Komedon

03 Dekabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 3235
Komedon foto
4/5 - (2 səs)

Komedon – dəri məsamələrinin piy qatı və buynuzlaşmış epitellə tıxanması nəticəsində yaranır. Bu söz latın dilindən tərcümədə ağ rəngli və ya kista şəkilli akne deməkdir. Onun adətən 2 tipi ayırd edilir: qapalı və açıq. Açıq forma el arasında “qara nöqtə” adlanır. Dəridə formalaşan ağ rəngli, kiçik ölçülü sızanaqların bir tipi də miliumdur.

Qapalı komedon nədir?

Əksər hallarda kiçik ağ sızanaqlar şəklində təzahür edir. Qara nöqtələrdən (açıq komedondan) fərqli olaraq, qapalı forma ağ papula (qabarcıq) şəklində zərif dəri qatının altında yerləşir. Qapalı komedonlar kiçik ölçülü və demək olar ki, ağrısızdır. Bəzən onlar iltihablaşıraraq, akneyə çevrilir.

Qapalı komedon niyə əmələ gəlir?

Bir sıra insanlar məsamələrin tıxanmasına və komedonun inkişafına meyllidir. Bu, dəri piyinin normadan artıq ifrazı və ya hiperkeratoz (dərinin üst qatının qalınlaşması) ilə əlaqəlidir. Qapalı komedon əksərən yeniyetmələrdə, yağlı dəri tipinə malik yetkin insanlarda müşahidə olunur.

Araşdırmalar göstərir ki, siqaretdən istifadə məsamələrin qapanmasına və dərinin vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Həmçinin ağır kremlər, losyon və efir yağlarının tətbiqi, eləcə də tam təmizlənməmiş makiyajın qalıqları qapalı komedon ilə nəticələnə bilər.

Komedon foto 1

Komedonal akne

Əgər üzdə çoxsaylı açıq və ya qapalı komedon varsa, habelə onların bəziləri iltihablaşaraq akneyə çevrilərsə, buna aknenin komedonal forması deyilir. Belə vəziyyətlərdə dermatoloqun konsultasiyası mütləqdir.

Qapalı komedondan necə qurtulmaq olar?

Ən vacib şərt odur ki, heç bir halda komedonu sıxmayın. Çünki onu iltihablaşdıracaqsınız. Spirt və sabun kimi dərini qurudan vasitələrdən uzaq durun. Onlar dərinin üst qatlarını qurudub, vəzlərin fəaliyyətini artıracaqdır. Kimyəvi turşulu losyonlar və yumşaq skrablardan istifadə etmək Sizin üçün faydalı olacaqdır.

Dərini təmizlənmək məqsədilə alfahidroksi və betahidroksi turşulardan hazırlanmış losyonlara üstünlük verin. Alfahidroksiturşulara – qlikol turşusu, süd turşusu və meyvə turşuları aiddir. Betahidroksiturşu isə salisil turşusudur.

İlk öncə kiçik konsentrasiyalı vasitələr seçib, onları tədricən tətbiq edin ki, dəri qıcıqlanmasın. Günəş şüasına qarşı vasitələrlə mütləq dərinizi qoruyun.

Qapalı komedonlarla mübarizədə retinoidlər də effektivdir. Onlar yalnız həkim-kosmetoloq tərəfindən təyin edilməlidir.

Komedon foto 2

Açıq komedon nədir?

Açıq komedon – sızanağın qeyri-iltihabi forması olub, tük follikulunun buynuz kütlə (epitel və qalın piy qatı) ilə tıxanması nəticəsində əmələ gəlir. Onun ölçüsü 0.1-2 mm arasında dəyişir.

Əksər insanların fikrincə açıq komedon dərinin çirkli olması səbəbindən yaranır. Əslində bu doğru fikir deyil. Çünki üzü tez-tez yumaq qara nöqtələrin qarşısını almır.

Açıq komedon piy axacaqlarının və tük follikullarının tutulması ilə əlaqədar formalaşır. İlkin mərhələlərdə piy tıxacı ağ və ya şəffaf maye şəklində olur. Zamanla piy bərkiyərək, məsamədə sarı rəngli yumaq şəklində özünü büruzə verir.

Bir müddətdən sonra piy oksigenin təsirindən turşuyaraq, qara nöqtəyə çevrilir. Qara rəng piyin tərkibindəki tirozinin turşuması nəticəsində yaranan melaninlə bağlıdır. Melanin – dəriyə tünd rəng verən piqmentdir.

Komedon foto 3

Açıq komedon iltihablaşdıqda nə baş verir?

Piy vəzisi infeksiyalaşdıqda, papula (düyüncük) və ya pustula (irinlik) formalaşır. Sonrakı mərhələlərdə irin epidermisin üst qatına çıxır. Leykositlərdən ibarət iltihabi infiltrat sızanağı əhatə edir, daha sonra öz-özünə sorulur. İri ölçülü irinliklər sağaldıqdan sonra yerində çapıq izləri qalır.

Milium

Dəridəki kiçik, ağ sızanaqların daha bir tipi milliumdur. Onlar sızanağa bənzəsə də, dəri piyi və məsamələrlə əlaqəli olmurlar. Milium dəri altındakı keratindən – ölmüş hüceyrələrdən təşkil olunan düyündür. Ona istənilən yaş dövründə təsadüf edilir.

Sızanağın bu növü öz-özünə keçib gedir, heç bir təhlükə kəsb etmir. Əsasən gözətrafı nahiyədə, yanaqlar və  burunda müşahidə edilir. Onlar ağrı, qaşıntı, iltihab törətmir və ən əsası, irinli sızanağa çevrilmir.

Xülasə

Komedonu heç vaxt əllə sıxmayın. Sayca çox olduqda düzgün müalicə aparmaq üçün həkimə müraciət edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4/5 - (2 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir