İşıq dolğusu

İşıq dolğusu (gözaltı işıq dolğusu) göz altının yorğun və batıq görünüşünü, gözaltı qaraları kənarlaşdırmaq üçündür. Bu məqsədlə adətən hialuron turşusu tərkibli dolğulara üstünlük verilir. Gözaltı nahiyəsi torbalanmağa meylli şəxslərdə dolğu ilə mükəmməl nəticələr alınır.
Bəzən gözaltı çuxurlarla bərabər yanaqların sallanması da müşahidə olunur. Belə şəxslərdə prosedur yanaq dolğusu ilə birlikdə aparılır.
İşıq dolğusu haqqında daha ətraflı
Prosedurdan sonra effekt dərhal nəzərə çarpır. Lakin yekun nəticə 1 ay müddətində ortaya çıxır. Gözaltı nahiyə anatomik baxımdan çox həssas bölgədir. Ona görə də bu prosedur təcrübəli həkim-kosmetoloq tərəfindən icra edilməlidir. Skin fillerin, yəni dolğunun dozası fərdi qaydada seçilir.
İşıq dolğusu necə aparılır?
Prosedur əsnasında filler digər dolğular kimi dəri altına deyil, sümüyün üzərini tutacaq formada yeridilir. İnyeksiya minimal hərəkətlərlə, həm də ehtiyatla edilir. Dolğu kanyula ilə yeridilir. Prosedur 15-20 dəqiqə davam edir.
Dolğunun tərkibində anestetik olduğundan prosedurdan sonra ağrı hissi yaranmır. Bəzi qadınlarda inyeksiya yerlərində göyərmə və şişkinlik müşahidə olunur.
İşıq dolğusuna göstərişlər
Bir sıra insanlarda yaş və ya anatomik quruluşla əlaqədar gözaltı nahiyə tünd rəngli, hətta qara olub, içəri batır. Bu da onları yaşlı və yorğun göstərir. Həmin şəxslərə işıq dolğusu tətbiq edildikdə gözətrafı qaralar, çökəkliklər itir, dəri sağlam, gümrah və parlaq şəkil alır.
İşıq dolğusu preparatını seçərkən nələrə diqqət etməli?
Hialuron turşusu zamanla sorulan maddədir. Gələcəkdə dolğu ilə bağlı hər hansısa problem yaşanarsa, onu hialuronidaza ilə əritmək mümkündür. İstifadə edilən hialuron turşusunun strukturu gözaltına uyğun olmalıdır.
Qatı konsentrasiyalı dolğu bir neçə gün sonra suyu özünə çəkərək şişə, eləcə də həmin hissəyə ödemli görünüş verə bilər. Belə hallarda dəri mavi-yaşıl rəngə boyana bilir. Buna görə də istənilən dolğunu göz altına vurmaq olmaz. Qeyd olunan nahiyə üçün nəzərdə tutulan xüsusi preparatlar vardır.
İşıq dolğusundan sonra tövsiyələr
Prosedurdan sonra inyeksiya nahiyəsinə buz qoyulur. Birinci gün hamam və saunaya getmək qadağandır. İlk 2 gün ərzində çoxsaylı mimik hərəkətlərdən, gülməkdən çəkinmək lazımdır. 1 həftə müddətində idman məşqləri təxirə salınmalıdır.
İşıq dolğusuna əks-göstərişlər
Hamilə və süd verən qadınlara bu prosedur əks-göstərişdir. Həmçinin psoriaz, ekzema, rozasea və digər iltihabi dəri xəstəliklərində işıq dolğusu tövsiyə edilmir.
İşıq dolğusu qiyməti
Prosedurun qiyməti preparatdan asılıdır. Fillerin 1 qramı 170-250 AZN arasında dəyişir.
Xülasə
İşıq dolğusu üçün preparatlar müxtəlifdir. Onlar dəri tipinə, gözaltı nahiyənin quruluşuna və büdcəyə uyğun seçilir. Nəticənin effektiv olması üçün peşəkar mütəxəssisə müraciət edin.
Salam hekim. Menim 27 yasim var. Usaqliqdan mende gozalti beledir. Kisilere edilir bu proses? Ve qaliciliq muddeti bitdikden sonra nolur?
Salam. Bəli, kişilərə də olunur. Təsiri bitdikdən sonra əvvəlki vəziyyətə qayıdır.
Neçə yaşdan etmək məsləhətdir?
Salam. 18 yaşdan yuxarı şəxslərə olar.