Saç tökülməsinə qarşı maskalar
Saç tökülməsinin səbəbləri xarici və daxili olmaqla 2 qrupa bölünür. Xarici amillərə günəş şüaları, kosmetik vasitələr, saç boyaları, fenin təsiri aiddir. Daxili amillərə sırasına xəstəliklər, irsi faktor, hormonal pozğunluqlar, vitamin-mineral çatışmazlığı, bəzi dəri patologiyaları (psoriaz, dəmirov və s.) aiddir.
Saç tökülməsi xəstəlik səbəbindən baş verirsə, mütləq həkimə gedib, müalicə olunmaq lazımdır. Qeyri-düzgün qidalanma, müxtəlif kosmetoloji prosedurlar fonunda seyrəlmə zamanı saç tökülməsinə qarşı maskalar effektiv sayılır.
Saçların tökülməsinə qarşı qatıqlı maskalar
Qatığın tərkibindəki D, B1, B6, B12,C vitaminləri, kalsium və zülallar saçları qidalandırır və möhkəmləndirir.
İnqrediyentlər
- 1 stəkan qatıq
- 2 xör.qaş. alma sirkəsi
- 2 xör.qaş. bal
Komponentləri qarışdırın. Maskanı saç köklərindən uclara doğru çəkin. Baş dərisinə masaj hərəkətlərilə yeridin. 15 dəqiqə saxlayın, soyuq su ilə yuyun.
Qeyd: maska təmiz saça çəkilməlidir.
Yumurta ilə saç tökülməsinə qarşı maskalar
Yumurta protein və amin turşusu ilə zəngin məhsuldur. Zülallarla yanaşı bir sıra yağ turşuları, A, D, E vitaminləri və kükürd yumurtanın faydalı təsirlərini artırır. Saç üçün yumurta maskası tükləri möhkəmləndirir, uzadır, nəmləndirir, qidalandırır.
Tərkibi
- 1 stəkan süd
- 4 xör.qaş. limon suyu
- 4 xör.qaş. zeytun yağı
- 1 ədəd yumurta
Məhsulları yaxşıca qarışdırıb, təmiz saça masaj hərəkətləri ilə yeridin. 20 dəqiqə saxlayıb, soyuq su ilə yaxalayın.
Saç tökülməsinə qarşı bibəriyyəli maskalar
Bibəriyyə (rozmarin) antiseptik təsirli bitkidir. O, baş dərisinin qan dövranını sürətləndirir, saçların daha çox qidalanmasını təmin edir və tökülməsini əngəlləyir. Xüsusilə seyrək saçları möhkəmləndirir, tüklərin daha sağlam görünməsinə yardımçı olur. Antiseptik təsiri sayəsində kəpəklənmənin qarşısını alır, saçları nəmləndirir. Bibəriyyə güclü yağ olduğundan kokos, lavanda, nanə və ya zeytun yağı ilə birlikdə istifadə olunmalıdır.
İnqrediyentlər
- 4 damcı bibəriyyə yağı
- 4 x.q. yuxarıda qeyd olunan əlavə yağ (kokos, nanə və s.)
Yağları qarışdırıb, isidin. Ancaq diqqət edin ki, çox isti olmasın. Saçlarınızı hissələrə ayırıb, tüklərin dibinə və saç uclarına sürtün. 10 dəqiqədən sonra başınıza isti dəsmal bağlayıb, yarım saat gözləyin. Vaxt tamam olduqda saçlarınızı soyuq su ilə yaxalayın.
Saç tökülməsi üçün maskalar mütəmadi qaydada istifadə edilməlidir.
Xülasə
Tətbiq etdiyiniz saç tökülməsinə qarşı maskalar effektiv olmazsa trixoloq, dermatoloq (dəri həkimi) tərəfindən müayinə olunmağınız məsləhətdir.