Qidalandırıcı üz maskaları

10 Dekabr 2019 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 3535
Qidalandırıcı üz maskaları foto
3.7/5 - (4 səs)

Dərinin gözəllik və sağlamlığını qorumaq üçün vaxtaşırı maskalardan istifadə olunmalıdır. Qidalandırıcı üz maskaları dəri qatlarını müxtəlif vitamin və mikroelementlərlə təmin edir.

Qidalandırıcı üz maskaları hansı qaydada tətbiq edilir?

  • Maskaları öncədən hazırlayıb saxlamaq olmaz;
  • Qidalandırıcı üz maskasını çəkməzdən öncə dəri yüngül skrabla təmizlənməli və ya buxara verilməlidir;
  • Prosedurdan sonra 1 saat ərzində küçəyə çıxmaq icazəli deyil;
  • Qidalandırıcı üz maskaları həftədə 2-3 dəfə tətbiq olunduqda effekti tez bilinir;
  • 2 həftədən sonra 7 gün fasilə verilməli və prosedur yenidən təkrarlanmalıdır;
  • Kurs şəklində göstərilən maskalar müəyyən sayda tətbiq edilir, onlar dövri deyildir.

Quru dəri üçün qidalandırıcı üz maskaları

Quru dəriyə qulluq xüsusi məsuliyyət tələb edir. Yeri gəlmişkən qeyd edək ki, quru dəri qırışlara daha çox meylli olur. Vaxtından tez yaşlanmaq istəmirsinizsə, dəriyə qulluq prosedurlarını müntəzəm şəkildə yerinə yetirin.

Quru dəri üçün qidalandırıcı aloe maskası effektiv vasitələrdən sayılır. 1 x.q. aloe şirəsini 1 x.q. portağal şirəsi və 1 yumurta sarısı ilə qarışdırın. Maskanı dərinizə çəkib, 20 dəqiqə saxlayın. Üzünüzü otaq temperaturunda (23ºC) olan qazsız mineral su ilə yuyun.

Qidalandırıcı üz maskaları foto 1

Həddindən artıq quru dəri üçün qliserinli qidalandırıcı üz maskaları

Maska bütün dəri tipləri, xüsusən də quru dəri üçün nəzərdə tutulmuşdur. 1 yumurta sarısını 1 x.q. qliserin və eyni miqdarda balla qarışdırın. Maskanı üz dərinizə çəkib, 30 dəqiqə gözləyin. Vaxtın tamamında isti (qaynar olmasın) su ilə onu yuyun.

Toyuq yumurtasının sarısı qida maddələri ilə zəngin olduğundan bu məhsuldan çoxsaylı maskalar hazırlamaq mümkündür. Məsələn, yumurtanın sarısını ağından ayırıb, 1 ç.q. bitki yağı (zeytun və ya badam yağı) ilə qarışdırın. Üzünüzə çəkib, quruyana qədər gözləyin. Qarışığı ilıq su ilə təmizlədikdən sonra dərinizə nəmləndirici krem çəkin.

Yağlı dəri üçün qidalandırıcı üz maskaları

Gildən hazırlanmış qidalandırıcı maska dərini həm təmizləyir, həm də faydalı mineral və bioloji maddələrlə təmin edir. Bu məqsədlə 1 xör.qaş. ağ gili isti süddə həll edin. Qatı xama şəklini alana qarışdırın. Daha sonra üzərinə 1 çay qaş. zeytun yağı və limon şirəsi əlavə edin. Maskanı gözətrafı nahiyə istisna olmaqla, üzünüzə çəkin.

Kartofdan qidalandırıcı üz maskaları

Dəridə qan dövranını sürətləndirir, aktiv komponentlərin dəriyə nüfuz etməsinə kömək edir. Bunun üçün 1 ədəd orta ölçülü kartofu suda qaynadın. Hazır olduqda əzin. Kartof püresinə 2-3 xör.qaş. süd və 1 xör.qaş. qatıq əlavə edin. Hazır qarışığı üz dərinizə yaxın.

Qidalandırıcı üz maskaları foto 2

Meyvələrdən üz üçün qidalandırıcı maskalar

Alma, üzüm, naringi (mandarin) və ya portağal lətinə 1 x.q. kəsmik əlavə edib, yaxşıca qarışdırın. Maskanı üzünüzə çəkib, 15-20 dəqiqə gözləyin. Vaxt başa çatdıqda dərinizi ilıq su ilə yuyun və nəmləndirici krem sürtün.

Normal dəri üçün qidalandırıcı üz maskaları

Mayalı maska resepti

1 x.q. quru mayanı 3 x.q. isti süddə həll edin. Maya qabardıqdan sonra həmin qaba 1 ç.q. bal, 1 x.q. un əlavə edib, yaxşıca qarışdırın. Maskanı üzünüzdə 15 dəqiqə saxlayın. İlıq su ilə yuduqdan sonra nəmləndirici krem sürtün.

Ballı maska

Üz dərisini qidalandırır, nəmləndirir, qabıqlanmanı azaldır. Bunun üçün 2 xör. qaş. duru balı 1 xör.qaş. yumşaq kərə yağı və 2 xör.qaş. əzilmiş bananla qarışdırın. Üzünüzə çəkib, 15-20 dəqiqə gözləyin. Maskanı ilıq su ilə təmizləyib, dərinizə nəmləndirici krem çəkin.

Qidalandırıcı üz maskaları foto 3

Yetkin dəri üçün qidalandırıcı üz maskaları

Kürüdən hazırlanmış qidalandırıcı maska yetkin dəri üçün çox effektivdir. Bu maska bahalı olsa da, onun təsiri inanılmazdır. Deməli, 1 ç.q. qırmızı kürünü 1 x.q. zeytun yağında həll edib, üzünüzə çəkin. 20-30 dəqiqədən sonra isti su ilə yuyun. Ümumi kurs həftədə 3 dəfə tətbiq etməklə 12 maskadan ibarətdir.

Ballı, xamalı, yumurtalı maska

1 çay qaşığı balı 1 xörək qaşığı xama və 1 yumurta sarısı ilə qarışdırın. Daha doğrusu çalın. Alınmış qarışığı üz dərinizdə 20 dəqiqə saxladıqdan sonra yuyun.

Banan, qatıq və qara bibərdən hazırlanan maska resepti

Bu maska üçün ½ banan, 1 xör.qaş. qatıq və ya aloe şirəsi, bıçağın ucunda qara istiot lazımdır. İnqrediyentlər otaq temperaturunda olmalıdır. Məhsulları saxsı və ya şüşə qabda yaxşıca qarışdırıb, üzünüzə çəkin. 25-30 dəqiqə keçdikdə yuyun. Kurs həftədə 3 dəfə təkrarlanmaqla 10 maskadan ibarətdir.

Xülasə

Sadaladığımız reseptlərin tərkibində allergen məhsullar yoxdur. Lakin hər hansı bir maska üzə çəkildikdə diskomfort, yanğı hissi və ya qaşınma törədərsə, onu dərhal yuyun və bir daha istifadə etməyin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.7/5 - (4 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir