Quru dəriyə qulluq

Qadınlar dəriyə qulluq məsələsinə çox ciddi yanaşırlar. Onlar müxtəlif prosedurlar, ev şəraitində üz maskaları və kosmetik vasitələrlə gözəlliklərini saxlamağa çalışırlar.
Lakin vurğulamaq lazımdır ki, quru dəri nisbətən tez qocalır, qırışlara meylli olur. Buna görə də quru dəriyə qulluq digər dəri tiplərinə nisbətən daha önəmlidir.
Quru dərini necə tanimaq olar?
Dəri quruluğunun əlamətləri aşağıdakılardır:
- həssas olur;
- üzərində yağlı parlaqlıq müşahidə edilmir;
- məsamələrə demək olar ki, rast gəlinmir;
- sızanaq və səpkilərə az təsadüf edilir;
- qabıqlanır, pulcuqlanır;
- üz dərisində bəzən dartılma hiss edilir.
Dəri qurumasının səbəbləri nələrdir?
- genetik meyllik, irsiyyət;
- üzünmüddətli günəş vannaları, solyari;
- dəriyə qeyri-düzgün qulluq;
- xarici mühit faktorları (quru hava, kondisioner, güclü külək, şaxta və s.)
- atopik dermatit. Bu xəstəliyin müalicəsi üçün dermatoloqa, yəni dəri həkiminə getmək mütləqdir. Özbaşına heç bir qidalandırıcı və ya nəmləndirici kremlərlə xəstəlik aradan qalxmır.
Quru dəriyə qulluq qaydalari
Gənc yaşlarda dəri adətən problemli olmur. Quru dəri öz xarakterini 25 yaşdan sonra bəlli edir. Güclü dartılma hissi, qabıqlanma və yüksək həssaslıq müşahidə edilir. Quru dəriyə qulluq qaydaları bunlardır:
- yatmazdan əvvəl üzünüzdəki dekorativ kosmetikanı silin;
- tərkibində retinol olan kosmetik vasitələrdən istifadə etməyin. Çünki onlar dərini qurudur;
- makiyajı silmək və dərini təmizləmək üçün miselyar su, hidrofil yağ və ya makiyaj təmizləmə südü məsləhətdir. Üzünüzü krandan axan su ilə yumayın.
- iri dənəcikli skrablardan imtina edin;
- gündüz və gecə üçün nəzərdə tutulan kremlərdən istifadə edin;
- gözətrafı dəriyə lazımi qaydada qulluq edin. Belə ki, bu nahiyyə daha həssasdır;
- gündə 2 dəfə qidalandırıcı və nəmləndirici krem çəkin;
- sutkada 1.5-2 litr su için;
- 25 yaşdan etibarən erkən yaşlanmanın profilaktikası ilə məşğul olun;
- quru dəri üçün üz maskalarını tətbiq edin.
Quru dəriyə qulluq mərhələləri
Təmizləmə
Miselyar su və ya yağla makiyajı silin. Bu vasitələr üzdəki kosmetika və yağları həll edərək, emulsiyaya çevirir. Su ilə yuyulduqda qalıqlar tamamən təmizlənir. Quru dərini yumaq üçün köpük və kosmetik süd daha uyğundur. Dəri səthinin zədələnməsi üçün tərkibində kiçik hissəciklər olan skrabları tətbiq edin.
Tonik
Quru dəriyə qulluq məqsədilə vaxtaşırı üz dərinizi tonuslandırın. Dəri nə qədər təmizdirsə, qidalandırıcı və nəmləndirici krem daha yaxşı hopur. Üz üçün toniki pambıq diskə töküb, dərinizi ehtiyatla silin. Tonik dərinin pH balansını bərpa edir.
Nəmləndirmə
Nəmləndirmə səthi və dərin olur. Səthi nəmləndirmə dərinin üst qatında görünməz baryer yaradır. Bu isə nəmi saxlayaraq, buxarlanmanın qarşısını alır. Dərin nəmlənmə dəri daxilində su molekullarını birləşdirərək, toxumaları hüceyrə səviyyəsində bərpa edir. Səthi nəmlənmə kremlər, dərin isə serumlar və maskalar vasitəsilə aparılır.
Qidalandirma
Quru dərinin qidalanmasına gecə kremi cavabdehlik daşıyır. Onun əsas vəzifəsi dərini lipidlər, amin turşuları və yağlarla təmin etməkdir. Bu maddələr su-lipid balansını saxlamaq və dərinin müdafiə funksiyalarının bərpası üçün lazımdır.
Gecə və gündüz saatlarında dəriyə qulluq
- Gündüz: SPF (günəş şüasından qoruyucu) kremlərdən istifadə edilməlidir. Gündüz kreminin teksturası yüngül olmalıdır.
- Gecə: təmizlənmə, qidalanma və bərpaya üstünlük verilməlidir. Demakiyaj vasitələrindən mütləq istifadə edin. Həminin tonik və gecə kremi də zəruridir. Gecəvaxtı dəriyə qulluq üçün daha qatı və zəngin teksturalı vasitələr seçilməlidir.
Mövsümə görə quru dəriyə qulluq
İlin müxtəlif fəsillərində üz dərisinə qulluğun özünəməxsus xüsusiyyətləri vardır.
Qiş
Temperatur endikcə dəri həssaslaşır və qıcıqlanır. Bu səbəbdən daha onun intensiv nəmlənmə və qidalanmasına ehtiyac yaranır. Ona görə də soyuq aylarda sıx teksturalı kremlərə üstünlük verin. Həftədə 1-2 dəfə qidalandırıcı üz maskaları tətbiq edin.
Yaz
Mart-aprel aylarında dodaq dərisinə xüsusi qulluq edin. May ayından etibarən SPF kremlərə keçin.
Yay
Bu fəsildə önəmli olan birbaşa günəş şüasında uzun müddət qalmamaqdır. Dəriniziə SPF-i yüksək olan kremlər sürtün. Tərkibində pantenol və aloe vera olan vasitələr alın. Onlar yüksək temperaturda dəriyə sakitləşdirici təsir göstərir.
Payiz
Sentyabr-noyabr aylarında qidalandırıcı və nəmləndirici kremləri, maskaları tez-tez tətbiq edin.
Quru dəriyə qulluq üçün kosmetika necə seçilir?
Quru dəri üçün zəruri kosmetik vasitələri təqdim edirik:
- makiyajı silmək üçün yuyucu vasitə
- nəmləndirici tonik
- yüngül gündüz, qidalandırıcı gecə kremi
- dərin nəmləndirmə üçün serum
- maskalar
Seçim zamani nəyi nəzərə almaq lazimdir?
- ilk öncə üzərində “quru dəri üçün” sözləri yazılan vasitəni seçin;
- spirt, qələvi, mineral yağ, retinol tərkibli kosmetikadan uzaq durun. Onlar qurumaya səbəb olur, nəticədə dəri qızarır, dartılır;
- tərkibində gil olan vasitələrə qarşı ehtiyatla davranın. Çünki gil dəridən suyu sorur;
- hialuron turşusu, keramidlər, aminturşuları, koenzim Q10, skvalan, qliserin kimi komponentləri olan kosmetikadan istifadə edin;
- dərinizi yüklənməyin. Həm SPF, həm də tonal kremi ayrı-ayrılıqda çəkmək əvəzinə, ikisi birində cəmləşən vasitələrə üstünlük verin;
- tərkibində təbii yağlar olan qidalandırıcı kremlər daha faydalı sayılır;
- aqressiv pilinq prosedurlarından çəkinin;
- dərini sərbəst radikallardan qoruyan antioksidant təsirli, C, E, A, maqnezium, selen əsaslı vasitələri seçin.
Xülasə
Əgər kosmetik və qulluq vasitəsi seçimində çətinlik çəkirsinizsə, həkim kosmetoloqa məsləhətləşin.