Qırışlara qarşı yağlar
Yaş ötdükcə üzdə qırışlar nəzərə çarpır. Xüsusilə zərif cinsin nümayəndələri bu məsələyə çox həssas yanaşırlar. Müasir dövrdə əksər qadınlar qırışlar üçün maskalarla yanaşı, bir sıra profilaktik tədbirlərə əl atırlar. Bu məqsədlə davamlı şəkildə dəriyə qulluq üçün maskalardan istifadə edirlər. Yaşla bağlı dəyişikliklər üzə çıxdıqda dərinin tonusunu bərpa etmək üçün maskalarla bərabər qırışlara qarşı yağlar da effektiv sayılır.
Qırışlara qarşı yağlar necə seçilir?
Efir yağları dərinin cavanlaşmasında əvəzolunmaz təbii vasitələrdir. Düzgün seçilmiş yağlar vasitəsilə dəriyə qulluq etməklə mükəmməl nəticələr almaq mümkündür.
Qırışlara qarşı ən yaxşı yağlar aşağıdakılardır:
Qızılgül efiri – qocalmış və sallanmış dəriyə tonuslandırıcı təsir göstərir. Dərinin elastikliyini bərpa edir. Nəmləndirici xüusiyyətə malikdir.
Ladan efiri – ləkələrə qarşı üz maskalarında ən çox istifadə edilən efir yağıdır. Piqment ləkələri ilə yanaşı üzdəki qırışlarla da mübarizə aparır. Dərini hamarlaşdırır, nəmləndirir və qidalandırır. Qısa müddət ərzində səthi qırışlardan qurtulmağa kömək edir.
Mirra efiri – daha çox yetkin dəriyə (+55 yaş) uyğundur. Mimik qırışlara qarşı və quru dəriyə qulluqda mükəmməl vasitədir.
Rozmarin efiri – hüceyrələrin yenilənmə prosesini sürətləndirir. Bu xüsusiyyəti sayəsində yetkin və quru dərinin vəziyyətini yaxşılaşdırır, kiçik qırışları hamarlaşdırır. Üzdə qan dövranını normaya salır, dəriyə hamarlıq və parlaqlıq bəxş edir.
Palmaroza efiri – günəş şüalarının təsirindən dərinin fotoyaşlanması zamanı istifadə olunur. İltihabəleyhinə və yarasağaldıcı təsir göstərir.
Razyana yağı – dərini təmizləyir, sakitləşdirir, tonuslandırır. Qırışların yaranmasını ləngidir.
Çəhrayı ağac yağı – yeni dəri hüceyrələrinin yaranmasını stimullaşdırır, qocalma proseslərini zəiflədir.
Portağal çiçəyi yağı – hüceyrələri stimulə edir, zədələnmiş kapilyarları bərpa edir. Bu komponent üz dartma maskalarının hazırlanmasında geniş formada tətbiq edilir.
Paçuli yağı – dəridəki iltihabı azaldır. Dəri örtüyünün yenilənməsini sürətləndirir.
Qırışlara qarşı yağlar necə istifadə edilir?
- Efir yağını durulaşdırmadan üz dərinizə çəkməyin;
- Yalnız 100% təbii yağlardan istifadə edin. Sintetik yağlar arzuolunan effekti verməməklə yanaşı, həm də dərinizə ziyandır;
- Yeni efir yağını tətbiq etməzdən öncə allergiya testi ilə yoxlayın. Yağdan kiçik bir hissə götürüb, əlinizin üstünə sürtün və 15 dəqiqə gözləyin. Səpki, qaşınma yaranmadıqda üzünüzə çəkə bilərsiniz;
- Yağın selikli qişalara düşməsindən çəkinin. Sürtərkən ehtiyatlı olun.
Qırışlara qarşı baza yağları
Qırışlarla mübarizədə bir neçə yağın qarışığından istifadə edilir. Maskaya efir yağı ilə yanaşı baza yağlar qatılır. Bu tip yağlara kosmetik vasitələrin tərkibində də rast gəlinir.
Qırışlara qarşı ən yaxşı baza yağlara avokado, kök, meşə fındığı, jojoba, makadami, arqan, itburnu, üzüm çəyirdəyi yağı aiddir.
Avokado yağı – xüsusilə quru dəri üçün faydalıdır. Yağ dəri örtüyünün üst qatlarına nüfuz edərək, onu nəmləndirir. Həmçinin bu yağın müalicəvi təsirləri də vardır. Mütəxəssislərin fikrincə avokado yağı qırışlara qarşı təbii vasitələr sırasında öndə dayanır.
Kök toxumları yağı – qocalma prosesini ləngidir. Bu məhsul beta-karotin, B, C, D vitaminləri, əvəzolunmayan yağ turşuları ilə zəngindir. Çatlamış, quru və qırışmış dəri üçün faydalıdır.
Meşə fındığı yağı – yeni hüceyrələrin əmələ gəlməsini stimulə edir. Gözaltı dərini nəmləndirir, şişkinliyi aradan qaldırır. Gözaltı qaralar və göz altı qırışlar üçün maskaların tərkib hissəsini təşkil edir.
Jojoba və üzüm çəyirdəyi yağları – dərini nəmləndirir, qidalandırır. Onlar əsasən yağlı dəriyə uyğun gəlir.
Qırışlara qarşı yağlar əsasında maska reseptləri
Resept №1
Hərəsindən 2 damcı olmaqla neroli, lavanda, ladan, razyana, rozmarin yağları + 3 damcı limon + hər birindən 10 damcı kök və enoter + 30 ml şirin badam yağı
Resept №2
Hərəsindən 2 damcı götürməklə ladan, portağal çiçəyi, qızılgül, mirra + 30 ml şirin badam yağı
Bütün inqrediyentlər qarışdırılır, hər gün problemli nahiyələrə çəkilir.
Resept №3
Hər birindən 2 damcı olmaqla portağal çiçəyi, çəhrayı ağac + 20 ml avakado yağı
Yağlar şüşə flakonda qarışdırılır. Bu maska qırışlara qarşı krem əvəzinə istifadə edilə bilər.
Resept №4
Hərəsindən 2 damcı sandal, qızılgül, palmaroza + hər birindən 30 ml olmaqla avakado, üzüm çəyirdəyi yağı + 10 damcı E vitamini
Bütün yağlar eyni flakonda qarışdırılır. Gündə 1-2 dəfə problemli yerlərə çəkilir.
Gözaltı qırışlara qarşı yağlar: Resept №5
Hər birindən 2 damcı olmaqla çobanyastığı və lavanda + 3 damcı kök +2 xörək qaşığı aspir yağı
Bütün yağlar kiçik şüşədə qarışdırılır. Yatmazdan öncə problemli nahiyəyə çəkilir.
Əldəki qırışlara qarşı yağlar: Resept №6
10 damcı paçuli + 5 damcı rozmarin + 5 damcı çəhrayı ağac + 10 ml avakado + 10 ml üzüm çəyirdəyi yağları
Yağlar qarışdırılır, əl kremi əvəzinə çəkilir.
Xülasə
Qeyd olunan yağlar və reseptlər tamamilə zərərsizdir. Hər hansı bir yağa qarşı allergiyanız varsa, ondan istifadə etməyin.