələdə kiçik ölçülü səpkilər, qaşınan lövhələr və bir-biri ilə birləşən ləkələr müşahidə olunur.
1-4 həftə sonra lövhələrin yayılması dayanır. Onların üzəri bozumtul pulcuqlarla örtülür. Bu xəstəliyin stasionar mərhələsidir.
Reqressiv mərhələdə lövhələr tədricən itir. Lakin bu xəstəliyin sağalması anlamına gəlmir. Bir müddət keçdikdə əlamətlər kəskin formada qayıdır.
Müalicə ilə remissiya (sakitlik) dövrünü uzatmaq mümkündür.
Psoriaz nədir, onun müalicəsi varmı?
Vaxtında tədbir görmədikdə xəstəlik xroniki formaya keçir və müalicə prosesi xeyli çətinləşir. Müalicə özbaşına deyil, mütləq həkim tərəfindən aparılmalıdır. Pasiyentlərə adətən qlükokortikosteroid tərkibli maz və kremlər təyin edilir.
Bundan əlavə fizioterapiya faydalı hesab olunur. Həmçinin xəstələrə vitaminlərlə zəngin qidalardan istifadə etmək, gündəlik rasiondan heyvan mənşəli yağları, hisə verilmiş məhsulları, yumurtanı, qazlı içkilər və kofeni xaric etmək məsləhət görülür.
Xülasə
Məqalədən də bəllidir ki, psoriaz çox mürəkkəb mexanizmli xəstəlikdir. Əgər bu xəstəlikdən əziyyət çəkirsinizsə, stressdən uzaq durun, həyat tərzinizə fikir verin.