Saç tökülməsinin səbəbləri

23 Dekabr 2019 Kateqoriya: Saç tökülməsi Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1500
Saç tökülməsinin səbəbləri foto
4/5 - (2 səs)

Saçların seyrəkləşməsi müxtəlif faktorlardan qaynaqlanır. Saç tökülməsinin səbəbləri həm xarici, həm də daxili amillərlə bağlı ola bilər. Bu hal müntəzəm qaydada təkrarlanırsa, dermatoloqa və ya trixoloqa müraciət etmək lazımdır.

Saçların tökülməsi normaldırmı?

Gündə orta hesabla 100-150 ədəd tel tökülür. Bu tam normal haldır. Hormonal və qidalanma faktorları, kimyəvi maddələrin təsiri, genetik meyllik, dərman preparatları, psixoloji stress və dəri xəstəlikləri ilə əlaqədar saçlar tökülə bilər. Belə vəziyyətlər 2 aya qədər davam edə bilər.

İldə 3 dəfə olmaqla 2 aydan çox sürən tökülmə bəzi ciddi xəstəliklərə işarə verə bilər. Müayinə prosesində üzə çıxarılan faktor aradan qaldırıldıqdan sonra tökülmə 6-12 ay ərzində dayanır.

Saç tökülməsinin səbəbləri foto 1

Saç tökülməsinin səbəbləri ilə tanış olun

Ümumiyyətlə, tükün müəyyən bir yaşama dövrü vardır. Bu müddət 4-6 ildir. Vaxt başa çatdıqda tük uzanmır, daha sonra isə tökülür. Əgər saçınıza əl çəkdikdə 4-7 və daha çox tel tökülürsə, bu hala laqeyd yanaşmamalısınız.

Saç tökülməsinin səbəbləri – genetik faktorlar

Kişilərdə erkən yaşda müşahidə olunan keçəllik adətən genetikdir. Belə hallara cəmiyyətin 50%-də rastlanır. Erkən yaşlarda başlanan keçəlliyi mezoterapiya, PRP terapiya ilə ləngitmək mümkündür.

Bu tərzdə saç tökülməsi qadınlarda da müşahidə olunur. Xüsusilə ailə üzvlərində dazlaşma problemi olan insanlarda erkən yaşda saçların tökülmə ehtimalı yüksəlir. Bəzən bu, 18 yaşdan başlaya bilər. Həmin pasiyentlərdə yuxarıda qeyd edilən müalicə növləri ilə yanaşı, hormonal dəstəyə də ehtiyac yaranır.

Saç tökülməsinin səbəbləri – dəri problemləri

Dəri problemləri və daxili xəstəliklər tədricən keçəlliyə gətirib çıxara bilər. Dəri xəstəlikləri ilə əlaqəli tökülmələrin əksəriyyəti xəstəliklərin baş dərisinə təsiri nəticəsində ortaya çıxır.

Psoriaz, ekzema, akne, dəmirov, həddindən artıq yağlanan dəri, göbələk xəstəliyi kimi patologiyalarda tük follikulu zədələnərsə, tökülmə qaçılmaz olur. Bu tip keçəlliyin müalicəsi xəstəliyin kənarlaşdırılması ilə mümkündür.

Saç tökülməsinin səbəbləri foto 2

Saç tökülməsinin səbəbləri – qeyri-düzgün qidalanma vərdişləri

Balanslaşdırılmamış qidalanma tərzi saçların tökülməsi ilə müşayiət olunur. Uzun müddətli pəhrizlər, rasionda karbohidratların üstünlük təşkil etməsi tük follikullarının strukturunu pozur və saçlar tökülür. Müalicəsi çox sadədir: sağlam, düzgün və müntəzəm qidalanma.

Vitamin və mineral çatışmazlığı

Orqanizmdə B12, D vitaminləri, fol turşusu, biotin, sink və dəmir defisitində tük follikulları normal qidalanmır, saçlar seyrəkləşir.

Saç tökülməsinin hormonal səbəbləri

Hormonal fonun dəyişməsi, aybaşı pozğunluğu, sürətli çəki artımı saçların tökülməsi ilə müşayiət olunur. Bu problemlərin mənşəyini kompleks müayinə ilə aydınlaşdırıb, müalicə etdikdə nəticə müsbət olur.

Saç tökülməsinin səbəbləri – xəstəliklər və dərman preparatları

Zob, revmatizm, hormon qəbulu, böyrəküstü vəzin xəstəlikləri, insulin rezistentliyi, şəkərli diabet saçın seyrəkləşməsinə gətirib çıxarır. Həmçinin arıqlamaq üçün dərmanlar, kontraseptivlər, cərrahi əməliyyatlar, güclü travma, qan itkisi də saçın sürətli tökülməsinə səbəb olur.

Saç tökülməsinin səbəbləri foto 3

Saçların tökülməsinin səbəbləri – hamiləlik   

Sadalanan amillərlə bərabər hamiləli dövründə hormonal dəyişikliklər və vitamin çatışmazlığı ilə əlaqədar saçlar zəifləyə bilər. Bəzi qadınlarda doğuşdan 2-3 ay sonra güclü tökülmə baş verir.

Gözəl görünmək istəyi

Kosmetoloji vərdişlərin artması mexaniki, kimyəvi və fiziki səbəblərdən saç tökülməsinə səbəb olan faktorlardandır. Yəni saçları kip yığmaq, fenlə yüksək temperatura məruz qoymaq, boyalar, rəng açıcılar, qaynaq, tüklərə zərər yetirir. Bu halda bəzi bərpaedici, qidalandırıcı, saç tökülməsinə qarşı maskaları evdə hazırlayıb, tökülməni azaltmaq mümkündür.

Saç tökülməsinin səbəbləri – stress və depressiya

Daimi stress, depressiya, psixozlar və eləcə də onların müalicəsi zamanı qəbul edilən dərmanlar saçları zədələyə bilər.

Xülasə

Məqalədə Sizi saç tökülməsinin səbəbləri ilə tanış etdik. Tüklərin qırılması, zəifləməsi və seyrəlməsi ilə rastlaşdıqda vaxt itirmədən tədbir görün.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4/5 - (2 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir