Dodaq dolğusu

26 Noyabr 2019 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 22255
Dodaq dolğusu foto
2.9/5 - (9 səs)

Gözlər və dodaqlar qadınların ən cazibədar üz cizgiləri sayılır. Yaş artdıqca dodaqların həcmi kiçilir, qırışlar və büküşlər əmələ gəlir. Dodaqların cavanlaşması, gözəl görünməsi və ya anadangəlmə nazik dodaqların həcmli olması üçün dodaq dolğusu (lip fillers) tətbiq olunur.

Dodaq dolğusunun növləri

Müasir dövrdə dolğu qismində hialuron turşusu və poliakrilamiddən geniş istifadə edilir. Həkim-kosmetoloqların əksəriyyəti hialuron turşusuna üstünlük verir. Çünki onun digər maddələrə nisbətən təhlükəsiz olması və yüksək effektivliyi sübut edilmişdir.

Dodaq dolğusu preparatları

Hialuron turşusu əsasılı ən məşhur preparatlar sırasına İsveç istehsalı olan Anteis (Fortelis və Esthelis), Amerika xətti Galderma (Restylane və Perlane) və Allergan (Juvederm və Juvederm ultra plus), Kanada brendi (Revanesse və Amazingfill) daxildir.

Dodaq dolğusu foto 1

Dodaq dolğusu necə təsir göstərir?

Kosmetoloqa müraciət edən qadınların əksəriyyəti dodaqlarının nazik olmasından və ağız bucağının enməsindən şikayətlənirlər. Çünki bu əlamətlər xarici görünüşü pozmaqla yanaşı, həm də üzə qəmgin ifadə verir. Həcmi böyütmək məqsədilə dodaq konturuna, daha dolğun görüntü əldə etmək üçün isə əzələ altına inyeksiya vurulur.

Əksərən dodaq dolğusu üst dodaqda aparılır. Arzuolunan nəticənin əldə edilməsi üçün dodağın təbii quruluşu, defektləri və pasiyentin istəyi nəzərə alınır. Nazik dodaqlarda əvvəlcə dolğunu dərin yeridərək, strukturu böyütmək, daha sonra isə səthi fillerlə həcmi korreksiya etmək məqsədəuyğundur.

Dolğunun nəticəsi

Prosedurdan əvvəl pasiyentdən herpes səpkilərinə meyllik, aspirin və E vitamini qəbul etməsi barədə məlumat alınmalıdır. İdeal nəticə əldə etmək üçün həkim-kosmetoloq pasiyentlə səmimi ünsiyyət aparmalıdır. Ona prosedurun üstün cəhətlərini və çatışmazlıqlarını izah etməli, eləcə də qadının istəklərini soruşmalıdır.

Həmçinin həkim inyeksiyadan dərhal sonra şişkinlik və göyərmə olacağını öncədən söyləməlidir. Pasiyentlərin arzuları reallıqla uzlaşmadıqda bunu ona açıqlamalıdır.

Ümumiyyətlə, sağalma dövrü 2 gündən 2 həftəyə qədər uzana bilər. İynə əvəzinə kanyula (dəlikli boru) istifadəsi prosesi xeyli sürətləndirir.

Dodaq dolğusu foto 3

Dolğu prosedurunun mahiyyəti

Dodaq dolğusu formanın dəyişməsindən və/və ya dodağın mövcud hissəsinin böyüdülməsindən ibarətdir. Proseduru icra edərkən dodağın hündürlüyü ilə ön dişlərin nisbəti nəzərə alınmalıdır. Çünki qeyri-düzgün dolğu dişləmi dəyişdirə, eləcə də üst çənə cibində hipoplaziya (orqanın  kiçilməsi) törədə bilər.

Dodaq dolğusu prosedurundan sonra

Dolğunun aparıldığı qadınlarda ilk günlərdə ödem və göyərmə müşahidə olunur. Prosedur düzgün yerinə yetirilmədikdə dodaqda düyün və topalar meydana çıxır. Belə hallar masaj, isti kompresslər, nitroqliserinin yerli istifadəsi və hialuronidaza inyeksiyası ilə aradan qalxır.

Herpes səpkisinin qarşısını almaq üçün virusəleyhinə preparatlardan (Asiklovir, Famsiklovir, və ya Valasiklovir) istifadə edilir.

Dodaq dolğusunun yan təsirləri

Əlavə təsirlər yeritmə texnikasının və və ya istifadə edilən materialın keyfiyyətsiz olmasından xəbər verir. Qeyri-bərabər dolğu mütəxəssisin peşəkarlığına şübhə yaradır. Çox dərin inyeksiyalar dolğunun düzgün paylanmamasına, çox səthi isə müəyyən bir hissənin daha çox qalınlaşmasına səbəb olur.

Dodaq dolğusu qiyməti

Poliakrilamid, yəni süni materialla dodaq dolğusu qiyməti 50-100 AZN arasında dəyişir. Hialuron turşusu ilə dodaq dolğusu isə materialın brendindən və qramından asılı olaraq, 100-300 AZN başa gəlir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
2.9/5 - (9 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir