Skin filler

01 Dekabr 2019 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2022
Skin filler foto
Rate this post

Skin filler – intradermal (dəridaxili) inyeksiya ilə müxtəlif estetik problemləri aradan qaldıran gel şəkilli preparat, yəni dolğu vasitəsidir. Müasir dövrdə kosmetologiya bazarı geniş spektrli dolğular təklif edir. Təəssüf ki, onların hamısı effektiv və təhlükəsiz deyil. Bəs konkret vəziyyətlərdə hansı filleri seçmək lazımdır? Bu məsələni bir qədər araşdıraq.

Skin fillerin növləri

Həkim-kosmetoloqlar bir neçə il öncə cərrahi əməliyyat tələb edən halların hazırda filler vasitəsilə asanlıqla həll olunduğunu bildirirlər. Preparatın tərkibindən, konsistensiya və sıxlığından asılı olaraq, skin fillerlər 3 qrupa bölünür:

Sintetik skin filler

Bu qrupa daxil olan preparatlar ilk dəfə keçən əsrin 70-ci illərində kəşf olunmuşdur. Onlar sıx konsistensiyalı sintetik komponentlərdən (parafin və silikon) ibarət idi. Nəticə etibarilə orqanizm sintetik vasitələri yad cisim kimi qəbul etdiyindən əksər hallarda allergik reaksiyalar müşahidə olunurdu.

Bu tip preparatları yeritdikdən sonra dəridə şişkinlik, qızartı, düyüncüklər əmələ gəlirdi. Düyünlər adətən əllə toxunduqda hiss edilirdi. Onları bəzən gözlə də görmək mümkün olurdu. Preparatların üstün cəhəti nəticənin uzunmüddətli olmasından ibarət idi.

Sintetik skin filler sorulmur və bədəndən təbii yolla kənarlaşmırdı. Bu xüsusiyyət bəzi qadınlarda mənfi şəkildə təzahür edirdi: preparat topa şəklində digər nahiyələrə doğru yerini dəyişərək, orada toplanırdı. Filler yalnız cərrahi yolla çıxarılırdı. Yeri gəlmişkən qeyd edək ki, bu gellər (Bellafill, Radiesse, Sculptra, Silicone) qiymət baxımından ucuz vasitələr idi.

Skin filler foto 3

Biosintetik filler

Alimlər 1-ci nəsil preparatların çatışmayan cəhətlərini gözə alaraq, bioloji cəhətdən insan orqanizminə uyğun gələn sintetik komponentlərdən skin fillerlər icad etdilər. Onlar təmizlənmiş heyvan kollageni əsasında hazırlandığından nəticələr daha təbii olur.

Lakin II qrupun da özünəməxsus çatışmazlıqları vardır. Bu tip fillerin yeridildiyi pasiyentlər əksərən allergik reaksiyalardan şikayətlənirlər. İnyeksiyadan əvvəl mütləq allergik dəri sınaqları yoxlanılır. Sonralar kollagenin təmizlənməsinin yeni metodları əlavə mənfi təsirlərin azalmasına imkan yaratdı.

Günümüzdə istifadə olunan biosintetik skin filler preparatlarından sonra inyeksiya nahiyəsində qızartı, allergiya, qansızma, gelin qonşu nahiyələrə yerdəyişməsi, dəridə nahamarlıq kimi əlamətlər yaranır.

II qrup gellərə Cosmoderm, Ellanse (polikaprolakton əsasında), Radiesse (hidroksiapatit kalsium), Sculptra (sintetik poli L-süd turşusu tərkibli) misal göstərmək olar.

Skin filler foto 2

Biodeqradasiya edən filler

Bu qrupa həkim kosmetoloqların üstünlük verdiyi və məşhur hialuron turşusu əsasında hazırlanılan fillerlər daxildir. İnsan orqanizminin bir çox toxumalarında hialuron turşusu mövcud olduğundan onun xaricdən yeridilməsinə qarşı mənfi reaksiya baş vermir. Yəni orqanizm bu maddəni yad cisim kimi qəbul etmir. Biodeqradasiya edən skin filler öz-özünə sorulur. Effekt maksimum 9-12 ay saxlanılır. Bu müddət başa çatdıqda prosedurları təkrarlamaq gərəkdir.

Gelin yeridildiyi hissədə çox nadir hallarda qansızma, qızartı və ya ödem qeydə alınır. III qrup preparatlara Restylane, Juvederm smile, Princess filler, Teosyal Redensity 2, Teosyal redensity 1, Juvederm Voluma, Revolax deep, Juvederm ultra 4, Juvederm volift, Aquashine soft filler və s. aiddir.

Skin filler foto 1

Üz üçün skin filler necə seçilir?

Fillerin növü həkim-kosmetoloq tərəfindən təyin edilir. Bu zaman pasiyentin arzu və istəkləri nəzərə alınmaqla, qüsurlara uyğun skin filler seçilir.

Skin fillerin tətbiqinə göstərişlər

Skin filler – dodaq, yanaq, üz dolğusu, müxtəlif tip qırışların, eləcə də üz formasının korreksiyası, boyun və dekolte nahiyəsindəki yaşla bağlı dəyişikliklərin aradan qaldırılması məqsədilə tətbiq olunur.

Skin fillerin istifadəsi zamanı ehtiyat tədbirləri

Hamiləlik və südvermə dövründə, xroniki xəstəliklərin kəskinləşməsi və dəridə iltihabi proseslər zamanı fillerin tətbiqi qadağandır. Öncədən sintetik skin filler olan nahiyəyə yenidən filler yeritmək icazəli deyil.

Xülasə

Fillerlə üzün korreksiyası bütün sanitar-gigiyenik normalara riayət edilməklə yalnız peşəkar mütəxəssis tərəfindən aparılmalıdır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir