Dəriyə qulluq

Qadının gözəl görünməsi üçün müəyyən vəsait və zaman tələb olunur. Cazibənizi qorumaq üçün həkim kosmetoloqa getmək, müəyyən prosedurlardan keçmək, həmçinin ev şəraitində dəriyə qulluq göstərmək vacibdir.
Səhər saatlarında dəriyə qulluq necə aparılır?
Günə başladıqda sadə qaydalara əməl etməklə dərinizin sağlamlığını qoruya bilərsiniz. Bunun üçün yuxudan oyandıqda aşağıdakıları tətbiq etməyiniz məsləhətdir.
Su qəbulu
Su bədən kütləsinin 65-70%-ni təşkil edir. Orqanizmin təbii yollarla (tər, sidik ifrazı) itirdiyi suyu bərpa etmək lazımdır. Yuxudan qalxdıqda 1-2 stəkan su qəbulu günə gümrah başlamanıza və dərinizin canlanmasına kömək edir. Dərinin nəm balansını qorumaq üçün su rejiminə riayət olunmalıdır. Gün ərzində 1-1.5 litr su içməyi unutmayın.
Dəriyə qulluq növü – üzün təmizlənməsi
Bəzi qadınlar səhərlər üz dərisində makiyajın olmaması səbəbindən onu təmizləməyə ehtiyacın yaranmadığını düşünürlər. Bu olduqca səhv fikirdir. Yuxudan oyandıqda gecə vaxtı dəridə toplanan sekresiya məhsulları, piy qatının əlavələri, gecə tətbiq etdiyiniz qulluq vasitələri mütləq təmizlənməlidir. Belə ki, həmin hissəciklər məsamələrə toplanıb, tədricən komedon, akne, sızanaq əmələ gətirir. Dəri tipinə uyğun təmizləyici vasitələrlə bu proseduru yerinə yetirə bilərsiniz.
Tonikdən istifadə
Dərinizi təmizlədikdən sonra müvafiq tonikdən istifadə edin. Losyon-tonik dərini kifayət qədər nəmləndirir, gündüz kreminin dəriyə hopmasını yaxşılaşdırır.
Nəmləndirmə
Tonikdən sonra dəriyə nəmləndirici krem çəkin. Ardınca makiyaj edə bilərsiniz. Quru və həssas dəriyə qidalandırıcı, sakitləşdirici, normal dəriyə isə nəmləndirici-təravətləndirici, yağlı və qarışıq dəriyə absorbsiyaedici kremlər çəkin.
Səhərlər tərkibində vitamin olan vasitələrdən də istifadə etməlisiniz.
Gündüz vaxtı dəriyə qulluq necə aparılır?
Gün ərzində çirkli əllərlə üzünüzə toxunmayın, əks-təqdirdə dərinizdə iltihabi proseslər baş verə bilər. Əksər qadınlar gün ərzində makiyajlarını tez-tez yeniləyir, qatbaqat pudra və tonal krem çəkirlər. Belə yanaşma yalnışdır. Əgər makiyajdakı çatışmazlıqları düzəltmək lazımdırsa, dərinizi təmizləyib, sıfırdan yenisini çəkin. Çünki çoxqatlı makiyaj məsamələri bağlayır, dərini qocaldır. Dərinizdə yağlı parıltı varsa və ya tər ifrazı normadan çoxdursa, matlaşdırıcı salfetlər köməyinizə gələcək.
Müalicəvi və ya dəriyə qulluq kremlərini makiyajın üstündən çəkməyin.
Dərini nəmləndirici qulluq kremi
Gün ərzində əlavə nəmlənmə dəriyə fayda verir. Əgər Siz kondisionerli məkanda çalışırsınızsa, buna daha çox ehtiyac yaranır. Dərini termal su ilə təravətləndirin. Onu makiyajın üstündən çəkmək mümkündür. Dərinizi uzun müddət nəm halda saxlamaq istəyirsinizsə, üzərində 24 saat nəmləndirmə yazan kremlərdən istifadə edin.
Axşam saatlarında dəriyə qulluq
Axşamlar dəriyə qulluq ilk öncə onu təmizləmək, üz üçün maskalar və ya krem çəkməkdən ibarətdir.
Dərinin təmizlənməsi
Axşamlar dərini dərindən təmizləmək lazımdır. Bu, 2 mərhələdə aparılır:
- makiyajın silinməsi (makiyajı silmək üçün südlər və ya miselyar su ilə)
- təmizləyici pilinq və ya maska ilə dərindən təmizləmə.
Tonikdən istifadə
Səhər tətbiq etdiyiniz losyon-toniklə axşamlar da üzünüzü silməyiniz tövsiyə olunur.
Dərini nəmləndirmə və qidalandırma
Gecə vaxtı sıx, qatı teksturalı krem, serum və maskalardan istifadə etmək olar. Bu vasitələr üz dərisini cavanlaşdırır, qidalandırır, canlandırır, nəmləndirir və strukturunu bərpa edir.
Xülasə
Sadalananlardan əlavə təravətləndirici, qidalandırıcı üz maskaları, hialuron turşusu tərkibli serumlar ilə dəriyə qulluq mümkündür. Maskaları hazır formada əldə etdikdə və ya özünüz evdə hazırladıqda onların dəri tipinə uyğun gəlməsinə fikir verin.