Üz dolğusu

20 Dekabr 2019 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 13257
Üz dolğusu foto 1
3.2/5 - (20 səs)

Yaş artdıqca dərialtı piy təbəqəsi, hialuron turşusu, kollagen liflər kimi bəzi struktur elementləri azalmağa başlayır. Bunun nəticəsində dəridə qırışlar və sallanmalar meydana gəlir.

Dolğular – qırışları yox etmək, bəzən isə toxumaya forma və həcm vermək üçün dərialtına inyeksiya edilən maddələrdir. Dolğu preparatlarından istifadə etməklə üz dolğusu, burun dolğusu, yanaq dolğusu, dodaq dolğusu, gözaltı işıq dolğusu, biorevitalizasiya prosedurları aparılır. Bu prosedurlar kontur plastika və anti-aging proqramında yer alır.

Üz dolğusu necə təsir edir?

Dəri altına yeridilən dolğu maddələri qırışları dolduraraq açır. Həmçinin üzə həcm verərək sallanmaları kənarlaşdırır, həcmsiz nahiyələrə forma verir. Bəzi dolğu preparatları keçici təsirli, yəni müvəqqəti olmalarına baxmayaraq, dəriyə inyeksiya edildikdən tam sorulana qədər kollagen sintezini stimulə edir.

Yenilənmə ilə əlaqədar skin filler, yəni dolğu preparatı sorulduqdan sonra da üz əvvəlki halına görə daha yaxşı görünür.

Üz dolğusu foto 2

Prosesin gedişi

Preparatlar həkim kosmetoloq tərəfindən nazik iynə və ya ucu küt kanyula ilə qırış xəttinə, forma veriləcək nahiyəyə inyeksiya edilir. Prosedur 20-30 dəqiqə davam edir. Nəticə dərhal bilinir.

Üz dolğusu üçün preparatlar hansılardır?

Estetik məqsədilə istifadə edilən preparatlar effektin davamlılığı baxımından müvəqqəti, yarım qalıcı və qalıcı formalara bölünür. Ən geniş tətbiq olunan müvəqqəti təsirli preparat hialuron turşusudur. Yarım qalıcı preparatlara kalsium hidroksiapatit, polikaprolakton və poli-L-süd turşusu əsaslı fillerlərlər misaldır. Onların qalıcılığı 1-4 ildir.

Hialuron turşusu ilə dolğunun üstün cəhətləri

Hialuron turşusu qeyri-heyvani mənşəli, təbii olub, allergik reaksiya törətmir. İnsan orqanizmində mövcud olduğundan toxumalara asan uyğunlaşır. Dəriyə inyeksiya edildikdə kollagen sintezini stimulə edir. Eyni zamanda antioksidant funksiyasını yerinə yetirir. Effekti dərhal gözə çarpır.

Üz dolğusu foto 3

Üz dolğusu hansı məqsədlərlə aparılır?

  • Almacıq sümüklərini qabartmaq;
  • Burun-dodaq büküşlərini açmaq;
  • Gözaltı qaraları və çuxurları azaltmaq;
  • Üz dərisinin sallanmasını aradan qaldırmaq;
  • Çənənin konturlarını bəlli etmək;
  • Dodağa həcm və forma vermək;
  • Dodaqətrafı qırışları yox etmək;
  • Burun plastikası, burun ucunu qaldırmaq;
  • Akne və yara izlərini itirmək.

Üz dolğusu ağrılıdır?

Əksər qadınlar inyeksiyaların ağrısız olduğunu təsdiqləyirlər. Prosedur öncəsi yerli anestetik (keyidici) krem tətbiq olunur.

Üz dolğusu foto

Prosedurdan sonra üz necə görünür?

Üz dolğusundan dərhal sonra inyeksiya bölgələrində yüngül qızartı və ödem (şişkinlik) olur. Bu əlamətlər 15-20 dəqiqə müddətində itir. Nadirən yaranan nöqtəvi dərialtı qanaxmalar isə 5-7 gün ərzində keçib gedir.

Üz dolğusu nə qədər effektivdir?

İstifadə edilən fillerdən və orqanizmdəki metabolik proseslərin sürətindən asılı olaraq, effektin qalıcılığı 9-14 ay olur.

Üz dolğusunun əlavə mənfi təsirləri

İnyeksiya yerində müvəqqəti şişkinlik, qızarıqlıq, göyərmə, həssaslıq müşahidə edilə bilər. Onlar adətən bir neçə günə aradan qalxır.

Üz dolğusundan əvvəl və sonra nələrə diqqət etmək lazımdır?

Seansdan 5-7 gün öncə ağrıkəsici, aspirin, antikoaqulyantlar, yaşıl çay, sarımsaq istifadəsi qadağandır. Prosedurdan sonra 4-5 saat ərzində idman və sərt çeynəmə hərəkətləri, eləcə də çox danışmaq, gülmək qadağandır. İnyeksiya nahiyələrini masaj etmək olmaz. 10 gün ərzində sauna, solyari, hamam xidmətləri icazəli deyil.

Üz dolğusu qiyməti

Üz dolğusu prosedurunun qiyməti preparatdan asılıdır. Ümumilikdə 1 qram preparatın yeridilməsi 200-350 AZN arasında dəyişir.

Xülasə

Sonda onu da vurğulayaq ki, dərinin iltihabi xəstəliklərindən əziyyət çəkən, həmçinin hamilə və süd verən qadınlara üz dolğusu əks-göstərişdir. Xoşagəlməz hallara yol verməmək üçün peşəkar mütəxəssisə müraciət edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.2/5 - (20 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir