Dermatit

24 Noyabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1758
Dermatit foto
4.5/5 - (2 səs)

Dermatit – kimyəvi, bioloji və fiziki faktorların təsirindən dərinin iltihabi zədələnməsidir. Yunan dilindən tərcümədə “derma” – dəri, “itis” isə iltihab mənasını verir. Bu xəstəlik allerqodermatozlara aiddir. Allerqodermatozlar – dərinin heterogen (qarışıq) xəstəliklər qrupu olub, allergik dermatit, toksidermiya, ekzema, atopik dermatit, övrə kimi patologiyaları özündə birləşdirir.

Dermatitin mərhələləri

Xəstəliyin inkişafı 3 mərhələyə bölünür:

  • Kəskin – qıcıqlandırıcı ilə təmasdan dərhal sonra başlayır və bu faktor aradan qaldırıldıqda sona çatır.
  • Yarımkəskin
  • Xroniki – qıcıqlandırıcı ilə uzunmüddətli təmas nəticəsində yaranır.

Dermatitin təsnifatı

Mənşəyi və kliniki əlamətlərindən asılı olaraq, xəstəliyin aşağıdakı növləri mövcuddur:

  • travmatik;
  • medikamentoz (dərman mənşəli);
  • termiki (yanıq, donma);
  • yara ətrafı;
  • nekrobasilyoz (törədicisi Bacterium nevrophorum olan zoonoz infeksion xəstəlikdir). Dəri və selikli qişalarda nekrotik dəyişikliklərin əmələ gəlməsi ilə müşahidə olunur;
  • parazitar (qoturluq, zolaqlı dəmirov).

Dermatit foto 1

Dermatit hansı əlamətlərlə özünü büruzə verir?

Xəstəliyin ilkin əlamətlərinə papula (düyüncük), vezikula (qovuqcuq), lövhəciklər və ödem aiddir. İkincili təzahürlər sırasına isə çat, qabıq və pulcuqlar daxildir.

Əksər dermatitlərə aşağıdakı əlamətlər xasdır:

  • iltihabi qızartı;
  • şişkinlik (ödem);
  • dərinin qaşınması;
  • göynəmə;
  • iltihab nahiyyəsində yerli temperaturun yüksəlməsi;
  • qovuqcuqların yaranması.

Dermatitin ən çox yayılmış formaları

  • adi kontakt dermatiti ( qıcıqlandırıcı ilə təmasdan dərhal sonra yaranır);
  • allergik dermatit (qıcıqlandırıcı ilə təmasdan 1-4 həftə sonra əmələ gəlir);
  • övrə (eritematoz, ağarmış, ödemli, ağrısız, qaşınan yaralarla səciyyələnən dəri patologiyası);
  • atopik dermatit (allergik mənşəli, xroniki xarakterli mürəkkəb xəstəlik).

Dermatit necə təyin edilir?

Xəstəliyin diaqnozu anamnez və kliniki əlamətlər əsasında qoyulur. Diaqnozun təsdiqlənməsi üçün dəridə allergik sınaqlar aparılır. Lakin bu sınaqlar yalnız dəridəki kliniki əlamətləri aradan qaldırdıqdan sonra qoyula bilər.

Dermatit hansı yolla aradan qaldırılır?

Xəstəliyin müalicəsinə aşağıdakılar daxildir:

  • qıcıqlandırıcının aradan qaldırılması;
  • lyamblioz xəstəliyində parazitin kənarlaşdırılması;
  • qazqovucuların təyini;
  • gündəlik rasiondan saxarozanın tamamən çıxarılması;
  • pəhriz rejiminə riayət edilməsi;
  • quru və qaşınan dəri üçün xüsusi kosmetik vasitələrlə dəriyə qulluq;
  • antihistamin preparatların əzələdaxili və ya peroral tətbiqi;
  • yerli dezinfeksiyaedici və kortikosteroid mazların istifadəsi.

Ağır hallarda hospitalizasiya göstəriş sayılır.

Dermatit foto 2

Kəskin kontakt dermatitin müalicəsi

İlk növbədə qıcıqlandırıcı aşkarlanır və uzaqlaşdırılır. İri ölçülü qovuqcuqlardan mayenin çıxması üçün onlar deşilir. Burov mayesinə batırılmış nəm sarğılar 2-3 saatdan bir dəyişdirilir. Xəstəyə antihistaminlər (Alerzin, Suprastin) və xaricə istifadə üçün yüngül təsirli kortikosteroidlər (məsələn, Advantan, Dermoveyt) təyin olunur. Ağır formalarda kortikosteroidlər daxilə qəbul edilir.

Yarım kəskin və xroniki kontakt dermatitin müalicəsi

Qovuqcuqlar olmadıqda xaricə tətbiq üçün güclü təsirli, qısa müddətli kortikosteroid kursu (məsələn, Klobetazol, Betametazonadipropionat) və antihistamin preparatlardan (Alerzin, Suprastin) istifadə edilir.

Xülasə

Yuxarıda qeyd olunan preparatlar sadəcə nümunə kimi göstərilmişdir. Xəstəliyin forma, mənşəyi, inkişaf mərhələsi və ağırlıq dərəcəsindən asılı olaraq müalicə sxemi fərdi xarakter daşıyır. Müvafiq preparatlar yalnız müayinə olunduqdan sonra dəri həkimi tərəfindən təyin edilməlidir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.5/5 - (2 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir