Sarı pilinq
Pilinqin bu növü yeni olmasına baxmayaraq, qısa zamanda böyük uğur qazanmışdır. Sarı pilinq qocalma əlamətləri, piqment ləkələri, aknedən sonra izlərlə mübarizədə həm müasir, həm də kifayət qədər effektiv metoddur. Bu prosedur dəri hüceyrələrinə stimuləedici təsir göstərir. Ən əsası dərini qıcıqlandırmır və zədələmir.
Bəs nəyə görə «sarı»?
Bu pilinqin rəsmi adı retinol pilinqidir. Sadəcə el arasında ona “sarı pilinq” deyilir. Çünki prosedur zamanı üzə sarı rəngli maska çəkilir.
Sarı pilinq nədir?
Sarı pilinqin tərkibinə retinol, azealin, fitin turşusu, kojik turşu və C vitamini daxildir.
Retinol turşusu – dəri qatlarına asanlıqla sirayət edir, kollagen sintezini stimullaşdırır, dərinin nəmlənmə və qidalanma proseslərini sürətləndirir. Atipik hüceyrələrin əmələ gəlməsinin qarşısını alır, kapilyarlardakı mikrosirkulyasiyanı artırır.
Azealin turşusu – sızanağın müalicəsində istifadə olunur. Piy vəzilərinin hiperfunksiyasını, eləcə də dəridə hiperpiqmentasiyanı azaldır.
Fitin turşusu – təbii antioksidant olub, dəriyə parlaqlıq verir. İltihabi reaksiyaları, hiperpiqmentasiyanı tormozlayır, dərinin yenilənməsini stimulə edir.
Kojik turşu – parıldadıcı xüsusiyyəti olan antioksidantdır. Melanin sintezini tənzimləyir, ölü hüceyrə qatının soyulmasına kömək edir.
C vitamini – kollagen sintezi üçün zəruridir. Antioksidant funksiyası yerli immuniteti dəstəkləyir. Yaraların, dermatitin sağalmasına imkan yaradır. Onun təsirindən dərinin rəngi yaxşılaşır, tekstura hamarlaşır, qara ləkələr itir. C vitamini dərini tonusda saxlayır, sərbəst radikalların əmələ gəlməsinin və qocalmanın qarşısını alır.
Sarı pilinqin növləri
Protokola görə pilinqin bu formasının bir və iki günlük növləri vardır.
Birgünlük sarı pilinq
Bu növ daha məşhurdur. Çünki onun reabilitasiya dövrü çox qısadır, həm də pasiyentlərdə şişkinlik hallarına az rast gəlinir. Birgünlük sarı pilinq 2 mərhələdən ibarətdir. İlk prosedur salon və ya gözəllik mərkəzlərində tətbiq edilir. Təxminən 30 dəqiqə davam edir.
İkinci proseduru isə qadın ev şəraitində yerinə yetirə bilər. Həkimin təlimatı ilə maskanı 5-6 dəfə çəkib müəyyən müddətdən sonra yuyur. Üzdə saxlama vaxtı fərdi xarakter daşıyır.
İkigünlük sarı pilinq
Pilinqin klassik sxemi olub, bir neçə saat ərzində həyata keçirilir. Pilinq kosmetoloqun nəzarəti altında çəkilir, daha sonra yuyulur. Proses təkrarlanaraq, 4 saat davam edə bilər.
Axırıncı dəfə maskanı çəkdikdən sonra pasiyent evə buraxılır. Ona 2 saat keçdikdə üzünü yumaq tövsiyə edilir.
2-ci gün – pilinq təkrarən tətbiq edilir. Bu mərhələdə istifadə olunan maska 1-ci gündən tərkibinə görə fərqlənir.
Retinol pilinqin üstünlükləri
- Yay fəsli istisna olmaqla, prosedura zaman məhdudiyyəti qoyulmur. Yalnız isti aylarda, yəni günəş şüalarının aktiv dövründə pilinq etdirsəniz üzünüzdə ləkələr əmələ gələ bilər.
- Digər pilinqlərdən, həmçinin üzün təmizlənməsi prosedurlarından sonra reabilitasiya dövrü orta hesabla 1 həftə təşkil edir. Sarı pilinqdən sonra isə dəri 2 günə bərpa olunur.
- Pilinqin digər növləri ilə müqayisədə sarı pilinq üz dərisini yumşaq formada təmizləyir. Onu həssas dəriyə də tətbiq etmək mümkündür.
- Pasientlərin hissiyatına əsasən prosedur sanki dərinin səthi qatlarına təsir edir. Əslində isə dərinin daha dərin qatlarına nüfuz edildiyindən effekti mükəmməl olur.
Sarı pilinqin çətinlikləri
Birgünlük pilinq günün II yarısı icra olunur və maska kosmetoloji kabinetdə yuyulmur. Yəni pasiyent həkim kosmetoloqun yanından çıxanda evə üzündə kremşəkilli retinol maskası ilə gedir. Bu isə müəyyən dərəcədə narahatlıq hissi törədir. Üzündə sarı maska ilə insan arasında gəzmək psixoloji baxımdan o qədər də asan olmur.
İkigünlük pilinq 2 mərhələdə aparılır. Mərhələlərin hər biri 1 neçə saat davam edir. Bu da pasientdən sərbəst vaxt tələb edir.
Sarı pilinqə hazırlıq
Pilinq öncəsi hazırlıq retinol turşusunun dəriyə nüfuz etməsini asanlaşdırır, kimyəvi pilinqin effektivliyini artırır. Həkim ev şəraitində 1-2 həftə müddətində xüsusi vasitələrlə dəriyə qulluq edilməsini məsləhət görür.
Pilinq sonrası baxım
Prosedur başa çatdıqda dərini neytral sabunla təmizləmək lazımdır. Kəpək və qabıqlanmanın qarşısını almaq məqsədilə ilk 5-7 gün ərzində dəriyə vazelin və ya həkimin təyin etdiyi pilinqsonrası preparat sürtülür. Hiperpiqmintasiyaya yol verməmək üçün 1 ay günəşdən qoruyucu kremdən istifadə etmək gərəkdir.
Sarı pilinqə əks-göstərişlər
- Hamiləlik və laktasiya dövrü;
- Retinoidlərin (izotretinoin) qəbulu;
- Sadə herpes və dermatozların kəskinləşməsi;
- Çox həssas dəri;
- Hiperpiqmentasiyaya meyllik;
- Pilinq nahiyəsində iltihab;
- Rozasea;
- Retinol məhsullarının və adapalenin xaricə istifadəsi;
- Pilinq komponentlərinə fərdi allergiya, həssaslıq;
- Qaraciyər çatışmazlığı.
Sarı pilinqin fəsadları
Bəzi qadınlarda prosedurdan sonra üzdə şişkinlik, hiperpiqmentasiya, allergik reaksiyalar yarana bilər.
Sarı pilinq qiyməti
Birgünlük sarı pilinq qiyməti 50-70 AZN, ikigünlük formanın ödənişi isə 80-100 AZN-dir.