Üzün təmizlənməsi
Mütəxəssislər iri şəhərlərdə yaşayan bütün qadınlara mütəmadi olaraq, salonda üzün təmizlənməsi prosedurlarından keçməyi tövsiyə edirlər. Çünki toz, toksinlər və makiyaj qalıqları dərinin ifraz etdiyi yağla qarışaraq, tədricən məsamələri qapayır.
Bununla da dəri rənginin tündləşməsinə, komedon, qara nöqtələr, akne, iltihablaşma və erkən qocalmaya səbəb olur. Üzün təmizlənməsi 2-3 ayda bir dəfə icra edilməlidir.
Üzün mexaniki təmizlənməsi
Qara nöqtələrdən qurtulmaq üçün milyonlarla qadın tərəfindən sınanmış metoddur. Kosmetoloq əvvəlcə üzə məsamələri açan spesifik losyon çəkir. Bəzi mütəxəssislər buxar vannası təklif edir. Daha sonra xüsusi qaşıq və ya əllə məsamələr təmizlənir, ardınca sakitləşdirici və ya iltihab əleyhinə maska tətbiq edilir. Metod effektiv olsa da, bir sıra mənfi cəhətləri vardır:
- Mexaniki metodla üzün təmizlənməsi (çistka) uzun prosedurdur, xeyli vaxt aparır;
- Bir qədər ağrılıdır;
- Çistkadan sonra 2-3 gün üzdə qızartı və şişkinlik olur;
- Həssas dəriyə malik insanların üzü çoxsaylı arı sancmış kimi şişmiş və qızarmış görünür.
Buna görə də mexaniki şəkildə üzün təmizlənməsi istirahət günlərində aparılmalı, prosedurdan sonra makiyaj edilməməlidir.
Ultrasəslə üzün təmizlənməsi
Bu metodda kosmetoloq problemli nahiyələrə yüksək tezlikli ultrasəs dalğaları ilə təsir göstərir. Onlar məsamələri piy tıxacları, kosmetika qalıqları və ölmüş hüceyrələrdən təmizləyir. Mikromasaj maddələr mübadiləsini sürətləndirir. Sonda üzə maska çəkilir.
Mexaniki metoddan fərqli olaraq, bu üsul tam ağrısızdır və dərini zədələmir. Adətən manipulyasiyadan sonra qızartı, səpki, şişkinlik müşahidə edilmir. Ultrasəs dalğalar normal dəri tipli üzün təmizlənməsi üçün kifayət etsə də, problemli və yağlı dərini təmizləməkdə daha effektiv metodların seçilməsi məqsədəuyğundur.
Vakuumla üzün təmizlənməsi
Bu metodda kiçik borulu aqreqatdan istifadə edilir. İş prinsipinə görə tozsoranı xatırladır. Həkim kosmetoloq onun vasitəsilə piy tıxaclarını təmizləyir. Prosedurun üstün cəhətlərinə dərinin minimal zədələnməsi, aşağı infeksiya riski, liftinq effekti, hüceyrələrin oksigenlə zənginləşməsi, dəri tonusunun yüksəlməsi aiddir.
Yüksək drenaj təsirilə əlaqədar həssas dərili, kapilyarları dərinin üst qatlarında (çox səthdə) yerləşən, kəskinləşmiş akne və sızanaqları olan insanlara əks-göstərişdir.
Üzün kimyəvi təmizlənməsi
Bəzi şəxslər kimyəvi pilinqi aqressiv prosedur sayır. Lakin ferment, retinol, salisil turşusu tərkibli müasir preparatlar dərini demək olar ki zədələmir. Əlbəttə ki, həkim kosmetoloqun əl qabiliyyətindən və təcrübəsindən də çox şey asılıdır.
Önəmli olan dəri tipinə görə preparatın və konsentrasiyanın düzgün seçilməsidir. Əks təqdirdə ağır fəsadlar (üst dəri qatının yanığı) baş verə bilər. Kimyəvi pilinqdən sonra günəş şüasının təsirindən dərini qorumaq üçün üzə SPF krem çəkməlidir.
Yeri gəlmişkən qeyd edək ki, sarı pilinq də kimyəvi pilinqin bir növü hesab olunur. Lakin digərlərindən daha yumşaq təsiri və dəri qatını çox zədələməməsi ilə fərqlənir.
Jet peel aparatı ilə üzün təmizlənməsi
Jet peel aparatı ilə erkən qırışlardan, akne və sızanaqlardan xilas olmaq mümkündür. Onu iş prinsipi belədir: dəriyə 8 atmosfer təzyiqi ilə çox sürətlə vitamin, oksigen, karbon qazından ibarət qarışıq püskürdülür.
Yüksək təzyiq dəri səthindən buynuzlaşmış, ölü hüceyrələrin yuyulmasına, çapıqların hamarlaşmasına səbəb olur. Metod ağrısızdır, prosedurdan sonra gündəlik həyatınıza qayıda bilərsiniz.
Bir neçə seansdan sonra effekt daha nəzərəçarpan olur. Seans sayı və aralarındakı interval dəridən asılı olaraq, fərdi xarakter daşıyır.
Lazerlə üzün təmizlənməsi
Ağır və ağrılı prosedur olsa da, çox effektivdir. Lazer şüası dərinin üst səthini tamamən soyur. Nəticədə piqmentləşmə, üzdə ləkələr, akne, sızanaqdan sonrakı izlər aradan qalxır.
Lazer proseduru ilin ancaq payız və qış fəslində yerinə yetirilməlidir. Üzdə qızartı 2 həftəyə qədər qala bilər. Bu dövrdə tərkibində spirt olan heç bir makiyaj vasitəsindən istifadə edilməməlidir.
Xülasə
Sadalanan prosedurlarla üzün təmizlənməsi iltihabi dəri xəstəlikləri, psoriaz, ekzema, dəmirovun növləri, dermatitlər, dermatozlardan əziyyət çəkən insanlara qadağandır.