Kosmetoloq
Kosmetoloq – üz və bədən dərisinin gözəlliyi, eləcə də sağlamlığı məşğul olan mütəxəssisdir. Onun əsas vəzifəsi dəriyə qulluqdur. Təhsilindən asılı olaraq, kosmetoloqun fəaliyyət dairəsi genişlənə bilər.
Kosmetoloq peşəsinin növləri
- Kosmetoloq-estetist. Bu mütəxəssis gözəllik sahəsində çalışır. Öz bilik və bacarıqlarını yalnız kurslarda qazanır. Bununla əlaqədar dəridəki tibbi deyil, estetik qüsurları aradan qaldırır. Sadə kosmetik prosedurları yerinə yetirir. Üzün təmizlənməsi, masajı, maskaların qoyulması, qaş və kirpiklərin korreksiyası ilə məşğul olur.
- Həkim-kosmetoloq. Ali tibb təhsillidir. Dərinin vəziyyətini diaqnostika edir, ona uyğun müalicə üsulu seçir. Həkim-kosmetoloq həmçinin ziyil, papilloma və xalları aradan qaldırır. Eləcə də yaşla bağlı dəyişiklikləri yox etmək üçün botoks, dolğu kimi prosedurlar aparır. Əslində həkim-kosmetoloqun savadı ona dəridəki çapıqlar, sızanaqlar, gənə, döyənəklər, göbələk xəstəliyi ilə də mübarizə aparmağa imkan verir.
Kosmetoloq və estetik prosedurlar
Qadınlar hər zaman gözəl görünməyə çalışırlar. Zamanla yaranan qırışlar isə zərif cinsin nümayəndələrini çox məyus edir. Bu qüsurlar onların yaşını büruzə verir. Belə hallarda kosmetoloji prosedurlar: yanaq dolğusu, gözaltı işıq dolğusu, üz dolğusu, mezoterapiya, plazmoliftinq köməyə gəlir. Həkim-kosmetoloq dərinin quruluşunu, orqanizmin xüsusiyyətlərini bildiyindən onun apardığı prosedurların nəticələri daha mükəmməl olur. Üz və bədəndə əmələ gələn çapıqlar, sızanaq izləri isə hazırda lazer üsulu ilə effektiv şəkildə yox edilir.
Həkim-kosmetoloq və saç problemləri
Son zamanlar əksər insanlar saç tökülməsi problemi ilə qarşılaşırlar. Saçların seyrəkləşməsi stress amilləri, vitamin-mineral çatışmazlığı, bəzi xəstəliklərlə əlaqəli ola bilər. Həkim-kosmetoloq problemin kökünü araşdırmaqla, onu aradan qaldırır. Bunun üçün müayinə və müvafiq dərman vasitələri tələb olunur.
Kosmetoloq nəyi bacarmalıdır?
Kosmetoloq yüksək bacarıq, zövq və təcrübəyə malik olmalıdır. Daim öz üzərində çalışmalı, gözəllik sahəsindəki ən son yeniliklərdən xəbərdar olmalıdır. Prosedur seçimində diqqətli olmalı, mövcud durumu və orqanizmin xüsusiyyətlərini nəzərə almalıdır.
Kosmetoloq seçərkən onun əl işlərinə, xarici görünüşünə və əlbəttə ki, işlədiyi məkanın sterilliyinə diqqət yetirmək lazımdır.