Qırışlar üçün maskalar
Üzdə qırışların yaranması insanın yaşını büruzə verən əlamətlərdəndir. Bu hal əhvalınızı pozursa, qırışlar üçün maskalar hazırlayıb, dərinin qocalma prosesini ləngidə bilərsiniz. Ev şəraitində üz maskaları həm büdcənizə, həm də dərinizə faydalı olacaqdır.
Qırışlar üçün bananlı maskalar
Bananın tərkibindəki E vitamini sayəsində dəri hüceyrələri yenilənir, üz cavanlaşır. Bu məqsədlə 1 ədəd yetişmiş bananı blenderdən keçirib, püre halına gətirin. Əgər üzünüzdə kosmetika varsa, maskanı yalnız makiyajı təmizlədikdən sonra çəkin. 30 dəqiqə gözləyib, yuyun. Həftədə 1 dəfə tətbiq etdikdə dəridəki kiçik qırışlar açılır, üz relyefi tədricən hamarlaşır.
Qırışlar üçün mayalı maskalar
İnqrediyentlər
- 1 fincan ilıq su
- 1 paket yaş maya
Mayanı ilıq suda əridin. Kreməbənzər konsistensiya əldə edildikdə üzünüzə çəkin. 30 dəqiqənin tamamında ilıq su ilə yuyun. Mayanın tərkibindəki faydalı elementlər dərinizi tonusda saxlamağa kömək edəcək.
Qırışlar üçün tonuslandırıcı effektli maskalar
Tərkibi
- 4 xörək qaşığı ilıq süd
- 2 xörək qaşığı yulaf
Yulafı ilıq süddə əzin. Saçlarınızı toplayıb, maskanı üz dərisiniə tam şəkildə hopdurun. 30 dəqiqədən sonra ilıq su ilə təmizləyin. Yulaflı maska ölü hüceyrələri kənarlaşdırır, yenilərinin əmələ gəlməsinə şərait yaradır. Dəriniz nəfəs aldıqca qırışların formalaşması ləngiyir
Qırışlar üçün qatıqlı maskalar
İnqrediyentlər
- 2 xörək qaşığı qatıq
- 1 xörək qaşığı limon suyu
Qatıq və limonu yaxşıca qarışdırın. Gözətrafı nahiyə daxil olmaqla bütün üz dərinizə sürtün. 15 dəqiqədən sonra yuyun. Limonun təmizləyici, qatığın nəmləndirici təsiri sayəsində dəridəki qırışlar açılır. Bu qarışığın üz dartma maskaları kimi dərinizə liftinq təsiri də vardır.
Qırışlar üçün vitamin tərkibli maskalar
İnqrediyentlər
- 1 ədəd orta böyüklükdə xiyar
- 1 ədəd yumurtanın ağı
Xiyarı blenderdən keçirdin. Püre halına gəlmiş xiyarın üzərinə yumurta ağı əlavə edib, bir daha əzin. Kreməbənzər qatılıqda olan yaşıl rəngli maskanı müntəzəm formada tətbiq edin. Dərinizin sallanmasına və qırışmasına yol verməmək üçün həftədə 1 dəfə istifadə edin.
Qırışlara qarşı antioksidant təsirli maskalar
Tərkibi
- 6 ədəd təzə qara üzüm
- nəmləndirici krem
Üzümlərin suyunu sıxıb, onu tonik kimi dərinizə çəkin. Üzümün antioksidant və tonuslandırıcı xüsusiyyətləri dərinin qocalmasına mane olur. Göz kənarlarındakı kiçik qırışları da bu maska ilə açmaq mümkündür. Tonikin üzərindən dərinizə nəmləndirici krem sürtün.
Xülasə
Mütəxəssislərin fikrincə qırışlar üçün maskalar 32-33 yaşdan etibarən tətbiq olunmalıdır.