Üzdə gənə
Üzdə gənə təhlükəli xəstəlik sayılır. Onun elmi adı demodeksdir. Patologiya mikroskopik ölçülü gənə tərəfindən törədilir. Xəstəlik erkən mərhələdə aşkarlandıqda müalicə daha asan başa gəlir.
Üzdə gənə nədir?
Demodeks tük follikullarında və yağ vəzilərində yaşayan kiçik parazitdir. Ölçüsü 0.1-0.4 mm arasında dəyişir. Normada dəri səthinin hər sm2-də 2-3 gənə yaşayır. Onların sayı az olduqda orqanizmə zərər yetirilmir. Lakin müəyyən faktorların (zəif immunitet, stress, hormonal fonun dəyişməsi və s.) təsirindən bu parazitlər çoxaldıqda üzdə gənə xəstəliyi – demodekoz yaranır.
Üzdə gənə hansı əlamətlərlə təzahür edir?
Dərialtı parazitin varlığından necə xəbər tutmaq olar? Demodeksin xarakterik simptomları aşağıdakılardır:
- sızanaqlar;
- yağlı parıltı;
- dərinin qaşınması və qızarması.
Demodeks dəri örtüyünün normal fəaliyyətini pozduğundan üzdə daimi parıltı müşahidə edilir. Heç bir yuyunma vasitəsi bu görüntünü azaltmır. Dəri yağlılığının səbəbsiz artması üzdə gənənin ilkin əlaməti sayılır.
Dəri örtüyünün funksional pozğunluqları çoxsaylı sızanaq, akne ilə özünü büruzə verir. Növbəti mərhələdə xoralar əmələ gəlir. Dəri nahamar şəkil alır. Gənə infeksiyasının əsas simptomlarından biri dəridə qızartıdır.
Üzdə gənə xəstəliyindən əziyyət çəkən şəxslərdə daimi qaşınma müşahidə olunur. Məsələ burasındadır ki, demodeksin həyat fəaliyyəti məhsulları üzdə allergiya törədir. Bəzi həssas insanlar dərinin üst qatlarında gənənin hərəkətini hiss edirlər. Gecə saatlarında əlamətlər daha da güclənir. Gündüz vaxtı simptomların zəif olması demodeksin işıqdan qorxması ilə əlaqəlidir.
Gənə burun əsasında məskunlaşdıqda bu hissədəki toxuma birləşdirici qatla əvəz olunur. Buna görə də burun böyüyür, daha ətli görünür. Dəri örtüyü isə kobudlaşır və qabıqla örtülür.
Gözlərdə daim qum hissiyatı, qızarma və yaşarma demodeksin kiprik diblərində məskunlaşması zamanı müşahidə olunur.
Sadalanan əlamətlər qorxunc görünsə də, onların hamısı dərhal təzahür etmir.
Üzdə gənə parazitinin inkişaf mərhələləri
Xəstəliyin gedişatında bir neçə mərhələ ayırd edilir.
- Prodromal dövr
Birinci mərhələdə xəstəlik yüngül gedişə malik olduğundan çox zaman əlamətlərə fikir verilmir. Adətən dəridə dəqiq sərhədləri olan qızartı izlənilir. Alkoqol qəbulu, duzlu və acılı yeməklər prosesi sürətləndirir.
- Üzdə gənə xəstəliyinin eritematoz mərhələsi
Bu dövrdə qızarıqlıq daha parlaq xarakter daşıyır.
- Papula-pustulyoz dövrü
Dəridə düyüncüklər formalaşır. Onlar zamanla sızanaqlara və irinli yaralara çevrilir. Bu, demodeksin ciddi mərhələsi sayıldığından dərhal dermatoloqa müraciət etmək lazımdır.
- Hipertrofik dövr
Xəstəliyin axırıncı mərhələsi olub, dərinin kobudlaşması, oval şişkinliklərin, irinli düyünlərin əmələ gəlməsi ilə xarakterizə edilir.
Üzdə gənə xəstəliyinin diaqnostikası
Törədicilər üz dərisindən və kipriklərdən götürülən sıyrıntının mikroskopiyasında təyin olunur. Analiz verməzdən bir neçə gün əvvəl dekorativ kosmetika, krem və losyondan istifadə etmək olmaz.
Üzdə gənə xəstəliyinin müalicəsi
Demodeksin ən effektiv müalicə sxeminə aşağıdakılar daxildir:
- Məlhəmlər (maz);
- Həblər (tabletlər);
- TCA-pilinq;
- Ozonoterapiya.
Kükürd mazı. Demodeksin tez sağalması üçün maz və tablet formaları birlikdə istifadə edilir. Kükürd mazı vazelin və kükürddən hazırlanır. Parazitləri dəridən kənarlaşdırır. Dəri örtüyünü sağaldır. Qoxusu xoşagəlməz olsa da, təsiri yüksəkdir.
Permetrin mazı. Həkimlərin üstünlük verdiyi mazlardandır. Üzdə gənə parazitini məhz edir.
Tablet qismində isə adətən Trixopol, Metrogil tətbiq olunur. Qaşınmanı aradan qaldırmaq üçün Suprastin və ya Zirtek tabletləri qəbul edilir. Kompleks müalicədə bunlarla yanaşı immuniteti gücləndirən preparatlar da içilir.
TCA-pilinq trixlorturşu ilə kimyəvi pilinqidir. Ozonoterapiya isə müalicə əsnasında immuniteti gücləndirməyə yardımçı olur.
Xülasə
Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asandır. Başqalarının, hətta ailə üzvlərinizin şəxsi gigiyena əşyalarından, dekorativ kosmetika vasitələrindən istifadə etməyin. Eyni zamanda diş fırçası, süngərlər (moçalka), kiprik üçün tuş, gün eynəyi də fərdi olmalıdır.
Çox sağolun həkim.verdiyiniz məlumata görə
Məlumatlardan yararlandığınıza şadam.
Halaldi
Məlumatlardan yararlandığınıza çox şadam.
Cox sagolun meslehetinizi aciq wekilde yazmisiniz.ALLAH sizden razi olsun
Salam..üzümde gene var..nece qebula düse bilərəm
Salam. 055 229 96 94 nömrəsinə yaza və ya zəng edə bilərsiniz.