Papilloma
Papilloma – dəridə məməcikli əsası olan xoşxassəli şişəbənzər törəmələrdir. Latınca “papillo” – məməcik, yunan dilində “oma” – şiş adlarının son şəkilçisidir. Papilloma insanlarda, eləcə də heyvanlarda əmələ gəlir. Onlar insanın dərisində, burun boşluğunun selikli qişasında, burunətrafı ciblərdə, udlaqda, səs tellərində, ağızda, uşaqlıq yolunda, sidik kisəsində inkişaf edə bilər.
Papilloma nədir?
Əksər hallarda bədəndə papillomavirus mənşəli törəmələrə rast gəlinir. Papilloma həmçinin anadangəlmə və qazanılmış (xroniki iltihab nəticəsində) formada olur.
Yumşaq konsistensiyalı, yüksək sıxlıqlı, ayaqcıqlı törəmə yastı və keçid epitelindən formalaşır. Onun ölçüsü 2 sm-ə yaxındır. Səthi nahamar, rəngi isə ağ – qəhvəyi çalarlar arasında dəyişir. Zamanla törəmə böyüyərək, xoruz dimdiyini və ya gül kələmini xatırladır.
Papilloma bədənin görünən hissələrində yerləşdikdə onun götürülməsi həm də kosmetik önəm daşıyır. Qırtlağın selikli qişasında papillomanın əmələ gəlməsi tənəffüs pozulmasına və ya səsın korlanmasına gətirib çıxara bilər. Sidik kisəsinin papilloması hematuriyaya (sidikdə qan) səbəb olur. Törəmələr çoxsaylı olduqda bu hal papillomatoz xəstəlik kimi qiymətləndirilir.
Virus mənşəli papilloma necə əmələ gəlir?
İnsan papillomavirusu yoluxucu xəstəlikdir. Yoluxma nəticəsində çoxsaylı törəmə, yəni papillomatoz meydana çıxır. Virisun onkogenliyindən asılı olaraq, xərçəng riski mövcuddur. Onun yoluxma yolları aşağıdakılardır:
- Cinsi əlaqə;
- Doğuş prosesində anadan körpəyə;
- Gigiyena əşyaları (hamam dəsti: dəsmal, süngər, ülgüc)
- İdman zalı, hamam, hovuz, ictimai istifadə vasitələrindən istifadə;
- Öz-özünü yoluxdurma.
Papilloma xəstəliyinin əlamətləri
Törəmələr adətən ağrısız olur. Onların spesifik əlamətləri yoxdur. Papilloma bədənin görünən yerlərində olduqda estetik və psixoloji diskomfort yarada bilər.
Papillomanın diaqnostikası
Xəstəliyin virus mənşəli olub-olmadığını aydınlaşdırmaq üçün papillomadan sıyrıntı götürülür. PZR (polimeraz zəncirvari reaksiya) analizi ilə yoxlanılır.
Papilloma hansı cərrahi üsullarla aradan qaldırılır?
Maliqnizasiya (xəstəliyin və ya törəmənin xərçəngə çevrilməsi) şübhəsi olduqda törəmə kəsilir. Maye azotla destruksiya proseduru aparıldıqda yerində çapıq qalmır. Bundan əlavə lazer, elektrokoaqulyasiya da icra oluna bilər. Elektrokoaqulyasiya – elektriklə törəmənin yandırılması deməkdir.
Virus mənşəli papilloma hansı dərmanlarla müalicə olunur?
Konservativ müalicə məqsədilə xəstələrə aşağıdakı qrup dərman vasitələri təyin edilir:
- İmmunomodulyatorlar və immunostimulyatorlar;
- Virusəleyhinə preparatlar;
- Nadir hallarda sitostatiklər.
Xülasə
Doğuş yollarından virusun körpəyə yoluxmaması üçün hamilə qalmazdan öncə qadın mütləq müalicə olunmalıdır. Həmçinin ictimai yerlərdə şəxsi əşyalarınızdan istifadə etməyə cəhd göstərin. Gigiyena vasitələrinizi kənar adamlarla bölüşməyin.
Salam,7ayliq hamiləyəm vaginada var 1 ay olar yaranib birdənədə çox balaca sinəmdə çxdi birdəfəlik müalicəsi varmi?
Salam. Papillomalar adətən lazerlə koaqulyasiya olunur. Müalicədən sonra immun sistemini gücləndirən preparatlar qəbul etmək məsləhətdir.