Məsamələrin yığılması
Genişlənmiş məsamələr əksər qadınları narahat edən problemdir. Bu məqalədə Sizi məsamələrin yığılması üçün ev şəraitində maskalar və eləcə də kosmetoloji prosedurlarla tanış edəcəyik.
Məsamələrin yığılması üçün gil maskası
Təbii boz gil dəridəki piy yığıntılarını özünə çəkmək xüsusiyyətinə malikdir. Bu səbəbdən məsamələrin yığılmasında ondan geniş istifadə olunur.
- 2 xörək qaşığı gil;
- 1 çay qaşığı limon suyu;
- su.
Gili su ilə duru xama konsistensiyası alınana qədər qarışdırın. Sonra üzərinə limon suyu əlavə edib, üzünüzə çəkin. Maskanın tam quruması üçün 15-20 dəqiqə gözləyin.
Maskanı əvvəlcə ilıq, ardınca isə soyuq su ilə yuyun. Proseduru həftədə 1-2 dəfə təkrarlayın.
Məsamələrin yığılması üçün xiyar maskası
Xiyar təbii büzücü effektə malik olduğundan məsamələri effektiv formada daraldır. Bundan əlavə üzün rəngini açır və dərini təravətləndirir.
- 1 ədəd iri xiyar;
- 1 xörək qaşığı yulaf əzməsi (blenderdə xırdalanmış).
Xiyarı sürtkəcdən keçirib, suyunu sıxın. Həmin qaba yulaf əlavə edin və yaxşıca qarışdırın. Üzünüzə çəkib, 10-15 dəqiqədən sonra sərin su ilə yuyun.
Məsamələrin yığılması üçün qatıq və ya yoqurt maskası
Yoqurt və ya qatığın tərkib komponentləri toxumaları dartır, probiotiklər və laktobakteriyalar isə iltihabı azaldır, sızanaqların qarşısını alır.
Maska üçün yağsız qatıq və ya yoqurt götürün. Yaxşıca qarışdırıb, nazik qatla üzünüzə sürtün. İlkin qat quruduqda, üzərinə daha bir neçəsini çəkin. 10 dəqiqə keçdikdə dərinizi sərin su ilə təmizləyin.
Məsamələrin yığılması üçün jelatin maskası
Ev şəraitində məsamələri daraldan maskalar arasında çox məşhurdur. Jelatin təbii kollagen olduğundan həm də qırışları hamarlayır, üzün rəngini yaxşılaşdırır, dərini ağardır.
- 1 çay qaşığı jelatin tozu;
- 3-5 xörək qaşığı süd;
- 2 ədəd aspirin tableti.
Kiçik bir qabda jelatinlə südü qarışdırıb, 20 dəqiqə gözləyin. Sonra həmin qabı su hamamında və ya mikrodalğalı sobada jelatin əriyənə qədər qızdırın. Məhlul soyuduqda üzərinə toz şəklinə gətirilmiş aspirin tabletlərini əlavə edib dərinizə çəkin.
Məsamələrin yığılması üçün yumurta maskası
Bu maskanı həftədə 2 dəfə edə bilərsiniz. Məsamələr daralmaqla yanaşı, həm də dəriniz ağaracaq və elastiklik əldə edəcək.
- 2 ədəd yumurtanın ağı (soyuq halda);
- 1 çay qaşığı limon suyu.
Yumurtanın ağını köpüklənənə qədər çalın. Üzərinə limon suyu töküb, yenidən qarışdırın. Alınan məhlulu dərinizə çəkin. Birinci qat quruduqda, yenidən 1-2 dəfə də təkrarlayın. Maska tam quruduqda üzünüzü su ilə yuyun.
Məsamələrin kosmetoloji prosedurlarla yığılması
Ev şəraitində edilən maskalarla müqayisədə həkim-kosmetoloqların məsləhət gördüyü prosedurlar məsamələri daha asanlıqla daraldır. Bunlara pilinq, krioterapiya, mikrodermabraziya, lazerlə cilalanma, Dermapen prosedurunu misal göstərmək olar.
Həkim dərinin vəziyyətini qiymətləndirməklə hansı prosedurun daha faydalı olacağını müəyyənləşdirir. Bundan əlavə ev şəraitində problemli dəriyə düzgün qulluq barədə peşəkar məsləhətlər verir. Belə ki, məsamələri daraltmaq üçün üsul seçərkən orqanizmin fərdi xüsusiyyətləri və tibbi amillər mütləq nəzərə alınmalıdır.