Atopik dermatit

21 Noyabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1473
Atopik dermatit foto
4.2/5 - (4 səs)

Atopik dermatit və ya atopik ekzema dərinin xroniki iltihabi xəstəliyidir. Adətən uşaq yaşlarında yaranaraq, yetkinlik dövrünə qədər davam edə və ya residiv verə bilər. Patologiyanın əsasında çox zaman irsi meyllik dayanır. Atopik dermatitə əksərən allergik xəstəliklərdən (bronxial astma, allergik rinit, qida allergiyası) əziyyət çəkən uşaqlarda rast gəlinir.

Atopik dermatitin yayılması

İnkişaf etmiş ölkələrdə atopik dermatit xəstəliyinin rastgəlmə tezliyi 10-20%-dir. Əlamətlər uşaqların 60%-də 6 aylığa qədər, 75%-də 1-yaşa kimi, 80-90%-də isə 7 yaşa qədər aşkarlanır.

Atopik dermatitin risk faktorları

Xəstəliyin inkişafında əsasən endogen, yəni daxili faktorlar böyük rol oynayır. Onlara irsiyyət, dərinin hiperaktivliyi, dəridə funksional və biokimyəvi proseslərin pozulması aiddir.

Qeyri-allergen ekzogen faktorlar sırasına psixoemosional gərginlik, siqaret tüstüsü daxildir. Allergen ekzogen faktorlar isə uşaqda allergiya törədən qida məhsulları, toz, rütubət, heyvan tükü və s. ola bilər. Bu amillər əslində endogen faktorlarla birlikdə təzahür edir.

Atopik dermatit foto 1

Atopik dermatit necə təsnif edilir?

Xəstəliyin inkişaf mərhələsi və fazasına görə təsnifat

  • Başlanğıc mərhələ
  • Proqressiv mərhələ
    • Kəskin faza
    • Xroniki faza
    • Yarımkəskin faza
  • Remissiya
    • Tam remissiya
    • Natamam remissiya
  • Tam kliniki sağalma

Uşağın yaşından asılı olaraq atopik dermatitin klinik formaları aşağıdakılardır:

  • Yenidoğulmuş (1 ay-2 yaş arası)
  • Uşaq (2-12 yaş arası)
  • Yeniyetmə (12 yaşdan yuxarı)

Ağırlıq dərəcəsinə görə xəstəliyin dərəcələri

  • Yüngül
  • Orta-ağır
  • Ağır

Atopik dermatit foto 2

Atopik dermatit hansı yolla təyin edilir?

Xəstəliyin diaqnozu mütləq və əlavə göstəricilərə əsasən qoyulur.

Atopik dermatit xəstəliyinin mütləq nişanələri:

  • Dərinin qaşınması
  • Tipik lokalizasiya (üz, boyun, qolaltı, dirsək, dizaltı, qasıq, başın tüklü hissəsi, sırğalığın arxası və s.)
  • İrsiyyət (ailədə və nəsildə atopik dermatit xəstəliyinin varlığı)
  • Xroniki residivləşən gedişat

Əlavə göstəricilər

  • Qanda IgE-nin yüksəlməsi
  • Xəstəliyin 2 yaşa qədərki dövrdə başlaması
  • Ayaq altının və ovucların büküşlü, xətli olması
  • Üz və çiyin qurşağında ağımtıl ləkələr
  • Follikulyar hiperkeratoz (çiyin və dirsəklərdə buynuzlaşan papulalar-qabarcıqlar)
  • Qabıqlanma
  • Əl və ayaqlarda qeyri-spesifik dermatit
  • Dərinin tez-tez rast gəlinən infeksion zədələnmələnmələri (stafilokokk, herpes, göbələk mənşəli)
  • Ağ dermoqrafizm
  • Tər ifrazının çoxalması fonunda qaşınma
  • Boynun ön səthində büküşlər
  • Gözaltı qaralar
  • 2 yaşına qədər uşaqları çimizdirdikdən sonra dəridə qabıqlanma və qaşınma

Diaqnozun təsdiqlənməsi üçün 3 mütləq və ən azı 3 əlavə göstərici olmalıdır.

Atopik dermatit foto 4

Atopik dermatit necə müalicə olunur?

Xəstəliyin müalicəsi kompleks şəkildə həyata keçirilir. Xəstələrin müalicə sxemini təqdim edirik:

  • Xarici terapiya
  • Sistem şəkildə farmakoterapiya
    • Antihistamin preparatlar (Alerzin, Suprastin)
    • Membranı stabilləşdirən preparatlar
    • Kalsinevrinin inhibitorları
    • Mədə-bağırsağı tənzimləyən preparatlar
    • İmmuniteti yüksəldən vasitələr
    • Sinir sisteminin funksiyasını normaya salan dərmanlar
    • Tərkibində doymamış yağ turşuları olan vasitələr
    • Antibiotiklər
    • Xüsusi göstəriş olduqda kortikosteroidlər

Atopik dermatitin proqnozu

Xəstəlik dalğavari gedişə malikdir. Uşaqların 60%-də simptomlar zamanla itir, digərlərində isə sonrakı illərdə yenidən residiv verir.

Mütəxəssislərin tövsiyələri

  • Hipoallergen pəhriz saxlamaq (qida rasionundan potensial qıcıqlandırıcı məhsulları çıxarılmaq)
  • Otaqda temperaturu +23°C-də, rütubəti isə 60%-də stabil saxlamaq
  • Xəstənin otağındakı tozu mütəmadə şəkildə təmizləmək və üzərində toz olan əşyaları (mebel, kitablar, xalça) yığışdırmaq
  • Lələkli, tüklü yorğan və yastıqları sintetik vasitələrlə əvəzləmək
  • Kiflənmiş divar varsa, onu təmir etmək
  • Ev heyvanları saxlamamaq
  • Yun paltar geyinməmək

Övladınızda dermatitdən şübhələnirsinizsə, mütləq dermatoloqa müraciət edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.2/5 - (4 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir