Gözaltı qaralar

06 Yanvar 2020 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 12695
Gözaltı qaralar foto
4.4/5 - (5 səs)

Gözaltı qaralar – ən çox rast gəlinən problemlərdən sayılır. Xüsusilə qadınlarda psixoloji mənada diskomfort və narahatlıq yaradır. Gözəlliyə kölgə salan gözaltı qaralmaların əmələ gəlmə səbəbləri və onlardan qurtulma yolları ilə tanış olun.

Gözaltı qaralar nədən yaranır?

Göz altındakı qaralmalar genetik meyllik və ətraf mühitin əlverişsiz amillərinin təsiri ilə bağlıdır. Həddindən artıq duzlu qidalardan istifadə, stress, yuxusuzluq kimi faktorlar da gözaltı qaralara səbəb ola bilir. Həkimlər bu estetik qüsurun dəmir defisitli anemiya, bəzi qaraciyər və böyrək xəstəlikləri fonunda yarandığını da qeyd edirlər.

Gözaltı qaralar daha hansı səbəblərdən əmələ gəlir?

  • allergiya. Göz və burun axıntıları ilə birlikdə damarlarda toplanan qan kapilyar və səthi venaların görünməsini artıraraq, göz altını bənövşəyi-göy rəngə boyayır.
  • qeyri-sağlam qidalanma. Dəri üçün zəruri olan vitaminlərin defisiti özünü gözaltı qaralar və torbacıqlarla büruzə verir.
  • yaşlanma. Qırışlar və dərinin sallanması gözaltı nahiyədə tünd rəngli kölgələrə səbəb olur.
  • aybaşı. Bu dövrdə dərinin rəngi tutqunlaşır. Əksər qadınlarda göz altında qaralar müşahidə olunur.
  • spirtli içki və siqaret. Zərərli vərdişlər qanda oksigenin miqdarını azaldır. Bu da dəriyə mənfi təsir göstərir.

Gözaltı qaralar foto 2

Gözaltı qaralar xəstəlik əlamətidir?

Gözaltı qaralar irsi meyllik və yaşam tərzi ilə yanaşı, həm də depressiya, sinusit, gözətrafı infeksiyalar, qaraciyər və böyrək xəstəlikləri, qalxanvari vəz problemləri, allergiyadan qaynaqlana bilər. Qara kölgələrin xəstəliklə bağlılığını dəqiqləşdirmək məqsədilə həkim müayinəsi tələb olunur.

Gözaltı qaralar necə aradan qaldırılır?

Gözaltı kölgələri yox etmək üçün ilk növbədə əsl səbəbi üzə çıxarmaq lazımdır. Əgər qaralar xəstəliyin təzahürü sayılmazsa, o zaman balanslaşdırılmış qidalanma, normal yuxu rejimi, bol miqdarda su qəbulu tövsiyə edilir.

Həmçinin qəhvə, alkoqol, siqaret kimi zərərli vərdişlərdən imtina etmək lazımdır. Pasiyentlərə göz ətrafı nahiyənin qan dövranını sürətləndirmək üçün masajlar, K və C vitaminli kremlər, bitki qarışıqları, üz üçün maskalar, mezoterapiya və lazer prosedurları məsləhət görülür.

Göz altındakı qaralar yuxusuzluqla əlaqəli olduqda, çiy kartof dilimləri və ya ilıq çay kompressləri köməyə gəlir.

Gözaltı qaralar foto 1

Gözaltı qaralardan tamamən qurtulmaq olur?

Göz altındakı qaralara qarşı kosmetik vasitələr qan dövranı sürətləndirir, hüceyrələri yeniləyir. Bu təsirlər tünd kölgələri azaltsa da, nəticə qalıcı olmur. Müalicənin uğurlu olması üçün qaraltıların nədən qaynaqlandığını aydınlaşdırmaq lazımdır.

Qaraltılar allergiya ilə bağlıdırsa, həmin istiqamətdə müalicəyə başlanmalı və gündəlik nəmləndirici kremlərdən istifadə edilməlidir. Gözaltı kölgələrə genetik meylli şəsxlərdə müəyyən intervallarda gözətrafına pilinq faydalı hesab olunur.

Lazer üsulu ilə gözaltı qaralar necə itir?

Gözaltı kölgələrlə mübarizədə 2 fərqli lazer metodu mövcuddur. Bunlardan birincisi fraksiyalı lazer müalicədir. Onun hesabına dərialtı birləşdirici toxuma zənginləşir, qaraltıların rəngi açılır. Prosedur əsnasında yüngül yanma hissi olur. Bu narahatlıq təqribən 30 dəqiqə sürür. Sağalma dövründə 3-4 gün qızartı və qabıqlanma müşahidə edilir. Müalicə kursu 1 ay intervalla 3 seansdan ibarətdir.

İkinci metod isə erbium lazerlə resurfacing müalicəsidir. Bu üsul göz qapaqlarının yerli anesteziyası ilə həyata keçirilir. Bərpa dövründə 4-5 gün qızartı və yüngül ödem izlənilir. 1 ayın sonunda dərinin rəngi normallaşır. Metodun üstünlüyü birdəfəlik olmasındadır. Yəni əlavə seansa ehtiyac duyulmur.

Xülasə

Göz altında qara kölgəlikləriniz varsa, onlara laqeyd yanaşmayın. Mütləq həkim kosmetoloq və ya dəri həkiminə müraciət edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.4/5 - (5 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir