Akne

24 Noyabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1494
Akne foto
3/5 - (3 səs)

Akne – tük follikulları və piy vəzilərinin strukturunun dəyişməsi ilə gedən iltihabi prosesdir. Onun digər adı sızanaqdır. Yunan dilindən tərcümədə “aken” – çıxıntı, nöqtə, həmçinin çiçəklənmək mənasını verir. Bəs akne niyə əmələ gəlir?

Xəstəliyin səbəbləri sona qədər aydınlaşdırılmamışdır. Onun inkişaf mexanizmində dəridəki yağ strukturunun bakteriosid təsirlərini azaldan və kokk florasının aktivləşməsinə səbəb olan seboreya mühüm rol oynayır. Eləcə də Propionibacterium Acnes bakteriyası və onun həyat fəaliyyəti məhsulları da xəstəliyin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.

Akne nə zaman yaranır?

Adi akne (yeniyetməlik sızanağı) cinsi yetkinlik dövründə meydana çıxır. 25-30 yaşa qədər öz-özünə itir. Bəzi faktorlar aknenin kəskinləşməsinə şərait yaradır:

  • Aybaşı;
  • Stress;
  • İsti hava;
  • Rütubət;
  • Genetik meyllik;
  • Tərkibində lanolin və parafin olan kosmetik vasitələr;
  • Mədə-bağırsaq xəstəlikləri;
  • Üzdə gənə (demodekoz);
  • Tərkibində flüor, xlor, brom, yod, litium, barbituratlar olan preparatların, anabolik steroidlərin qəbulu.

Akne foto 1

Aknenin formaları

Sızanağın seboreya, piy pəzilərinin hiperplaziyası (böyüməsi), dəridəki yağlı strukturun hipersekresiyası, hiperkeratoz kimi formaları mövcuddur.

Hiperkeratoz zamanı dəridə komedonlar əmələ gəlir. Onlar piy axacaqlarının mənfəzini tutan qara nöqtə şəklində yağlı, buynuzlaşmış tıxaclardır.

Hipersekresiya – orqanın ifrazat funksiyasının, ifraz etdiyi maddənin miqdarının artmasıdır.

Dəri piyinin toplanması infeksiyalaşma ilə nəticələnə bilər. İmmun sistemi bakteriyaları məhv etsə də irin epidermis altındakı kapsulda yığılır. Xəstə ev şəraitində onları aradan qaldırmağa çalışdıqda irinciklər qonşu sahələrə yayılır.

Akne ilə hormonların əlaqəsi

Orqanizmdə bəzi hormonların aktiv fəaliyyəti və ya onların qanda səviyyəsinin normadan yüksək olması aknenin inkişafına şərait yaradır. Bu hormonlara testosteron, dihidrotestosteron, dihidroepiandrosteronu misal göstərmək olar.

Yeniyetməlik dövründən sonra akne nadir hallarda müşahidə olunur. Qadınlarda polikistoz yumurtalıqlar sindromu, həmçinin estradiol çatışmazlığı üzdə və bədənin müxtəlif hissələrində akne xəstəliyi ilə müşayiət olunur.

Akne foto 2

Akne xəstəliyinin təsnifatı

  • Komedonal forma: çənə, alın, burun qanadlarında qapalı komedonlar yaranır. İltihabi prosesə rast gəlinmir.
  • Papulo-pustulyoz forma: açıq və qapalı komedonlar, papulalar iltihabi proseslə birlikdə müşahidə olunur .
  • Düyünlü forma: alın, burun, çənə və yanaqlarda 25-dən çox açıq və ya qapalı komedonlu pustulalar nəzərə çarpır;
  • Ağır forma: irinli aknelər dərin düyünlərə çevrilir. İltihab dərinin böyük bir hissəsini əhatə edir. Həmçinin dəridə çapıqlar yaranır.

Akne xəstəliyinin kliniki şəkli

Piy vəzilərinin daha böyük və sıx olduğu nahiyələrdə, məsələn üz dərisində, sinə və kürəyin yuxarı hissəsində səpkilər əmələ gəlir. Sızanaqların əsasında yaranan iltihabi proses yerli toxumalarda irinin formalaşmasına səbəb olur. Pustulalar (irinli qabarcıq) deşilərək, daxili möhtəviyyatdan azad olurlar. Onların qabıqlarını soyduqda çəhrayı çapıqlar və ləkələr müəyyən edilir.

Aknenin əlamətləri

Akne xəstəliyinin ən yayılmış forması akne vulgarisdir. Ona əsasən yeniyetmələrdə təsadüf edilir. Piy vəzlərinin aktivliyinin artması ilə əlaqədar dəri follikulları blokada olunur. Dəri piyi bloklanmış məsamələrin altında toplanır. Bu isə Propionibacterium Acnes və Malassezia (göbələk xəstəliyinin törədicisi) kimi mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait hesab olunur.

Akne foto 4

Aknenin müalicəsi

Müalicə uzun müddət və səbr tələb edir. Ağır formalarda müalicə sxeminə aşağıdakılar daxildir:

  • Daxilə qəbul olunan və yerli təsirli antibiotiklər

Yerli tətbiq edilən antibiotiklərə eritromisin, klindamisin, tetrasiklin qrupu aiddir.

Daxilə qəbul olunan antibiotiklərə eritromisin, azitromisin, oksitetrasiklin, doksisiklin, minosiklin, limesiklin misaldır.

  • Hormonal terapiya

Hormonal müalicə xüsusilə qadınlarda effektiv sayılır. Pasiyentlərə estrogen və progesteronun kombinəolunmuş preparatları təyin edilir. Yumurtalıqların polikistozunda Spironolakton qəbul edilir.

  • Yerli tətbiq olunan retinoidlər

Ən geniş yayılan 1-ci nəsil preparatlara Retinilpalmitat, Retinol, Retinaldehid, Tretinoin misal göstərmək olar.

Xülasə

Akne ilə qarşılaşdıqda özünü müalicə ilə məşğul olmayın. Bu, xəstəliyin ağırlaşması, üzdə sızanaqların artması və çapıqların formalaşması ilə nəticələnə bilər. Xoşagəlməz hallara yol verməmək üçün mütləq dermatoloqa müraciət edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3/5 - (3 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir