Rozasea

03 Dekabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 3767
Rozasea foto
3.5/5 - (2 səs)

Rozasea – üz dərisi kapilyarlarının genişlənməsi, papula, pustula, ödem və teleangiektaziyaların yaranması ilə xarakterizə olunur. Latın dilindən tərcümədə “çəhrayı sızanaq” deməkdir. Rozasea tez-tez residivləşən xroniki xəstəlik (dermatoz) hesab olunur.

Bu patologiya çox geniş yayılmışdır. Ona əsasən ağdərili qadınlarda təsadüf edilir. Xəstəlik 30-40 yaşlarda başlayır. 50 yaşda pik nöqtəyə (maksimal səviyyəyə) çatır.

Rozasea necə əmələ gəlir?

Rozaseanın inkişaf mexanizmi dərinin kiçik səthi arteriolalarında tonusun dəyişməsinə əsaslanır. Bu dəyişiklik bir sıra faktorlarla əlaqəlidir:

Ekzogen (xarici) faktorlar

  • Fiziki (günəş şüaları, isti, soyuq hava, tez-tez təkrarlanan kimyəvi pilinq);
  • Alimentar (alkoqol, qaynar içkilər, ədviyyatlar).

Endogen (daxili) faktorlar

  • Həzm traktının Helicobacter pylori tərəfindən törədilən patologiyaları (məsələn, qastrit, xora);
  • Üzdə gənə (demodekoz);
  • Dərinin infeksion xəstəlikləri;
  • Endokrin sistemin patologiyaları;
  • Orqanizmin immun statusunun dəyişməsi.

Rozasea foto 2

Rozasea özünü necə büruzə verir?

Klinik olaraq xəstəliyin bir neçə forması ayırd edilir:

  • Eritematoz – teleangioektatik rozasea. Bu zaman eritema daimi xarakter daşıyır. Yanaqların dərisində çoxsaylı teleangioektaziyalar (damar ulduzcuqları) müşahidə edilir.
  • Papulo-pustulyoz rozasea. Eritema fonunda papulalar (kiçik qabarcıqlar) formalaşır. Onlar əvvəlcə burun dərisində, burun-dodaq büküşlərində yerləşir. Zaman keçdikcə çənə və alın dərisinə yayılır. Papulalar zamanla pustulaya (irinli səpki) çevrilir. Xəstələrdə adətən dəridə infiltrasiya və şişkinlik nəzərə çarpır.
  • Fimatoz və ya papulyoz-düyünlü rozasea. Bu forma dəridə düyünlərin və lövhəciklərin inkişafı ilə xarakterizə olunur. Əksərən Avropoid irqindən olan kişilərdə müşahidə edilir. Kiçik ölçülü, çəhrayı-qırmızı səpkilər öz aralarında birləşərək, qruplar əmələ gətirirlər.
  • Rozaseanın göz forması. Blefarit (göz qapaqlarının iltihabı), konyunktivit, keratit (göz almasının buynuz qişasının iltihabı), irit (qüzehli qişanın iltihabı) və s. şəklində təzahür edir. Xəstələri fotofobiya (işıqdan qorxma), bulanıq görmə, gözlərin yaşarması, qaşınması və yad cisim hissi narahat edir. Oftalmoloji simptomlar rozasealı pasiyentlərin 50%-də qeydə alınır.

Rozasea foto 1

Rozaseanın differensial (fərqləndirici) diaqnostikası

Rozasea aşağıdakı xəstəliklərlə differensasiya olunmalıdır:

Rozasea necə müalicə olunur?

Müalicə sxemi xəstəliyin formasından və ağırlıq dərəcəsindən asılıdır.

Eritematoz-teleangioektatik forma  

Alfa-2 adrenergik reseptorların vazokonstriktor aqonisti olan Borminidin yerli tətbiqi müsbət nəticələr verir.

Papulo-pustulyoz forma

Müalicə yerli və sistem şəklində aparılır. Yüngül hallarda Metronidazol, Azelain turşusu, İvermektin yerli istifadə edilir. Metronidazol və Azelain turşusu mikrob və iltihab əleyhinə təsirlərə malikdir. Onlar dəriyə gündə 2 dəfə çəkilir. İvermektin isə sutkada 1 dəfə sürtülür. Onun antiparazitar və iltihabəleyhinə xüsusiyyətləri vardır.

Ənənəvi olaraq xəstəliyin orta-ağır və ağır gedişatında Tetrasiklin, Doksisiklin və ya Minosiklin gündə 1 dəfə 100 mq dozada daxilə qəbul olunur. Müalicə 4 həftə davam edir. Xəstəliyin refrakter (müalicəyə çətin tabe olan) gedişatında İzotretinoin təyin olunur.

Fimatoz rozasea 

Erkən dövrlərdə İzotretinoin peroral (ağızdan) qəbul edilir. Gecikmiş mərhələlərdə isə lazer terapiyası və ya cərrahi müdaxiləyə ehtiyac yaranır.

Xülasə

Yuxarıda qeyd olunan formada səpkilərlə qarşılaşdıqda, mütləq dəri həkiminə, yəni dermatoloqa müraciət edin. Müalicəyə nə qədər tez başlasanız, xəstəliyin qarşısını almaq bir o qədər asan olacaq.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.5/5 - (2 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir