Dermapen

Dermapen – fraksion mezoterapiya aparatı olub, dərini həm xaricdən, həm də daxildən yeniləyir. Bu kosmetoloji aparat mikrodermabraziya və mezoterapiyanın funksiyalarını özündə birləşdirir.
Dermapen – iynəli icluğu olan qələm şəklindədir. Aparatın kartricində iynələrin sayı 12 və daha artıq ola bilər. Dermapen işə salındıqda iynələr dəridə 1 dəqiqədə 3000-5500 xırda dəliklər açır. Bu dəliklər hesabına preparat dərinin dərin qatlarına daxil olur, aktivləşmə prosesləri başlayır. Eləcə də zədələnmə sayəsində dəri örtükləri sürətlə bərpa olunur və yenilənir. Nəticədə dəri hamarlaşır, liftinq effekti əldə edilir.
Dermapen hansı hallarda istifadə olunur?
- Sızanaq izləri;
- Piqment ləkələr;
- Xırda qırışlar;
- Genişləmiş məsamələr;
- Saç tökülməsi;
- Çapıqlar;
- Dəri çatları.
Prosedur zamanı dəridə kanallar formalaşır, onlar kosmetik vasitənin dəriyə 80% nüfuz etməsini təmin edir.
Dermapen aparatının əsas təsirləri
- Dəri hamarlaşır və elastiklik əldə edir;
- Dərin büküşlər daha az nəzərə çarpır, xırda qırışlar itir;
- Piqment ləkələr, dəri çatları solğunlaşır;
- Dəri relyefi düzlənir, sızanaq, yanıq və yara izləri zəif büruzə olunur;
- Üz rəngi yaxşılaşır, dəri bərpa olunur və yenilənir;
- Piy vəzilərinin fəaliyyəti normaya düşür, iltihabi proseslərin tezliyi azalır;
- Üz ovalı dartılır, buxaq azalır;
- Saç tökülməsi dayanır, tüklər aktiv şəkildə uzanır.
Dermapen aparatı ilə neçə seans aparılır?
Dermapen ilə açılan mikrokanallar prosedurdan sonra 15-30 dəqiqə müddətində bağlanır. 0,5 mm uzunluqda qısa iynələrdən istifadə etdikdə növbəti seans 1 həftədən sonraya təyin olunur. Uzun iynələrlə aparıldıqda isə seans 1 ay keçdikdə təkrarlanır.
Gözlə görünən qüsuru olmayan normal dərilər üçün profilaktik məqsədlə 3 seans kifayət edir. Piqment ləkələr, çapıq və dəri çatlarında isə 6-8 seans lazım gəlir.
Müalicə kursunu ildə 1 dəfə təkrarlamaq məsləhət görülür.
Dermapen prosedurundan sonra dəriyə qulluq
Prosedur demək olar ki, ağrısızdır. Ona görə də lokal anesteziya tələb olunmur. Dermapen istifadəsindən sonra dəri örtükləri qızarır. Bu, normal hal olub, təxminən 1 saatdan sonra keçib gedir.
Prosedur aparılan gün yuyunmaq və makiyaj icazəli deyil. 3 gün ərzində retinoid və C vitaminindən ibarət vasitələrin istifadəsi qadağandır. Həkim-kosmetoloqlar dəriyə nəmləndirici və bərpaedici krem çəkməyi tövsiyə edirlər. Həmçinin dərini SPF kremlə qorumaq lazımdır.