Üzdə ağ ləkələr
Bəzən qadınlarda üzdə ağ ləkələr müşahidə edilir. Onlar yaranma səbəbləri və mənşəyinə görə 5 əsas qrupa bölünür.
Üzdə ağ ləkələr və ya sızanaq – millium
Millium – kiçik ölçülü, girdə formalı, sərt konsistensiyalı, ağ nöqtələrdir. Onları çox vaxt səhvən ağ sızanaq adlandırırlar. Milium dərinin üst qatlarında keratin (zülal) və ölmüş hüceyrələrin toplanması nəticəsində əmələ gəlir.
Onlara adətən göz ətrafında, burun və yanaqlarda rast gəlinir. Ağ ləkələr hər 2 cinsin nümayəndələrində müşahidə edilir. Kiçik uşaqlarda bu əlamətə “süd ləkəsi” deyilir.
Millium dərinin günəş şüasına və ya kremə allergik reaksiyası kimi təzahür edə bilər. Dermatoloqlar onlara toxunmamağı tövsiyə edirlər. Çünki ləkələr bir neçə həftəyə öz-özünə keçib gedir.
Ağ dəmirov
Xəstəlik dəridə ağ rəngli kəpəklənən ləkələrlə özünü büruzə verir. Əlamətlərə əksərən üz nahiyəsində və əllərdə təsadüf edilir. Bu dəri elementləri əsasən uşaqlar və yeniyetmələrdə qeydə alınır. Patologiyanın etiologiyası naməlumdur.
Ləkələr adətən bir neçə aya itir. Ağ dəmirovun spesifik müalicəsi yoxdur. Qaşınma və diskomfort hissini aradan qaldırmaq məqsədilə dəri həkimi steroid və ya qeyri-steroid tərkibli kremlər, həmçinin dəri quruluğuna qarşı vasitələr təyin edə bilər.
Üzdə ağ ləkələr – vitiliqo
Vitiliqo – rəng piqmentini itirmiş dəridə əmələ gələn ləkələrlə xarakterizə edilir. Həmin ləkələr istənilən nahiyədə, hətta üzdə meydana çıxır. Bu xəstəlik dünya əhalisinin 1%-də aşkarlanır. Ləkələr müxtəlif ölçülərdə olur. Onlar çox vaxt eyni ölçüdə qalır, az hallarda böyüyərək, iri sahəni əhatə edir. Vitiliqo istənilən yaş dövründə inkişaf edir.
Xəstəliyin yaranmasında irsiyyət mühüm rol oynayır. Ləkələr müxtəlif irqin nümayəndələrində rast gəlinsə də, qara dərili insanlarda daha aydın bilinir. Vitiliqo yoluxucu deyil. Alimlərin fikrincə bu patologiya zamanı üzdə ağ ləkələr orqanizmin melaninə qarşı anticisim sintezi və melaninin parçalanması fonunda yaranır.
Vitiliqonun ağırlıq dərəcəsindən asılı olaraq, müalicə müxtəlif yollarla aparılır. Vitiliqolu xəstələrə günəşdən qoruyucu krem məsləhət görülür. Həmçinin dəridəki ləkələri gizlətmək məqsədilə xüsusi kremlər, örtücü vasitələrdən istifadə etmək olar. İltihabəleyhinə steroid kremlərin tətbiqi də mümkündür.
Bəzən bir neçə ay süni ultrabənövşəyi şüalarla işıq terapiyası və ya fototerapiya aparılır. Göstəriş olduqda lazerlə müalicə həyata keçirilir.
Üzdə ağ ləkələr – əlvan dəmirov
Əlvan dəmirov – geniş yayılmış xəstəlik olub, dəri örtüyünün müxtəlif hissələrində fərqli çalara malik ləkələrlə səciyyələnir. Onun törədəcisi maya göbələyidir.
Ümumiyyətlə, yetkin insanların 90%-nin dəri örtüyündə Malassezia maya göbələkləri yaşayır. Bu, təbii haldır və adətən heç bir problem törətmir. Sadəcə isti və rüubətli hava, zəif immunitet, hormonal dəyişikliklər, dərinin yağlılığı göbələyin aktivləşməsinə və nəticədə dəmirovun inkişafına səbəb ola bilər.
Əlvan dəmirov əsasən yeniyetmələrdə və cavanlarda müşahidə edilir. Ləkələr kiçik ölçülü olur. Xarici əlamətlər dərinin qaşınması və quruluğu ilə müşayiət olunur. Xəstəliyə tropik və subtropik rayonlarda daha çox rast gəlinir. Mülayim iqlim şəraitində, soyuq aylarda ağ ləkələr aradan qalxır.
Əlvan dəmirov hamiləlikdə də yarana bilər. Müalicə sxeminə göbələkəleyhinə kremlər, losyonlar, tabletlər daxildir.
Üzdə ağ ləkələr – idiopatik damcıvari hipomelanoz
İdiopatik damcıvari hipomelanozun digər adı ağ günəş ləkəsidir. Çünki hipomelanoz günəşin dəriyə uzunmüddətli təsirilə əlaqəlidir.
Patologiya günəşin dəriyə uzunmüddətli təsirindən yaranır. 1-10 mm diametrində ləkələr ilə təzahür edir. 40 yaşdan yuxarı ağ dərili insanlarda bu xəstəliyin yaranma ehtimalı digərlərinə nisbətən yüksəkdir.
Damcıvari hipomelanozun spesifik müalicəsi yoxdur. Xəstələr steroid kremlər, müxtəlif tərkibdə ləkələrə qarşı üz maskalarından istifadə edə bilər.
Xülasə
Üzdə ağ ləkələr ilə qarşılaşdıqda dermatoloqa müraciət edərək, peşəkar yardım almağınız məsləhətdir.