Qribok xəstəliyinin müalicəsi
Göbələk xəstəliyi əhali arasında geniş yayılmışdır. Bu patologiyaya ayaq dırnaqlarında daha çox rast gəlinir. Dırnaqların göbələyi onixomikoz adlanır. Onixomikoz başlanğıcda zəif əlamətlərlə təzahür edir. Zaman keçdikcə dırnaq lövhəsinin səthi dağılır, diskomfort və ağrı hissi meydana çıxır.
Müalicə aparılmadıqda xəstəlik sürətlə sağlam dırnaqlara yayılır. Əgər Sizin də dırnağınızda rəng dəyişikliyi və çatlar varsa, qribok xəstəliyinin müalicəsi üçün dərhal dermatoloqa müraciət edin.
Qribok xəstəliyinin başlıca əlamətləri
- Dırnaqların soyulması və tez qırılması;
- Dırnaq formasının deformasiyası;
- Dırnaq ətrafındakı toxumanın iltihabı;
- Dırnaqların həddindən artıq qalınlaşması, sərtləşməsi;
- Dırnaqların rənginin dəyişməsi (qaralma, saralma).
Qribok xəstəliyinə yoluxma yolları
Zəif immunitetə və zədələnmiş dəri örtüyünə malik insanlar gigiyena qaydalarına əməl etmədikdə, infeksiyaya yoluxma riski yüksəlir. Dəri çatları, kəsik və yaralar xəstəliyə açıq qapı sayılır. Həmçinin çox tərləyən, quru dərili, eləcə də dar ayaqqabı geyinən şəxslərdə patogen mikrofloranın çoxalması üçün əlverişli şərait olur.
Yoluxma ehtimalını artıran amillər
- Varikoz xəstəliyi;
- İmmunitetin zəifləməsi;
- Ətrafların donması;
- Rezin və ya süni dəridən hazırlanan ayaqqabılardan istifadə;
- Endokrin sistemin xəstəlikləri;
- Onixomikozlu xəstə ilə birbaşa təmas;
- Yastıpəncəlik, barmaqların sıx yerləşməsi.
Qribok xəstəliyinin əsas müalicəsi
Qribok xəstəliyinin müalicəsi aşağıdakı vasitələrlə aparılır:
- Yerli təsirli preparatlar – müalicəvi kremlər, mazlar və plastırlar
Pasiyentlərə əsasən krem və sprey formasında Lamizil dərmanı təyin olunur. Antiseptik, göbələk və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Təsiri 3-4 gün sonra bilinir. Hamilələr və süd verən anaların istifadəsi qadağandır.
Qribok xəstəliyinin erkən mərhələlərində Terbiks kremi işə yarayır. Aktiv maddəsi terbinafin hesabına patogen mikroorqanizmlərin qidalanmasına mane olur, göbələk infeksiyasını məhv edir.
Həmçinin Termikon krem, Loseril, Oflomil dırnaq boyaları (lakları) qribok xəstəliyinin müalicəsi zamanı müsbət nəticə verir.
- Daxilə qəbul üçün preparatlar
Flukonazol müəyyən fasilələrlə 3-6 ay ərzində içilir.
Dırnaqların total (tam) zədələnməsində sistem şəkilli antimikotik dərmanlar faydalı sayılır. Mikozoral, ketokonazol bu qrupa aiddir.
Qeyd: sadalanan dərmanlar məlumat məqsədi daşıyır. Həkim rəyi olmadan onları özbaşına qəbul etmək olmaz.
Xülasə
Göbələk xəstəliyi heç bir vaxt öz-özünə sağalmır. Proses tədricən dırnağın sərt qişasına və ətraf toxumalara yayılır. Qribok xəstəliyin müalicəsi üçün mütləq dəri həkiminə müraciət edin.