Ziyilin lazerlə yandırılması

03 Yanvar 2020 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 3403
Ziyilin lazerlə yandırılması foto 2
3.3/5 - (3 səs)

Adi ziyilpapilloma bəzən elə nahiyələrdə əmələ gəlir ki, bu, estetik baxımdan diskomfort törədir. Belə vəziyyətlərdə insanlar tez bir zamanda ziyildən qurtulmağa çalışır. Ziyilin lazerlə yandırılması müasir dövrdə geniş tətbiq olunan üsullardandır. Prosedur haqqında məlumata keçməzdən əvvəl qısaca olaraq, ziyilin növlərini araşdıraq.

Ziyilin ən çox rast gəlinən növləri

Vulqar (adi) ziyil

Daha çox məktəblilərdə qeydə alınır. Dəridə aşkarlanan ziyillərin 70%-ni təşkil edir. Dəri səthindən qabaran, nahamar və səthi  buynuzlaşmış törəmələr əksərən əldə, dodaq kənarlarında yerləşir. Ona üz və ağzın selikli qişasında az hallarda təsadüf edilir.

Yastı ziyil

Yayılma tezliyi 4%-dir. Yeniyetmələrdə və gənclərdə əlin üstündə, pəncədə, ağzın selikli qişasında əmələ gəlir. Xarici görünüşcə hamar səthli, azca qabarıq, müxtəlif formalı törəmələrdir.

Ovuc-ayaqaltı ziyil

Bütün ziyillərin 34%-ni əhatə edir. Onlar səthi yerləşərək, buynuzqatlı, laylı, qabarıq olur.

Sapvari ziyil

Dəri rəngi və tünd-qəhvəyi çalar aralığında ayaqcıqlı yumşaq ziyillərdir. Onlar adətən boyun, göz qapaqlarının dərisi, qasıq, qoltuq və döşlərin altında aşkarlanır.

İtiuclu kondiloma

Cinsi orqanların selikli qişasında, düz bağırsaqda və anus ətrafında qrup şəklində rast gəlinən ziyillərdir. Bu ayaqcıqlı törəmələr görünüşcə gül kələmini xatırladır.

Ziyilin lazerlə yandırılması foto

Ziyilin lazerlə yandırılması necə aparılır?

Bu metod dəridəki törəmələri kənarlaşdırmağın ən təhlükəsiz və effektiv yoludur. Lazerin köməyilə törəmə qatları laylarla yandırılır. Xəstənin istəyi ilə anesteziya tətbiq edilə bilər.

Yüksək texnologiya sayəsində ziyilin lazerlə yandırılması qonşu toxumaları zədələmədən həyata keçir. Prosedur əsnasında lazer şüasının diametrini tənzimləmək mümkündür.

Ziyilin lazerlə yandırılması orta hesabla 5-7 dəqiqə davam edir. Bu üsulla üz və bədənin istənilən hissəsindəki ziyillər yandırıla bilər. Prosedurdan sonra bərpa dövrü qısa sürür, dəri sürətlə sağalır.

Ziyilin lazerlə yandırılması metodunun üstünlükləri

Metodun əsas üstünlüyü ziyil yerində çapıq, çat və izin qalmamasıdır. Bu, bədənin açıq yerləri, üz və boyun üçün xüsusi əhəmiyyət kəsb edir. Lazerlə yandırma üsulu qansız və ağrısızdır. Ən əsası ziyilin yerində yenisi əmələ gəlmir. Lazer üsulu ilə təkcə ziyil deyil, digər xoşxassəli törəmələrin də yandırılması mümkündür.

Ziyilin lazerlə yandırılması foto 1

Ziyilin lazerlə yandırılması proseduruna hazırlıq

  • Manipulyasiyadan əvvəl ziyili ultrabənövşəyi şüaların təsirindən (solyariy, günəş altında qalmaq) qorumaq lazımdır.
  • Həkimə gedəcəyiniz gün həmin nahiyəyə krem, losyon sürtməyin. Ziyil üzünüzdə yerləşərsə, makiyajdan da imtina edin.

Ziyilin lazerlə yandırılması prosedurundan sonra bəzi qaydalar

  • Ziyili lazerlə yandırıldıqdan sonra ilk günlərdə yerində tünd rəngli qara qabıq görünür. Onu əsla qopartmayın. Çünki bu qabıq orqanizmin müdafiə reaksiyasıdır. Onu soyduqda və ya qopartdıqda yara iltihablaşa, hətta irinləyə bilər. 5-10 gün sonra qabıq öz-özünə düşür, altındakı yara da tamamən sağalır.
  • Yara yerinə yod və ya spirt vurmayın.
  • Duş qəbul etdikdən sonra dərinizi yaxşıca qurulayın.

Prosedurdan sonra hər hansı bir narahatlıq baş veridikdə, onu özbaşına həll etməyə çalışmayın. Çünki ən yaxşı halda ziyilin yerində piqment ləkəsi qala bilər. Ona görə də dəri həkiminə, yəni müdaxiləni icra edən dermatoloqa müraciət etməyiniz məsləhətdir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.3/5 - (3 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir